“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
İnanın, bu bizim ən ağrılı yerimizdir. Hökumətin hesabatı zamanı həmişə bu məsələlərə toxunuruq. Hətta Əli Məsimovla birlikdə maliyyə nəzarəti haqda qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğuladıq. Çünki dövlət büdcəsinin xərc hissəsinə nəzarət mexanizmi yoxdur.
MÜSAHİBƏ Xəbəri
Mərkəzi Bankın İdarə Heyətinin fevral 21-də verdiyi milli valyutanın devalvasiyası qərarı sosial-iqtisadi həyata ciddi təsir edib. Qərarın hər bir azərbaycanlı ailəsinin büdcəsinə təsiri barədə ictimaiyyətin müxtəlif təbəqələrindən eşidilir. Millət vəkili Vahid Əhmədovla söhbətimizdə bu və ya digər məqamlara toxunmağa çalışdıq.
- Vahid müəllim, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral qərarına ilk etiraz edən millət vəkili siz oldunuz. Mən etirazınıza qayıtmaq istəmirəm, o, artıq keçmişdə qaldı. Sualım belədir: 21 fevral qərarı Azərbaycanın sosial-iqtisadi həyatında nəyi dəyişdi? Mənfi və müsbət mənada.
- Ümumiyyətlə, Mərkəzi Bankın 21 fevral qərarı bizim üçün bu səviyyədə gözlənilən deyildi. Gəlin, 21 fevrala qədər olan xronologiyaya baxaq. Birinci, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov xarici mətbuata müsahibə verir və Azərbaycan manatının qorunub saxlanıldığını, yalnız yumşaq devalvasiyanın mümkünlüyünü deyir. İkinci, dövlət başçısı İlham Əliyev regionların iqtisadi inkişaf proqramı çərçivəsində keçirilən müşavirədə 1 manatın 1 avro səviyyəsinə çatdırılacağını bildirir. Artıq manatın devalvasiyasının labüd olduğu sezilir. Üçüncü, fevralın 16-da Elman Rüstəmov Az.TV-də çıxışı zamanı bildirir ki, manatın devalvasiyasına heç bir ehtiyac yoxdur, çünki kifayət qədər ehtiyatlar var və bu, milli valyutanı qoruyub saxlayacaq. Ancaq 17 fevralda insanlarda müəyyən qədər çaşqınlıq yaranır. 21 fevral səhəri isə gözlənilmədən milli valyutanın 34 faiz ucuzlaşdığı barədə rəsmi məlumat yayılır. Bu, ciddi addım idi və biz onu gözləyirdik. Amma bu cür yox, yumşaq devalvasiyanı gözləyirdik. Bütün hallarda hesab edirdim ki, hökumət mövcud vəziyyəti nəzərə alaraq 2014-cü ilin əvvəlindən yumşaq devalvasiyaya keçməliydi. - Yəni neftin qiymətinin hələ yüksək olan dövründə?
- Bəli. Artıq həmin vaxt neftin qiymətində problemlər yaranırdı. O zaman Milli Məclisdə dövlət büdcəsi müzakirə olunarkən biz neftin qiymətinin 90 dollar götürülməsinin düzgün olmadığını qeyd etdik. Gərək aşağı qiymət götürülərdi, sonra yenidən büdcəyə baxa bilərdik, mən və Əli Məsimov belə təklif etdik. Ancaq təklifimizi qəbul etməyənlər neftin qiymətinin 90 dollardan aşağı düşməyəcəyini deyirdilər, sonrakı gerçəklik tamam fərqli mənzərə yaratdı. Bax, sadaladıqlarıma görə manatın yumşaq şəkildə devalvasiya olunmasını istəyirdik ki, insanlar əziyyət çəkməsin, banklarda ciddi problemlər yaranmasın. Əgər devalvasiya qərarı 2014-cü ildə verilsəydi, indiki narahatlıq yaranmazdı. Yanvar-fevral aylarında mənim Mərkəzi Bankın rəhbərliyi ilə bir neçə danışığım oldu, həftədə 2 dəfə danışırdıq, onlar manatın yumşaq devalvasiya olunacağına əmin edirdilər. Ən yüksək halda 87-90 qəpik səviyyəsində olacağını deyirdilər. Ancaq birdən-birə manat 34 faiz devalvasiya olundu. - Qayıdaq sualımıza, qərarın sosial-iqtisadi həyata təsirindən...
