Xəbər haqqında
30 Noyabr 2017 - Cümə axşamı 17:07 321 nəfər oxuyub
 
Yapon cadugərinin ram etdiyi adam: Lennon-Yoko eşqi
YARADICI Xəbəri
Yapon cadugərinin ram etdiyi adam: Lennon-Yoko eşqi

1980-ci ilin 8 dekabr gecəsi saat 22:50-də  Nyu Yorkda bir otelin önündə bəyaz bir limuzin dayandı. Limuzindən ilk olaraq çəkik gözlü yapon qadın, daha sonra sarışın, uzun boylu bir kişi endi.
Bərabər otelə doğru yeridilər. Giriş qapısına yaxınlaşdıqları vaxt arxadan bir səs eşidildi.
“Mr.Lennon?”
Səsə tərəf  döndülər.
5 əl atəş...
Sinəsindən və ağzından qan axan kişi yerə yıxıldı. Yapon qadın isə illər boyu qurtula bilməyəcəyi əsmə tutması ilə ilk dəfə orada tanış oldu.
Hadisə yerinə gələn polis məmuru yaralının vəziyyətini yoxlamaq üçün ondan adını soruşanda, o, “mən Lennonam,  Bitlzın Con Lennonu” deyə cavab verir. 

 

 

 

“Həyat - gələcəyə dair planlar qurarkən başımızdan keçən olayların bütünüdür” deyən əsfanə adam Con Lennon, 1966-cı ildə İlgiltərədə təşkil olunan sərgiyə dəvət alanda, həyatını dəyişəcək yapon qızını tanıyıb, aşiq olacağını bilsəydi yenə də o sərgiyə gedərdimi, bilmirik. Amma Lennon sərgidə tanıdığı avanqard qıza elə söhbətə başladıqları ilk dəqiqələrdən aşiq olur.  “Onu tanıdığım an, hər şeyi tərk etməli olduğumu anladım” deyə biləcək qədər güclü həm də.

Onları bir-birinə tanıdan, sevdirən mövzu da nə olsa yaxşıdır?!

 

“Çəkic və mismar”

 

 

 

Balaca boy, itici görkəmli yapon qızı Yoko, sərgidəki rəsminin kənarına çəkic bağlayır və əsərə baxanlardan rica edir ki, rəsmin üzərinə bir mismar vursunlar. Sənətçi bu hərəkəti rəsm əsərinə qatqı kimi dəyərləndirir.  Lennon  Yokoya yaxınlaşaraq mismarı həqiqətən vurmaq yerinə, vurur kimi etməyin daha doğru ola biləcəyini deyir və beləcə onları bir-birinə həmişəlik bağlayacaq söhbət başlayır.

 

Hadisələrə  simvolist gözlə baxsaq, bərabərlikləri boyunca “çəkic -mismar” simvolunun onları heç tərk etmədiyini görərik. Qadın altşüuru ilə kişisini  qısqanan və özündən başqasına yar etmək istəməyən  Yoko, sərt və məqsədli “vuruşlarıyla” Lennonu istədiyi müstəviyə gətirir. Geyimindən tutmuş,  musiqi zövqünə qədər  hər şeydə sevgilisinə öz istəklərini diqtə eləyən qadın, bu əsnada “Bitlz” heyranlarının ona zillədiyi nifrət dolu baxışlarına əhəmiyyət belə vermir. Düzünə qalsa, Lennon da “mismar” olmaqdan şikayətçi deyildi. 

 

 

 

“Hər kişinin ilk aşiq olduğu qadın anasıdır” deyən psixoloqları haqlı çıxaran mənzərələrdən biri idi Lennon-Yoko eşqidi.

Napaleondan Sezara, Salvador Daliyə qədər  həssas ruhlu hər kişidə rastlanmış “anası kimi gördüyü qadını sevmə” duyğusu Con Lennonda da vardı.

Hələ 17 yaşı olanda, çox sevdiyi anası polis maşınının altında əzilərək ölmüşdü.  Valideynləri onun 2 yaşı olanda ayrılmışdı. 20 yaşına qədər Lennon atasını cəmi-cümlətanı 2 dəfə görmüşdü. Anası onun üçün sahib olduğu tək varlıq idi. Onu “Bitlz”ə aparan yolu da bir az anası cızmışdı –  gitara hədiyyə edərək.

Doğrudanmı Yokonu Lennona bu dərəcədə sevdirən şey onda gördüyü sahiblənmə və qayğıkeşlik hissi idi?!

