The document has moved here.
|
||
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub” | ||
Bu kimə lazımdır? Dərman bazarı nizama salınmalıdır, bunun üçün ölkədə dövlət farmakopeyası yaradılmalı, dərman maddələrin dövlət reyestri olmalıdır, Ümumdünya Səhiyyə Təşkilatında qəbul edilən dərmanlar Azərbaycana idxal olunmalıdır və bunlar reyestrə daxil edilməlidir. | ||
MÜSAHİBƏ Xəbəri | ||
|
||
|
||
Hər bir ölkənin olduğu kimi Azərbaycanın da strateji sahəsi hesab olunan səhiyyə problemlər içində çabalayır. Qonşularımızla müqayisədə tibbi sığortadan məhrumuq, dərmanlar bahadır, keyfiyyəti şübhəlidir, özəl klinikalara etimad istənilən səviyyədə deyil, nəhayət, insanlarımız müalicə üçün xaricə üz tutur. Professor Adil Qeybulla ilə bu və digər sual doğuran məqamlara toxunmağa cəhd etdik.
- Adil müəllim, son 1 ildə 2 mindən çox insan xaricdə müalicə üçün müvafiq quruma müraciət edib. Amma cəmi 2 müraciətə cavab verilib. Niyə xaricdə müalicə ilə bağlı məsələ həmişə daşa dirənir? - Ümumiyyətlə, xaricdə müalicə və bir sıra adamların ölkədən kənarda sərbəst müalicə olunmaq istəyi müvafiq komissiyanın yaradılması zərurətini ortaya qoydu. Komissiya müraciətləri araşdırır, görəndə ki, xəstənin Azərbaycanda müalicəsi mümkün deyil, onun xaricdə müalicəsi üçün qərar qəbul edilir. Bundan sonra komissiya vətəndaşın xaricdə müalicə xərcləri üçün müvafiq klinikalarla danışıq aparır, ardınca dövlət ödəniş edir. Amma təəssüf ki, bu cür müraciətlər çoxdur, bəzilərinin isə müalicəsi və ya əməliyyatı Azərbayacanda da mümkündür. Bəzi hallarda isə komissiyanın özü tərəfindən müəyyənləşdirilmiş müraciətlər olur ki, yerli xəstəxanalarda onun müalicəsi həyata keçirilə bilmir. Belə olanda həmin şəxslər xaricə getməlidir. Yəni bürokratik əngəllər olur. Yəqin ki, Azərbaycanın Qərb təbabətinə keçməsi ilə müvafiq mütəxəssislərin sayı artır və bunun hesabına xaricə müalicəyə gedənlərin sayı azalacaq. Amma müəyyən dövr üçün buna zərurət var. O ki qaldı insanların şəxsi vəsaitilə müalicə üçün xaricə üz tutmalarına, bu, onların şəxsi işidir və bunun qarşısını administrativ üsullarla almaq mümkün deyil. Bunun üçün ilk növbədə milli səhiyyəyə güvən olmalı və vətəndaş yüksək səviyyədə müalicə olunacağını bilməlidir. O halda xaricə üz tutmaqdan qaçacaqlar. Bilirsiniz, bütün ölkələrdə xaricə müalicəyə gedənlər var, amma Azərbaycanda bu, həddən ziyadə çoxdur. - Siz çıxışınızda güvən sözünü işlətdiniz, bəs komissiyaya güvənmək olarmı? Sual yaranır, komissiya hansı prinsiplərlə seçim edir? - Ola bilsin ki, komissiya müəyyən anlarda vətəndaşların xaricə göndərilməsinə o qədər də meylli olmasın, amma xaricdə müalicədən başqa çıxış yolu olmayan situasiyalar da olur. O halda komissiya vətəndaşı xaricə göndərməyə məcburdur. - Çox maraqlı bir məqam da var: bir müddətdir İranda, Turkiyədə müalicənin effektiv olmadığı haqda təbliğat aparılsa da, insanlar yenə həmin ölkələrə üz tutur, bunun qarşısını almaq