The document has moved here.
|
||
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn | ||
"Elçibəyin yaşadığı evdə Heydər Əliyevin şəkli olmayıb" | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Xalq Cəbhəsi (AXC) dövründə Naxçıvan Muxtar Respublikasının Baş naziri olmuş Beycan Fərzəliyev “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya müsahibəsi zamanı qalmaqallı fikirlər səsləndirib. Onun bir sıra fikirləri, eləcə də, “Əbülfəz Elçibəy Heydər Əliyevi sevirdi. O, Heydər Əliyevin portretini evində Atatükün portreti ilə yanaşı saxlayırdı” söyləməsi birmənalı qarşılanmayıb və müzakirəyə səbəb olub.
Beycan Fərzəliyevin bu və AXC ilə bağlı digər fikirlərinə münasibət öyrənmək üçün sözügedən partiyanın qurucularından və rəhbərlərindən biri olmuş, keçmiş Baş nazir Pənah Hüseynə müraciət etdik.
Xeber365.com Pənah Hüseynlə müsahibəni təqdim edir:
– Pənah bəy, Beycan Fərzəliyev iddia edir ki, hazırkı müxalifət düşərgəsində yer alan partiyaların heç biri AXC-nin varisi hesab edilə bilməz. O, Xalq Cəbhəsinin 4-5 yerə parçalandığını və sonra da məhv olduğunu düşünür. Sizin fikriniz necədir, AXC, həqiqətənmi, mövcud deyil?
– Azərbaycan Xalq Cəbhəsinin partiyaya çevrilməsi haqqında qərar olub. Əbülfəz Elçibəy onun rəhbəri olub. Bu mənada, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) AXC-nin hüquqi varisi hesab edilə bilər. AXC-nin sonu dedikdə nə nəzərdə tutulur, deyə bilmərəm. Amma AXC ictimai təşkilat kimi mövcuddur. O ideya hələ də qalır və yaşayır. Yəqin ki, sonu deyəndə hakimiyyət məsələsini nəzərdə tuturlar. Bu, ümümlikdə anlaşılmaz ifadədir. AXC bir ideya kimi və bu ideyanın daşıyıcısı olan minlərlə insan, hansı partiyada olmasından aslı olmayaraq, hansı siyasi təşkilatda olmasından asılı olmayaraq, yaşayır.
– Beycan Fərzəliyev Əbülfəz Elçibəyə zamanında çox yaxın olduğunu və onunla bağlı xeyli gizli məsələlərə vaqif olduğunu bildirib. Son zamanlar cəmiyyəti düşündürən məsələlərdən birinə də aydınlıq gətirib. O bəyan edib ki, Əbülfəz Elçibəy evində Atatürklə yanaşı Heydər Əliyevin portretini saxlayırdı. Siz də belə bir halla qarşılaşmısınızmı?
– Bu barədə çoxları danışır. Mən 1987-ci ildən Əbülfəz Elçibəyin evində olmuşam. Daha doğrusu, yaşadığı evdə. Onun öz mənzili yox idi. Qardaşının evində yaşayırdı. Şəxsən mən orada belə bir portret görməmişəm.
Bilirsiniz, ola bilər ki, hansısa şəkil olsun, lakin mən görməmişəm. Beycan Fərzəliyev deyir ki, olub. Bu, onun öz işidir. Mən sizə səmimi və tam vicdanla deyirəm ki, mən orada Heydər Əliyevin şəklini görməmişəm. Bəzi adamlar, hətta Əbülfəz Elçibəylə o vaxt tanış olmayan adamlar da deyirlər ki, belə şey olub. Sürət Hüseynovla Rəhim Qazıyevin bu yaxınlarda belə bir ifadəsinə rast gəldim. Rəhim Qazıyev deyir ki, mən görmüşəm. Yaxşı, Rəhim Qazıyev o evə ilk dəfə 1989-cu ildə gedib. Ondan əvvəl, özünün dediyinə görə, Əbülfəz Elçibəyi tanımayıb. İndi proseslərdən də bilirsiniz ki, 1989-cu ildə Heydər Əliyevin portretinin olması nə dərəcədə mümkündür.
Bu şəkil məsələsi barədə bir şey deyim. O evdə 3 şəkil olub: Şah İsmayıl Xətainin, Atatürkün və bir də Elçibəyin türk qadınla şəkli. Bəziləri deyir ki, guya Heydər Əliyevin siyasi büroda çəkilən ağ-qara şəkil olub. Guya Əbülfəz Elçibəy də görüb ki, kimsə həyətdə onu yerə atıb və götürüb qoyub evə. Bəyin yaxın adamları və qohumları, təəssüf ki, bunu tirajladılar ki, guya bu, portret-foto olub, bəy də onu divardan asıb. Dəqiq və əmimi şəkildə deyirəm ki, belə şey olmayıb. Belə şeyin olub, bizim görməməyimiz mümkün deyil. Əbülfəz Elçibəyin Heydər Əliyevə münasibəti haqda öz xatirələrində yazıb, dərc də olunub. Yəni burda gizli bir şey yoxdur. Çox təəssüf ki, bəziləri belə söz-söhbət yayırlar.
– Siz Elçibəyin komandasında, yaxın silahdaşlarından biri idiniz. Zənnimcə, bu məsələyə aydınlıq gətirməli olan az adamdan birisiniz. Məlum müsahibədə iddia edilir ki, komanda yoldaşları Elçibəyi tək qoyub. B. Fərzəliyev deyir, Əbülfəz Elçibəy Kələkidə olanda mənə zəng edib dedi ki, Beycan, qaliba tankın altına mənimlə bir sən getdin... Bu barədə nə deyərdiniz?