- 21 fevral qərarının ixracı stimullaşdıracağını deyirlər. Mən razıyam, çünki milli valyuta nə qədər ucuz olursa, ixrac yönümlü məhsulların qiyməti bir o qədər artır. Amma Azərbaycan iqtisadiyyatında ixracın tərkibinə baxaq, onun 92 faizi neft-qazdan asılıdır, qalan 8 faizi isə kənd təsərrüfatı məhsulları və digər məmulatlardır. Biz 1 il ərzində ixracı stimullaşdıra bilmərik. Söhbət sənaye sahələrinin yaradılması, kənd təsərrüfatının stimullaşdırılmasından gedir, ixrac yönümlü məhsulların artırılması üçün illərlə zaman lazımdır. Gəlin görək, 21 fevral qərarı Azərbaycana nə verəcək? Birincisi, qərar vətəndaşlarda çox ciddi gərginlik yaratdı. Manat 34 faiz devalvasiyaya uğradısa, insanların banklardakı əmanəti də bir o qədər devalvasiyaya uğradı. Söhbət manatla olan əmanətlərdən gedir. Nəzərə alın ki, aşağı və orta təbəqənin əmanətlərinin hamısı manatladır. 2014-cü ildə də manatla olan əmanətlər 14 faiz artmışdı. Ümumi əmanətlər 12 faiz artmışdısa, manatla olan əmanətlərdə bu rəqəm 14 faiz idi. İkinci, dollarla kifayət qədər kredit götürən insanlar var- həm sahibkarlar, həm də hüquqi-fiziki şəxslər. Bu insanlar 33 faiz uduzdular. Təəssüf ki, Mərkəzi Bank dollarla kredit götürən insanların hansı məbləğdə faizlərini qaytarması barədə izahat verməyib. Hazırda banklarla sahibkarlar arasında ciddi mübahisələr var, mənə müraciət edib müqavilələrini göstəriblər. Ümumiyyətlə, sahibkarlara məsləhət görərdim ki, banklarla müqavilə bağlayanda diqqətlə oxusunlar. Əgər müqaviləyə məzənnə siyasəti ilə əlaqədar heç bir bənd əlavə edilməyibsə, bankın onun qarşısında yeni məzənnə əsasında tələb qoymağa ixtiyarı yoxdur. Əksi olanda, yəni müqavilədə deyilən bənd varsa, tələb qoyula bilər. Ona görə hüquqi-fiziki şəxslər bu məsələyə mütləq diqqət yetirməlidirlər. Son hadisələr isə ümumiyyətlə neftin qiymətinin enməsi ilə bağlıdır. - Neftin qiyməti martın 14-də 54 dollara düşüb...