mümkün olmur. Səbəb yerli səhiyyəyə etimadsızlıq, etibarsızlıqdır, yoxsa başqa amillər də var? - Baxır, vətəndaş hansı xəstəliyə görə xaricə gedib. Ola bilər onkoloji, terminal mərhələdə olan xəstəliklə, autoimmun proseslərlə bağlı müraciət edib. Belə müraciətlər harda olmasından asılı olmayaraq proqnozu yetərincə yaxşı olmayan xəstəliklər var ki, nəticəsi qeyri-qənaətbəxş ola bilər. Düşünürəm ki, qonşu ölkələrdə, Türkiyədə, İranın mərkəzi klinikalarında səhiyyə yüksək səviyyədədir və bu, Qərb səhiyyəsinin bir hissəsidir. Bu ölkələrdə mütəxəssislərin böyük əksəriyyəti Amerika və Avropanın iri dövlətlərində təhsil alıblar. O baxımdan başqa ölkələrin səhiyyəsini tənqid etmək kimi əsassız təbliğat aparmağı yox, özümüzə daha tənqidi yanaşaraq olanları dəyərləndirmək və daha yaxşılarını qurmağı düşünməyi məsləhət görərdim. - Xaricdə müalicə məsələlərində telekanalların da rolu olub, məsələn, səhiyyə ilə bağlı proqramlarda əksər vaxtlarda qonşu Türkiyə və İrandan olan həkimləri görürük. Bu, yerli həkimlərə etibarsızlıq yaratmırmı? - Əvvəla, xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub. Azərbaycanda xeyli özəl tibbi kommersiya müəssisələrinin olduğunu bilirsiniz. Bu klinikalar vətəndaşları cəlb etmək üçün xarici həkimləri ölkəyə dəvət edirlər. Ancaq xarici mütəxəssislərin Azərbaycana gəlişi ilə bağlı qanunda boşluq var. Bu da ondan ibarətdir ki, biz hansı mütəxəssisləri ölkəyə gətiririk və onların səviyyəsi necədir? Bu məsələlər hələ açıq qalır. Bəzən ayrı-ayrı klinikalarda narahatlıqlar olur, yəni yerli həkimlər özləri xaricdən həkimlərin dəvətinə birmənalı yanaşmır və deyirlər ki, xəstəni əməliyyat edib atıb getdi. Bu cür faktlar da var ki, xarici həkimin əməliyyat etdiyi xəstə ilə sonradan yerli həkimlər məşğul olurlar. Ona görə də xarici həkimlərin Azərbaycanda fəaliyyət dərəcəsi dəyərləndirilməlidir, əvvəlcədən müəyyən olunmalıdır ki, öz ölkəsində çoxlu serfikatı və güvənliyi olan həkimlər bura dəvət olunsun. - Siz onkologiya üzrə mütəxəssissiniz, amma bu sahədə bir monopoliya var, mətbuat dəfələrlə məsələni gündəmə gətirib. Məsələn, əgər xəstə digər xəstəxanalarda əməliyyat olunubsa, Milli Onkologiya Mərkəzi həmin xəstəxanaların diaqnozunu qəbul etmir. Bu necə izah oluna bilər? - Mən əlbəttə bu yanaşmanı qəbul etmirəm. Bir şeyi xatırladım, sovet dövründə xərçənglə bağlı elmi işlərin nəticələrini ümumləşdirmək üçün Onkoloji Elmi Mərkəz yaradıldı və bir mərkəzdə birləşdirildi. Moskvada Onkoloji Elmi Mərkəzin tərkibində 4-5 elmi tədqiqat müəssisəsi var. Bu, xarici ölkələrlə əməkdaşlıq etmək və nəticə ortaya qoymaq üçün atılan addım idi. Amma dünyanın hər yerində onkoloq kimyəvi terapiya ilə məşğul olan mütəxəssisə deyirlər. Cərraha onkoloq deyilmir. Əgər biz Qərb standartlarına keçiriksə, prinsip belədir ki, hər sahənin mütəxəssisi cərrahdırsa, o sahənin həm onkologiyası ilə məşğul olur, həm də cərrahiyyə əməliyyatlarıyla. Məsələn, nefroloq, uroloqdursa, o, həm