– Əbülfəz Elçibəy artıq həyatda yoxdur deyə Beycan Fərzəliyev də, başqaları da onun adından nəsə deyə bilərlər. Bütün hallarda, mən güman etmirəm ki, Əbülfəz Elçibəy o cür cümlə işlətsin. Çünki bu, Elçibəyin dilindən çıxacaq ifadə deyil. Məncə, bu, Beycan Fərzəliyevin məsuliyyət daşıdığı bir ifadədir. Sadəcə, Elçibəyin belə bir söz deyəcəyinə inanmıram.
– Pənah bəy, AXC-ni qurarkən Əbdürrəhman Vəzirovdan nə kimi kömək görmüsünüz? Beycan Fərzəliyev deyir ki, Vəzirov AXC-ni Azərbaycan xalqının gözündə bəlli bir yerə yüksəltdi...
– Mən, sözün düzü, onun nəyi nəzərdə tutduğunu bilmirəm. Çox maraqlıdır, Vəzirov AXC-nin yaranmasına, ümümiyyətlə, belə bir adla qurulmasına qarşı olub. Bu barədə Vəzirovun rəsmi bəyanatları da var. Tam məsuliyyəti ilə deyirəm ki, Vəzirov Azərbaycan Xalq Cəbhəsinin yaranmasının qəti əleyhinə olub.
– Bilirsiniz, biz bu məsələləri ona görə sizdən soruşuruq ki, bu proseslərin içində olmusunuz. Yəni Beycan Fərzəliyev proseslərdə daha yaxından iştirak etdiyini, Əbülfəz Elçibəyə daha yaxın olduğunu deyir. Maraqlıdır, AXC-nin ilk qərargahı Beycan Fərzəliyevin evi olub?
– AXC təsis olunmamışdan əvvəl, AXC-nin təşəbbüs qrupu bir neçə dəfə Beycan Fərzəliyevin indiki Yasamal rayonunda yerləşən evində toplaşıb. Amma bu görüşlər təkcə onun evində olmayıb. Bundan əlavə, iclaslar Sənubər xanımın – soyadını xatırlamıram – evində keçirilib. Həmçinin, başqalarının evində... O cümlədən, Beycan Fərzəliyevin Yasamaldakı həyət evində də beynəlxalq konfrans keçirilib. Ancaq o evi bir qərargah kimi qələmə vermək düzgün deyil. Qərargah dediyin iclasların, görüşlərin, konfransların daimi olaraq keçirildiyi yerdir. Sadəcə, fəaliyyətin qurulması üçün bir neçə evdən istifadə olunub ki, biri də Beycan Fərzəliyevin evidir. – Beycan Fərzəliyev bütün bunlarla yanaşı, həm də Azərbaycan Xalq Cəbhəsinin üzvü olmadığını deyir...
– Beycan Fərzəliyev 1989-cu ildən AXC-nin rəhbərliyində olub. Azərbaycan Xalq Cəbhəsinin Nəzarət-Təftiş Komissiyasının sədri olub, ancaq 90-cı ilin yanvar hadisələrindən sonra, fevral ayında AXC-dən onun uzaqlaşdırılması haqqında qərar qəbul olunub.
– Sonra özü uzaqlaşdı?
– Bilirsiniz, Beycan müəllim indi burda yaşamır, onu və AXC mövzusunu aktual hesab etmirəm. Bir halda ki, bəzi məsələlərlə bağlı özü açıqlama verib, deyə bilərəm ki, Beycan Fərzəliyevi AXC-nin bəzi qanadlarında sevməyən xeyli qüvvələr var idi. Rəhbərlikdə də onu xoşlamayan adamlar var idi. Buna görə də, Beycan Fərzəliyev birmənalı qəbul olunmurdu. Onun fəaliyyəti əksəriyyət tərəfindən müsbət qəbul edilməyib. Onun AXC-dən uzaqlaşdırılması haqqında idarə heyəti 1990-cı ilin fevral ayında qərar qəbul edib.
– Pənah bəy, son olaraq bir məqama aydınlıq gətirək. Beycan Fərzəliyev deyir ki, Qarabağ probleminin çözülməməsi AXC-nin sonunu gətirdi. Onun fikrincə, Qarabağ münaqişəsinin həlli iqtidarın əlindədir. İqtidar müxalifəti öz ətrafında birləşdirsə, bu münaqişə həll olunar. Siz necə düşünürsünüz?
– Vallah, bu sualı cavablandırmağa çətinlik çəkirəm. Açığı, o, iqtidarla müxalifətin birləşməsinin nə olduğunu başa düşmürəm. Bu fikrin mənasını anlamaqda çətinlik çəkirəm. Müxalifətlə iqtidarın birləşməsi özlüyündə dolaşıq bir məsələdir. Belə bir şey olmur, ümumiyyətlə. Bəlkə də, məcazi şəkildə yanaşmaq olar. Yəni iqtidar total şəkildə müxalifət düşərgəsinin üstünə gedər, müxalifətə qarşı repressiya aparar və bu. sonda müxalifətin birləşməsinə səbəb olar. Yəni bu, məcazi yanaşmadır. Lakin bunun bir plan kimi gerçəkləşdirilməsi mümkün deyil. Axı belə olanda müxlifət olmur. |
||
|
||
Yanvar, hadisələrindən, sonra, Beycan, Fərzəliyevi, AXC-dən, uzaqlaşdırdılar, -, Pənah, Hüseyn, |
|