- Bəli. Biz isə neftin qiymətini 60-65 dollar səviyyəsində götürürük. Amma həm büdcə, həm də Dövlət Neft Fondu neftin qiymətinin düşməsindən ziyan görəcək. Bir daha deyirəm: devalvasiya lazım idi, ancaq yumşaq şəkildə, 34 faiz yox. Neftin qiymətinin düşməsi isə Azərbaycanın ehtiyatlarına ciddi təsir edəcək. Söhbət Neft Fondundan gedir. Mərkəzi Bankın devalvasiyaya qədər 15 milyard dollar ehtiyatı vardı, amma 21 fevrala qədər 2 milyard azaldı. Proses ilin sonuna qədər davam etsəydi, Mərkəzi Bankın ehtiyatı qalmazdı, bu da düşündürücü məsələdir. Ona görə hökumət iki məsələni həll etməlidir- ərzaq məhsullarının və dərmanların qiyməti. Dərmanlar da insanlara ərzaq qədər lazımdır. Qiymət deyəndə, söhbət həm subyektiv, həm də obyektiv qiymətlərdən gedir. Azərbaycanda istehsal olunan məhsulların ticarəti manatla getdiyindən ciddi artım hiss etməməliyik. Amma çox təəssüflər ki, dükan və bazarlarda qiymət artımı hiss olunur. Ona görə hökumət və Antiinhisar Departamenti qiymət artımının qarşısını almalıdır ki, subyektiv qiymətlər fəaliyyət göstərsin, obyektiv qiymətlər olmasın. Dövlət başçısının da bununla bağlı xüsusi göstərişi var. - Ancaq “Azərsun”un prezidenti Abdulbarə Gözəl qiymət artımının qaçılmaz olduğunu dedi...
- O məsələyə gələcəm. Hamı başa düşür ki, milli valyuta devalvasiyaya uğradığı üçün qiymət artımı da olacaq. Müəyyən qədər inzibati yollarla bunun qarşısını 1 ay almaq olar, amma sonra mümkün deyil. O cümlədən, Azərbaycan bazarının 60 faizini ərzaqla təmin edən “Azərsun”... 21 fevraldan bir neçə gün sonra şirkətin rəsmisi heç bir qiymət artımının olmayacağını və buna yol verilməyəcəyini demişdi. Amma 4 gün əvvəl Abdulbarı Gözəl fərqli fikir işlətdi, qiymət artımının mütləq olacağını və Azərbaycanda istehsal olunan məhsulların 15-17 faiz artacağını söylədi. Biz də qiymətin artmasını başa düşürük, “Azərsun”un istehsal etdiyi məhsulların müəyyən hissəsi həm xaricdən gətirilir, həm də bəzi məhsullarının xammalı xaricdən alınır. Bu mənada qiymət artımının qarşısını almaq mümkün deyil. Mən subyektiv və obyektiv qiymətlər məsələsinə toxundum, əgər xaricdən xammalın müəyyən hissəsini gətirirsənsə, qiymət 30 faiz artırıla bilməz. - Amma dərmanların qiymətlərinin artması qaçılmazdır...
- Elə dərmanlar var ki, onlar Azərbaycanda istehsal olunur. Ancaq əksəriyyəti xaricdən gətirildiyindən qiymət artacaq. Bu yaxınlarda dərman preparatlarının qiymətlərinin tənzimlənməsi haqqında qanun qəbul etdik, Nazirlər Kabineti bununla bağlı qaydalar hazırlayıb qərar verməlidir. Hesab edirəm ki, dərmanların qiymətinin yuxarı həddi müəyyən edilməlidir. Şəhərin mərkəzindəki aptekdə 25 manata satılan dərman kənarda 15 manata satılır, bu, yolverilməzdir. Hökumət qiymət qoymalı və Səhiyyə Nazirliyi yuxarı həddə nəzarət etməlidir. Həm də mətbuatda qiymətlər barədə məlumat verilməlidir. - Həmkarınız Hadı Rəcəbli vaxtilə Polşada olan “şok terapiya”nı əsas gətirib 21 fevral qərarının labüd olduğunu və Azərbaycanın da həmin mərhələni keçməsinin vacibliyini vurğulayıb. Bu barədə nə düşünürsünüz?
- Hadı Rəcəbli kifayət qədər savadlı adamdır və onun savadına şübhə etmirəm. Mən iqtisadçıyam və müstəqillik dövründə bu təlatümləri çox yaşamışam. Hələ “şok terapiya”nın qısa müddət üçün ciddi nəticələr verdiyini görməmişəm. Yalnız uzun zaman üçün hesablanan addımdır. Əlbəttə, neftin qiymətində problem olmasaydı, Azərbaycanın milli valyutası devalvasiyaya uğramazdı. Bəli, hökumət 21 fevral qərarı ilə ixracın stimullaşacağını əsas götürür, amma bunun üçün vaxt lazımdır ki, müəyyən sənaye və kənd təsərrüfatı sahələri inkişaf etsin. Ona görə “şok terapiya”ya ehtiyac yox idi, sadəcə, zamanında bu prosesə tədricən start verilməliydi. - Prezident Bakı Vergilər Departamenti və Torpaq və Xəritəçəkmə Komitəsini ləğv etsə də, bunun ardı gəlmədi, hökumət manatın devalvasiyasına getdi. Ancaq bu gün struktur islahatlarından danışılır. Qubad İbadoğlu da 13 nazirliyin qalmasının zəruriliyindən danışır. Siz deyilənlərlə razısınızmı?
- Müstəqilliyimizdən 24 il ötüb və müəyyən şeylərə nail olmuşuq. Dövlət siyasi-iqtisadi baxımdan sabitlik əldə edib. Bu baxımdan struktur dəyişikliklərinə ehtiyac var. - Məsələn, hansı sahələrdə?
- İndi bu barədə konkret danışa bilmərəm. Çünki hansı sahələrdə buna ehtiyac olduğunu müəyyənləşdirmək üçün çox böyük analizlər aparılmalıdır. Məsələn, ASAN-Xidmət Mərkəzi hökumətin ötən illərdə ən uğurlu layihəsi idi. Mərkəz müəyyən qədər korrupsiyanın qarşısını aldı, insanlar da rahatlaşdı. Gələk sualına. Azərbaycanda bu qədər nazirliklərə və komitələrə ehtiyac yoxdur, bizim elə böyük iqtisadiyyatımız da yoxdur, ona görə sadələşdirməliyik. Amma struktur islahatları tədricən getməlidir, dövlət başçısı müəyyən addımlar atır, özünüz də misal çəkdiniz. - Təmsil olunduğunuz parlament necə, prosesin aparılmasında hansısa rol oynamalıdırmı və səlahiyyəti varmı?
- Parlamentin səlahiyyətlərindən çox danışmaq olar, amma tərkibinə baxmaq lazımdır. YAP parlamentdə üstünlük təşkil etdiyi üçün onlar öz maraqlarını müdafiə edir, bu, anlaşılandır. Ona görə müəyyən məsələləri gündəliyə salmaq çətindir. Parlament açıq diskussiya mərkəzi olduğundan mən və həmkarım Əli Məsimov fikirlərimizi açıq deyirik, heç təzyiq də hiss etmirik. - Bəs fikirləriniz nəzərə alınırmı?
- Bu, artıq ikinci məsələdir, nəzərə alınması üçün təkliflər səsə qoyulmalıdır. Azlıqda olduğumuzdan qeyri-müəyyənliklər var. Ancaq sözümüzün kəsilməsi hallarına rast gəlməmişik. - Siz parlamentin tərkibinə toxundunuz, belə çıxır ki, bu il keçiriləcək seçkilərdə qanunverici orqanın mənzərəsi dəyişilməlidir...?
- Məncə, proses ona doğru gedir. Ümumiyyətlə, dünyada mühim dəyişikliklər gedir, demokratiyanın inkişafı ilə bağlı Azərbaycana olan tələblər, Avropaya inteqrasiya, bütün bunlar Milli Məclisin spektrində müəyyən dəyişiklikləri tələb edir. Parlamentə yeni qüvvələrin gəlməsinə ehtiyac var. Qanunları qəbul edən orqanda müəyyən fikir ayrılıqları olmalıdır ki, normal qanunvericilik bazası yaransın. - Parlamentin gəncləşməsini də nəzərdə tutursunuz?