böyrəklərin, sidik kisəsinin, prostat vəzinin həm xoşxassəli patologiyası ilə məşğul olur, həm də onkologiyası ilə. Və həmin xəstə sonrakı müalicəsi üçün onkoloqun nəzarətinə göndərilə bilər. Onkoloq da ona polikimyəvi terapiya, radioloq şüa müalicəsi təyin edə bilər. Amma bizdə belə deyil. Onkoloji mərkəz var və onlar belə hesab edir ki, bütün onkoloji xəstələr orda tam müayinə və müalicə olunmalıdır. - Haqlıdırlarmı? - Yox. Hər halda bu sistem gec-tez dəyişməlidir, Qərb təbabətində bu cür sistem yoxdur. Hesab edirəm ki, Onkoloji Elmi Mərkəz öz işiylə məşğul olmalıdır, onkoloji problemlərin sonrakı mərhələsini araşdırmalıdır. Bu sıraya xəstələrin sosial reabilitasiyası, xospislərin yaradılması, onların həyatının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər hazırlamalıdır. Ancaq bu işlərlə heç kim məşğul olmur. İkinci, Azərbaycan reallığında bir mənfi məqam da var: bir klinikanın analizlərini digərləri qəbul etmir. Xüsusilə dövlət xəstəxanalarında bu cür tendensiyalar var və tamamilə yolverilməz hesab edilməlidir. Xəstəni əlavə yükə salmaq, əlavə xərclər və əlavə müayinələrə cəlb etmək düzgün deyil. Yəni olanla qane olmaq mümkündür. Əgər lazım olarsa, gərəkli müayinə artıq başqa söhbətdir. - Ancaq bir adamın müxtəlif klinikalarda diaqnozu, yaxud analizi də bir-birinə zidd olur. Bu, tibbi aparatlardan, yoxsa həkimin zəifliyindən irəli gəlir? - Təbii ki, mütəxəssis problemi də var. Aparat bir nəsil irəli və geri ola bilər. Ancaq əsas çətinlik mütəxəssis problemidir, yəni interpretasiya, yazılan və çəkilən şəklin, alınan əyrilərin, elektrokardioqrammada, elektroensefaloqrafiyada, MRT müayinəsində, pozitron emission tomoqrafiyada və sairə müayinələrdə prosesin interpetasiyası peşəkarlıq tələb edir. Bu cür mütəxəssislərə hələ Azərbaycanın ehtiyacı var. Bakıda mütəxəssislər var, amma regionlarda da olmalıdır. Biz regionları ən yüksək səviyyəyə gətirməliyik. Qardaş Türkiyədə səhiyyə çox yüksək səviyyədədir, o cümlədən, regionlarında. - Mən elə türkiyəli cərrah Hamdi Koçerin Azərbaycandan gedəndən sonra verdiyi müsahibəsini xatırlatmaq istəyirəm. O demişdi ki, süd vəzi problemi ilə həkimə gələnlərin əksəriyyətini süd vəzi xərçəngi adıyla əməliyyat edirlər. Halbuki, Türkiyədə belə deyil və elə xəstəliklər var ki, əməliyyatsız müalicəsi mümkündür. Bizdə niyə əməliyyata bu qədər üstünlük verirlər? - Həmin açıqlamanı mən də oxudum və yanaşmam birmənalı deyil. Hamdi Koçerin işlədiyi kollektivdə ziddiyyətlərin olduğunu hiss etdim. Biz bu cür məsələlərə dəyər verərkən meyarlara əsaslanmalıyıq. Dünyanın hər yerində meyar nədir? Əgər süd vəzisində bir törəmə varsa, təqib olunmalıdır. Yəni ultrasəs müayinəsi və digər müayinələrlə təqib olunur. Bunun xoş və bədxassəli əlamətləri ultrasəs müayinələrlə dəyərləndirilir. Şübhə varsa, o zaman punksion biopsiya olunur və həmin törəmə histoloji olaraq təqib olunur. Biz bu protokollarla hərəkət etməliyik. Belə