Yoko Con Lennondan 7 yaş böyük idi. Ancaq Yokonun böyüklüyünü sadəcə passportdakı doğum tarixi ilə hesablamaq doğru olmazdı. O, xarakter olaraq yetkin və həyatdan nə istədiyini bilən qadın idi. 

 

 

Con Lennnonun həyatının ən önəmli tanışlıqlarından biri 1956-cı ildə dostlaşdığı Pol Makkartni idi. Onlar sadəcə dost olmadılar, eyni zamanda birlikdə çoxlu mahnı yazdılar. Daha sonra Pol Makkartni Con Lennonu Corc Harrison ilə tanış edir və beləcə ilk adı “The Silver Beetles” olan  əfsanə  “The Beatles” (Bitlz) qrupu  yaradılır. Qrupun “Love me do” adlı  ilk 45liyi 1962-ci  ildə çıxır və dünya “Bitlz” dalğasına qapılır. O qədər rəğbət görməyə başlamışdılar ki, ard-arda qazandıqları mükafatların sayını heç özləri də bilmirdi.

Sevilirdilər, məşhur idilər,  üsyankar idilər…

Qrupun beyni, uğur böcəyi şübhəsiz Con Lennon idi.
Sevilən solist Amerikadakı bir müsahibəsində “Bitlz hazırda İsadan daha məşhurdur” deməsiylə aləmi bir-birinə qatmış, mühafizəkarların narazılığına səbəb olmuşdu. Radikal xristianlar atəş püskürürdülər. ABŞ-da “Bitlz” valları küçənin ortasındaca yandırılırdı.
Ancaq bütün bunlar kədər və ümid dolu sözlərin birləşməsindən mükəmməl əsərlər yaratmağı bacaran Con Lennonu bitirə bilmədi.
Di gəl, dünyanı öz təsir dairəsinə salan “Bitlz” Con Lennon üçün zəngin bir ailənin qeyri-adi qızını tanıdığı zaman bitdi. 

 

 

Yoko Ono Amerikada fəlsəfə təhsili almış, əsl avanqard, azadlıq döyüşçüsü, sülh aktivisti idi.

Aristokrat bir ana tərəfindən yetişdirilmişdi.  Nadir hallarda gülümsəyərdi. Üzünün yarısını örtən günəş eynəyi və görünməz olmaq istərcəsinə geyindiyi  qara rəngli libaslar onu soyuq, ruhsuz və ürküdücü göstərirdi. 

Tərzinin fərqliliyi Dadaizm axımından təsirlənən ruhunun göstəricisi idi əslində. Etdiyi heç bir şeyi bilinən üsullarla etmirdi. Sənət əsərlərini fərqli formada yaratmağa çalışırdı. Məsələn, zəngi basaraq şeir yazır, ağaç əkərək heykəl düzəldildi.

Con Lennon onu belə tanıtmışdı: “Dünyanın ən məşhur müammalı sənətçisi.  Hər kəs adını bilir, ancaq nə etdiyini heç kəs bilmir”.

Bu cür göstərişsiz,  fövqəl qadın  XX əsrin tragik eşqinin sahibi və ən çox tənqid olunan qadın kimi anılanacaqdı…

 

 

 

Bir kişinin həssas nöqtəsi yaşadığı eşqdə qadını tərəfindən təsdiqlənmək, bəyənilmək arzusudur.  Con Lennon da müəyyən mənada bu həssaslığa məğlub olmuşdu. Sevgilisi Yoko Ono tərəfindən təsdiqlənmək üçün hətta musiqi anlayışını belə dəyişdi. Həyatının bir parçası kimi gördüyü “Bitlz”dan ayrıldı və qrupu dağıtdı. Dünya inanılmaz bir heyrət içində idi. 

“Bir qadın sülh üçün düşündüyü axmaq layihələri ilə Con Lennonu istedadını boşa xərcləyən saqqallı dərvişə çevirdi” kimi qəzəb, üsyan, üzüntü dolu yazılar yazmağa başlamışdı dünya qəzetləri.

 

 

Bu arada Lennon arvadı Sintiyadan ayrılmış, Yokoyla evlənmişdi. Ər-arvad birlikdə müharibələrə qarşı çıxan layihələr hazırlayır, filmlər çəkir, musiqilər yazırdılar. Hətta Con yeni dünyasına o qədər çox qapılmışdı ki, kraliçanın “Bitlz” üzvlərinə verdiyi şərəf ordenini İngiltərənin xarici siyasətini protest etmək niyyətilə geri  qaytarmışdı.