- Tamamilə razıyam. Düzdür, bəziləri parlamentdə yaşlı insanların çox olduğunu deyir, ancaq qanunverici orqan təcrübəli insanların yeridir. Bunun üçün xalqın dəstək verdiyi insanlar parlamentdə təmsil olunmalıdır. İkinci də təcrübəli insanlar olmalıdır ki, qanunların qəbulu zamanı problemlərlə üzləşməsinlər. - Təcrübəli və yaşlı deputatlardan danışdınız, məsələn, həmkarınız Hadı Rəcəbli, 20 ildən çoxdur deputatdır, müxtəlif vəzifələrdə çalışıb, amma müəllimlərlə bağlı söylədikləri etirazla qarşılandı...
- Açıq deyirəm, Hadı Rəcəbli kifayət qədər təcrübəli insandır. Mən onunla 1990-cı illərin birinci yarısında işləmişəm, baş nazirin birinci müavini olanda o, şöbədə işləyirdi. Milli Məclisdə apardığı iş göz önündədir. Özüylə çıxışı barədə danışdım, dedi ki, onu düz başa düşməyiblər. Mən də müəllimlərin əlavə işləməsini təbii qəbul edirəm, bu, Əmək Məcəlləsində də var. Ancaq əlavə iş yalnız öz ixtisasları əsasında ola bilər, başqa işi qəbul olunmazdır. Çünki müəllim peşəsi elə bir sahəyə cavabdehdir ki, hörmətə layiqdir, həkimlər də o cür. Ola bilər, Hadi Rəcəbli müsahibəsində tələsib. Indiki vəziyyət rayon müəllimlərinin başqa sahədə işləməsini məcbur edir. Amma Azərbaycan dövləti müəllimlər və həkimlər üçün elə maaşlar tərtib etməlidir ki, onlar başqa işlə məşğul olmasınlar. - Vahid müəllim, prezident də bugünlərdə büdcə vəsaitlərinin səmərəsiz xərclənməsinə toxundu. Avropa oyunlarına çox az zaman qalsa da, paytaxtın mərkəzində, 28 may metro stansiyası ətrafında neçə aydır qazıntılar bitmir, “İnşaatçılar”, “Nərimanov” stansiyalarının giriş-çıxışlarının divar hörgüləri dəyişdirilir. Bunlara ehtiyac varmı?
- İnanın, bu bizim ən ağrılı yerimizdir. Hökumətin hesabatı zamanı həmişə bu məsələlərə toxunuruq. Hətta Əli Məsimovla birlikdə maliyyə nəzarəti haqda qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğuladıq. Çünki dövlət büdcəsinin xərc hissəsinə nəzarət mexanizmi yoxdur. Hesablama Palatası, Maliyyə Nazirliyinin xüsusi departamenti var, amma bunlar kifayət etmir. Büdcənin xərc hissəsinə nəzarət olmadığından sadaladıqlarınız baş verir. Konkret olaraq, divarların qaşınması, küçələrin bir neçə dəfə asfaltlanması, bardürlərin mütəmadi dəyişdirilməsi... Bu baxımdan büdcənin xərc hissəsinə nəzarət olmalıdır. - Bəs korrupsiyanın qarşısı necə alına bilər?
- Korrupsiyanın qarşısını almaq üçün büdcəyə nəzarət mexanizmi daha da təkmilləşməlidir. Bu yaxınlarda Milli Məclisdə Hesablama Palatasına təklif etdim ki, yalnız kiçik yox, iri məbləğli layihələr də yoxnalılmalıdır. - Nə cavab verdilər?
- Cavab verdilər ki, iri layihələrin yoxlanılmasına başlayacaqlar. Dəmiryolu, şosselər çəkilir. Bunlar yoxlanılmalıdır ki, layihələrin icrasında keyfiyyət mexanizmi işə düşsün. - Bu istiqamətdə hansısa şübhələriniz varmı?
- Ümumiyyətlə, hamının şübhələri var, hökumətin də, dövlət başçısının da. Fikir verirsinizsə, dövlət başçısı korrupsiya məsələsinə toxunur, bununla bağlı idarə yaradılıb. Amma içəriyə girmək lazımdır ki, korrupsiya amilləri aradan qaldırılsın.