olanda peşəkarlıqla bağlı problem yaranmır. Təəssüf ki, bəzən həkimlər özləri xəstəni əməliyyata sövq edirlər, analizin cavabı yaxşı olmayanda xəstə təkrar böyük əməliyyata götürülür. Bundan sonra xəstə bəzən narazı qalır, əslində bu yolverilməzdir. Ona görə də xəstəyə az zərər verən tədbirlərlə diaqnoz qoyulmalıdır və radikal əməliyyatın keçirilib-keçirilməməsi zərurətini müəyyən etməliyik. - Adil müəllim, Azərbaycanda klinikaların çoxluğu bir xaos yaratmırmı? - Problemlərin olduğunu etiraf etməliyik. Hesab edirəm ki, özəl klinikaların hər birinin özəl təlimatı olmalıdır. Təlimata əsasən özəl klinikalarda icazə verilən bütün tibbi prosedurlar və əməliyyatlar sənəddə təsbit olunmalıdır. İkinci, özəl klinikalarda peşəkar kadrlarla təminat əsas məsələ olmalıdır. Təəssüf ki, Səhiyyə Nazirliyinin yoxlamalarında bu məsələlər arxa plana keçir. Amma peşəkarlıq, Qərb protokollarının tətbiqi və diaqnostik müalicənin aparılması qaydalarına nə dərəcədə əməl olunur suallarına cavab verilməlidir. Dediyiniz kimi bütün hallarda özəl klinikalarda yoxlamalar səmimi yox, məqsədli xarakter daşıyır. Bu da etiraf olunmalıdır. - Rayonlarda çoxlu diaqnostika mərkəzləri, klinikalar açılsa da, mütəxəssis qıtlığı yaşanır, bu, hansı fəsadlar yarada bilər? - Biz səhiyyənin maddi-texniki bazasına xeyli vəsait ayırmışıq. Azərbaycanda elə avadanlıq var ki, buna İranın yalnız Tehran şəhərində rast gəlmək olar. Yəni ən yaxşı tibbi avadanlıqlarla təmin olunmuşuq. Amma yetkin mütəxəssislərin olması, onların rayonlara paylanması və yerlərdə səhiyyəni qaldırması, ordan kompetent cavabların verilməsi kimi məsələlərlə bağlı problemlərimiz var. Ona görə də mümkün qədər Qərbdə və Türkiyədə mütəxəssislərin hazırlanmasına diqqət etməliyik, çünki onlar gələcəkdə Azərbaycanın özündə rezidentura sisteminin tətbiqi və yeni kadrların yetişdirilməsi istiqamətində təşkilatçı olacaq. - Amma azərbaycanlı pasientlər nəinki Türkiyə və İrana, artıq Gürcüstana da gedirlər. Bu, çox pis hal deyilmi? - Əlbəttə, pis haldır. Necə ola bilər ki, eyni zamanda müstəqilliyini qazanmış iki ölkənin birində xəstə öz taleyini həkimlərə etibar etmir və o biri respublikaya gedir. - Peyvəndlərlə bağlı sual vermək istərdim. Valideynlər nədənsə uşaqlarına peyvənd vurmaqdan qorxurlar. Səbəb də üçüncü ölkədən gətirilməsidir. Bu narahatçılığı bölüşürsünüzmü? - Hər halda hər bir vətəndaş öz övladı sarıdan narahat olmalıdır. Amma vətəndaşların vaksinasiyaya münasibəti düzgün deyil. Çox adam vaksinasiyadan yayınır. Bir şeyi xatırladım. Sovet vaxtı 4 karantin infeksiyanın- vəba, taun, sarı qızdırma və təbii çiçək- bunlardan çiçək, məhz, vaksinasiya sayəsində aradan qalxıb. Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyin artıq dünyada olmadığı haqqında raport verib. Siz 50 yaşdan yuxarı insanın qoluna baxsanız, təbii çiçəyin vaksinasiya yerini görəcəksiniz. Gənc nəsildə olmadığından vaksinasiyaya da ehtiyac yaranmır. Bu, onu göstərir ki, vaksinasiya epidemiya təhlükəsi olan xəstəliyi aradan qaldırıb. Ona görə də vaksinasiya hesabına göyöskürək, difteriya kimi uşaq həyatına son qoyan, uşaqları əlil edən polimielit, sonra vərəmin özü və bəzi xəstəliklər son dərəcə azalıb. Bütün bunlar vaksinasiyanın hesabına həyata keçirilib. Bu mənada vaksinasiyadan çəkinmək lazım deyil. Sadəcə, valideynlər öz nevropotoloqu, terapevti və uşağı müalicə edən həkimlə mütəmadi olaraq əlaqə saxlasınlar, xüsusən vaksinasiyadan əvvəl. Əgər vaksinasiyada əks göstəriş varsa, hansısa tədbirlərdən sonra vaksinasiya olunsunlar. - Nəhayət, yekunda dövlət başçısının son müşavirələrin birində dərman qiymətləri barədə söylədikləri barədə sual vermək istərdim. Həmin çıxışdan sonra dərman biznesinin kimlərin nəzarətində olduğu haqda yazıldı və bunların hakimiyyətə bağlı olduğu iddia edildi. Bu baxımdan dərmanların qiymətində artımın qarşısını almaq üçün monopoliya aradan qaldırılmalı, yoxsa başqa addımlar da atılmalıdır? - Hesab edirəm ki, dərman bazarında çox acınacaqlı vəziyyət hökm sürür. Bu da uzun müddət ayrı-ayrı adamların korporativ maraqları və ölkəyə keyfiyyət parametrləri aşağı olan dərmanların idxalı ilə bağlıdır. Məsələn, ölkəyə seftriakson tərkibli 100-dən çox antibiotik daxil olur. Bu kimə lazımdır? Dərman bazarı nizama salınmalıdır, bunun üçün ölkədə dövlət farmakopeyası yaradılmalı, dərman maddələrin dövlət reyestri olmalıdır, Ümumdünya Səhiyyə Təşkilatında qəbul edilən dərmanlar Azərbaycana idxal olunmalıdır və bunlar reyestrə daxil edilməlidir. Ən əsası ölkədə dərman sahəsində monopoliya tam götürülməli, ardınca dərman firmalarının sayı artırılmalıdır. Onlar Azərbaycana yalnız dövlət farmakopeyasında təsbit olunmuş dərmanları idxal edə bilərlər. Bu zaman normal rəqabət olacaq və keyfiyyətsiz dərman da ölkəyə girməyəcək, firmalar da konkret çərçivələrdə hərəkət edəcəklər. - Siz çıxışınızda Qərbdən, Türkiyədən misallar çəkirdiniz. Bu ölkələrdə dərman biznesi necə tənzimlənir, müəyyən qrupların monopoliyası varmı, yoxsa azad rəqabətdir? - Yox, orda monopoliya yoxdur və rəqabət xeyli güclüdür. Türkiyədə və İranda normal bazar iqtisadiyyatı var. - Amma bizdə aptek-həkim monopoliyası da hiss olunur... - Bu məsələ də ağrılıdır və buna görə güvənsizlik mühiti yaranır. Dünyanın hər yerində farmakoloji kompaniyalar həkimləri maliyyələşdirirlər. Onların dərmanlarını istifadə edəcəyi halda. Və burda maraqlar daha sağlamdır. Məsələn, Amerikada iki farmkompaniya öz antibiotiklərini təbliğ edir və həkimlərin də ondan çox istifadə etmələrinə çalışır. Bundan istifadə edən həkim də müəyyən dərəcədə mükafatlandırılır. Amma bizdə xəstəni konkret aptekə göndərmək var. Bununla xəstə orda müəyyən faizin olduğunu anlayırsa, yaxşı münasibət sərgiləmir. Ona görə həkimlər öz reputasiyalarını gözləməlidirlər. |
||
|
||
“Xarici, mütəxəssislərin, Azərbaycana, cəlb, olunması, müəyyən, korporativ, maraqların, üzərində, qurulub”, |
|