Dünyanın hər yerindəki “Bitlz”  pərəstişkarları Yokoya nifrət edir, onu “yapon cadugəri” adlandırırdılar. Hətta “Bitlz”ın digər üzvləri öz aralarında “Yoko ooh nooooo!”  kimi bir “atalar sözü” də icad etmişdi. 

Yoko “Bitlz”ın ona qarşı olan nifrətini belə anladır: “Bir dəfə Bitlz üzvləri ilə birgə bir oteldə qalmışdıq. Biz otaqda Con ilə bərabər idik. Qapı kilidli deyildi. Bitlz asisstentlərindən biri qapını döymədən içəri girdi və sanki mən orda yoxam kimi birbaşa çarpayımızın yanına gəldi. Mənim üzümə belə baxmadan Cona nəsə deməyə başladı. Bu, çox təhqiredici vəziyyət idi.”

 

Con Lennon eqosuna güvənən kişi idi. Bunun üçündür ki, illər boyunca kimsəyə məhəl qoymadan eşqini istədiyi kimi - sərhədsizcə yaşadı. Və gözü götürməyənlərə  inad sevgili Yokosuyla xoşbəxt olduqlarını göstərən  çılpaq şəkillər çəkdirdi.

Hər kəs bu münasibəti istədiyi kimi şərh edirdi. Həddini aşıb “Con yataqdakı qadının köləsinə çevrilib” deyənlər də oldu. Amma o sıralarda fərqinə varılmayan bir gerçək vardı: Con Lennon Yoko Ononu sevirdi.

“Necə sağ əlim, necə sol əlim varsa, bir də elə Yokom var” deməsi də bu eşqin gerçəkliyinin sübutu idi.

 

Sevginin kökündə yatan duyğu ruh dostluğuna söykəndiyi zaman o eşq bütöv, gerçəkci, əvəzedilməz olur.

Conla Yoko hər şeydən əvvəl ruh yaxınlığı olan dost idilər. Yoko hər konsertdə, hər klip çəkilişində, hər məşqdə Conun yanındaydı və yapon gözləri sevgilisinə fokuslanmışdı.

Mahnı oxuduğu yerdə ani hərəkətlə qulaqlığını çıxarıb Yokonun yanına qaçan və çılğınca rəqs eləyən Con Lennon bu qadına aşiq idi.

 

 

Və mahnısında da dediyi kimi “əsasən qısqanc adam idi”.
Elə ki, Yokoya yapon dilini belə qısqanırdı.
Müsahibələrinin birində “Yaponca bilməyimdən xoşu gəlmir. Çünki bu, onun bilmədiyi parçamdı. Bir müddət sonra yapon dilində qəzet, jurnal oxumaz hala gəlmişdim” – deyir Yoko.

 

Çılğın eşq, xoşbəxtliklə keçən münasibətlərinin ortasında 18 ay ayrı qalır məşhur cütlük. Con üçün sərxoşluq və ümidsizliklə keçən 18 ay, Yoko üçün də dözülməz idi.
İlk addım isə yenə cəsarətli qadın tərəfindən atılır.
Yoko Conun evinə gedir və 18 aydır ayrı olduğu sevgilisini başqa bir qadınla yataqda görür, ancaq geri dönmür. Conun əlindən tutaraq çölə çıxaran Yoko, yataqdakı qadına “mən olmadığım vaxtda sevgilimə yaxşı baxdığın üçün təşəkkür eləyirəm” deməyi də unutmur.

 

 

1980-ci ilin 8 dekabrına qədər iki əfsanə bir-birini yaratdı.

Və tapançasındakı bütün güllələri pərəstişkarı olduğu Con Lennona yağdıran Mark Devid Çepmen, sonrasında heç bir şey olmamış kimi səkiyə oturub, cibindən çıxardığı “Çovdarlıqda uçurumdan qoruyan” romanını oxumağa başladı.

Yoko Onoya isə o gündən sonra xilas ola bilməyəcəyi əsmə tutması, Lennondan olan oğlu və pianosunun içində saxladığı Con Lennonun külü qaldı...

 

 

 

Hazırladı: Aysel Əliyeva

Mənbə: Müəllif:
Yapon, cadugərinin, ram, etdiyi, adam:, Lennon-Yoko, eşqi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı