Bu layihənin adı «18+»dur. Layihə çərçivəsində hər müsahibə 18 sual veriləcək. Söhbətin sonunda, «+» hissəsində müsahibimiz bizə iradları varsa, iradlarını bildirəcək, sualları varsa, suallarını verəcək. Müsahibələrin mövzusu yaradıcı insanların həyatı, iç dünyası, ailədə, cəmiyyətdə mövqeyidir. Müsahiblər müxtəlif peşə sahibləridir. Böyük əksəriyyəti qeyri-yaradıcı sektordan seçilib. Bura fəlsəfə alimi, həkim-psixiatr, universitet rektoru, yaradıcı şəxslərin həyat yoldaşları, özləri, oxucular daxildir.
Məqsədimiz fəlsəfə, tibb, psixologiya, yaradıcılıq, ailə və cəmiyyət fonunda yaradıcı insanların daxili aləmini işıqlandırmaq, onların bilmədiyimiz tərəflərini, mənəvi problemlərini, iç savaşlarını görə bilmək cəhdi və bütün bu prosesin təzahür forması olaraq gözümüzün önündə yaranan, yaşayan ‘’yaradıcı şəxsi’’ tanımaqdır.
İlk müsahibim Respublika 1 saylı Psixiatrik Xəstəxananın həkim-psixiatrı Orxan Fərəclidir.
1.Qarpızın tərkibinin əsas hissəsi sudan ibarət olsa da, orda cüzi miqdarda başqa elementlər var ki, onu sudan ayırıb, qarpız edir. Bəs yaradıcı insanları adi insanlardan ayıran o elementlər nələrdir?
- Mənim fikrimcə, yaradıcı adamlar sözün yaxşı mənasında bir qədər “anormal” insanlardır. Onların hadisələrə reaksiyası, həyata baxışları bir qədər fərqlidir. Bu fərqlər rəssamlarda, şairlərdə, musiqiçilərdə, incəsənətin bütün sahələrindən olan insanların hər birində fərdi xarakter daşıyır. Bir şairi digərindən, bir bəstəkarı başqasından fərqləndirən bu elementlər qarpızdakı kimi konkret, adı bilinən elementlər olmasa da, mütləq var.
2. Hər hansı fiziki iş, yaxud rəsm əsəri, foto, bir sözlə, hər şey beynin düşündüyünü əllərə ötürməklə yaranır. Şeir yazmaq da bu cür prosesdirsə, şeir düşüncənin məhsuludursa, onda niyə yazarlar və şairlər arasında ‘’istedad göydən gəlir’’ kimi bir fikir formalaşıb?
- Ümumiyyətlə, göy bir az mistik anlayışdır və səbəbi qaranlıq, naməlum qalan şeylər də zaman-zaman bu mistikanın içərisində gizlədilib. Bəlkə də şairlər adına istedad deyilən bu qəribəliyin, düşüncə tərzindəki fərqliliyin səbəbini izah edə, özləri üçün aydınlaşdıra bilmədiklərindən ona mistik don geyindirirlər. Amma istedad təkbaşına hər şeyə qadir deyil və mütləq cilalanmalıdır.
3. ‘’Zövqlər müzakirə olunmur’’ fikri sənətin dostudur, ya düşməni? Çünki bu prinsipi əsas götürüb hər cür bayağılıq yaratmaq olar.
- Bu fikir nələrəsə öz istədiyin donu geyindirmək məqsədilə uydurulub. Zövqlər ciddi şəkildə müzakirə olunmalıdır və insanlara aşılanmalıdır. Yəni kütlə tələb edir deyə bayağı şeyləri tirajlamaq birmənalı şəkildə yanlışdır.
4.Yaradıcı insanlar xırda detalları, bizim fikir vermədiyimiz kiçik hadisələri tez və asanlıqla müşahidə edir, bunları, obrazlı desək, ‘’oğurlayır’’ və yaradıcılıqlarında hansısa şəkildə istifadə edirlər. Bu nöqteyi-nəzərdən yaradıcı şəxslərə bir növ kleptoman deyə bilərikmi?
- Qısa bir məlumat verək: kleptomaniya qarşısıalınmaz oğurlamaq istəyidir. Belə insanlar hansısa maddi dəyəri olmayan, yararsız, lazımsız şeyləri oğurlaya, kiməsə hədiyyə edə və yaxud ata bilirlər. Məsələn, restoranda çay qaşıqlarını, diş çöplərini oğurlayırlar. Yaradıcı insanlarsa ‘”oğurladıqları” detallardan istifadə edərək nəsə yarada bilirlərsə, məncə, onlara kleptoman kimi yanaşmaq doğru olmaz.
5.Yaradıcılıq posttravmatik stress sindromundan başlaya bilərmi?
- Posttravmatik stress sindromu adi travmalardan sonra yox, hansısa cəmiyyət, bəşəriyyət, ərazi səviyyəsində yaşanan hadisə və qəzalardan sonra – məsələn, müharibələr, daşqınlar, təbii fəlakətlər- yaranan stress sindromudur. Dünya və Azərbaycan ədəbiyyatında müharibədən sonra həmin mövzuda yüzlərlə əsər yaradılıb və bir çoxunun müəllifi, məhz, o hadisələrdə iştirak etmiş insanlardır. II Dünya Müharibəsindən sonra Fransada yaranıb bütün dünyaya yayılan ‘’absurd teatr’’ ənənələrini də misal çəkmək olar. Yəni kimsə sevgilisindən ayrıldığı üçün musiqi bəstələyir, yaxud valideynini itirdikdən sonra şeir yazmağa başlayırsa, buna posttravmatik stress sindromu təkan verib demək yanlışdır.
6. Metafizik düşüncə tərzi ilə şizofreniyanın sərhədləri varmı? Varsa hardan başlayır?
- Mənbələrdə şizofreniyanın tərkibində ‘’metafizik intoksikasiya‘’ deyə bir anlayış keçir və iki formasına rast gəlinir: dinə ifrat meyllənmək və fəlsəfəyə ifrat meyllənmək. Bu cür adamlar lazımsız kitablar oxuyur, təriqətləri, axınları araşdırır, özünə lazım olmadığı halda bir çox dilləri öyrənməyə cəhd edirlər. Əgər həmin şəxs reallıqdan qopursa, reallıq hissini itirirsə, artıq şizofreniya başlamış sayılır. Bu sərhəddi də yalnız peşəkar müşahidə ilə təyin etmək olar.
7.Adına ‘’vicdan’’ deyilən şey nədir? Bu nəyinsə olmasıdır, ya olmaması?
- Sırf psixiatrik tərəfdən baxsaq, vicdan - insanın psixi sağlamlığının bir nömrəli göstəricisidir. Yəni sənin davranışların, hərəkətlərin öz düşüncə tərzinə ziddir, ya yox. Eyni zamanda bu mütləq anlayış deyil, dindən, yaşdan, dünya görüşündən və s. asılı olaraq dəyişir.
8. Tarix boyu müxtəlif yaşlarda intihar etmiş bir çox məşhur qadınların həyatlarını araşdırarkən məlum olur ki, onların, az qala, əksəriyyətinin ortaq problemi psixogen frigidlik olub. Bu problemin yaradıcılığa və intihara hansısa təsiri varmı?
- Psixogen frigidlik Freyd məktəbindən gələn anlayışdır, qadınlarda cinsi həyatın olmaması, yaxud cinsi həyatda soyuqluq deməkdir. Cinsi həyatı qaydasında olmayan qadınlarda isterik nevrozlar depressiyalara, depressiyalar da intihara aparıb çıxara bilər. Bu təkcə yaradıcı qadınlarda yox, bütün qadınlarda rast gəlinə bilər.
9. Beyin gimnastikası vacibdirmi?
- Bu, orta məktəb dərsliklərindən oxuduğumuz, hamının bilib, heç kimin əməl etmədiyi bir şeydir. Zehni və fiziki iş mütləq bir-biri ilə növbələşdirilməlidir. Zehni işlə çox yüklənən insanlara beyin istirahəti daha çox lazımdır. Bunun üçün iki dayanacaq piyada yol getmək də bəs edir. Yaradıcı insanlara bunun başqa müsbət təsiri də ola bilər. Belə ki, yolboyu rastlaşdıqları insanları və hadisələri müşahidə edərkən nəsə tapıntı da edə bilərlər.
10. Tibbə məlum olan müxtəlif sindromlar var ki, onların daşıyıcıları cəmiyyətdə fərqli, qeyri-adi insanlar kimi şöhrət qazanıblar. Şairlik, yazıçılıq, rəssamlıq, bəstəkarlıq da əslində hansısa psixoloji problem sayıla bilərmi?
- Freydin bölgüsünə görə yaradıcı şəxslər ən çox isteriya nevrozuna tutulurlar. Əgər biz müğənnilərə, şairə xanımlara diqqət yetirsək, onların adi hadisələrə necə qeyri-adi reaksiya verdiklərinin şahidi olarıq. Yəni Freydin yanaşmasından yola çıxsaq, yaradıcı insanlara potensial isterik nevrotiklər kimi baxmaq olar.
11. Şopenhauerin yanğın, Freydin musiqi, Dali və Nazim Hikmətin ölüm fobiyası vardı, Kafka atasından qorxurdu. Başqalarının iç dünyasına, təhtəl şüuruna qədər enməyi bacaran bu insanlar öz qorxuları qarşısında niyə aciz idilər?
- Fobiya normalda qorxmamalı olduğun, real təhlükə riski daşımayan şeylərdən qorxmaqdır. Yəni biri ilandan qorxursa, bu, fobiya deyil. Amma televizorda ilan görəndə qorxu yaranırsa, bu artıq fobiyadır. Yəqin ki, Freyd, Dali kimi dahilər bunun (real təhlükə olmadığının) fərqində idilər və ona görə də fobiyaları ilə mübarizə aparmaq istəməyiblər. Çünki psixoterapiyada ən asan və tez müalicə olunan problemlərdən biri fobiyalardır.
12. Edissonun qaranlıq fobiyası vardı və ilk işıq ampulunu icad etdi. Fobiyanın yaradıcılıqda rolu varmı, qorxular yaradıcı enerjini yönləndirə bilərmi?
- Bizə müraciət edən pasientlərin arasında tək qalmaqdan qorxanlar var. Onlar doğmalarının nömrələrini həmişə telefonun ana səhifəsində hazır saxlayırlar. Fobiya başlayan kimi vaxt itirmədən zəng edə bilmək üçün tapdıqları üsuldur. Əgər hansısa adi pasient bunu düşünə, çarə tapa bilirsə, fobiya yaradıcı insanları da nələrsə fikirləşib tapmağa vadar edə, yaradıcı enerjini istiqamətləndirə bilər.
13. Tarix boyu yaradıcı qadınlar arxa planda qalmış kimi görünür. Buna təsir edən faktorlar hansılardır?
- Qadın beyni ilə kişi beyninin heç bir funksional fərqi yoxdur, yalnız çəkiləri ilə fərqlənirlər. Ekstremal vəziyyətlərdə kişilər qadınlara nisbətən daha cəld reaksiya versələr də, bunu ciddi səbəb saymaq olmaz. Ən mühüm faktor tarix boyu qadınların ailə və cəmiyyət tərəfindən sıxışdırılmasıdır. Hətta bir çox uğurlu qadınlar cəmiyyətdə düşmən münasibətlə qarşılaşıblar. Bu prosesə məişət probləmləri, qadınlıq, analıq vəzifələri və sair də təsir edir.
14. Alkoqol, narkotik və nikotinin yaradıcı insanlar üçün dopinq rolu varmı?
- Bu düşüncə birmənalı olaraq alkoqol, nikotin və narkotikdən sui-istifadə üçün uydurulub. Xüsusilə hazırki dövrdə bunun gənclər arasında ayrı bir romantikası var. Sanki onlar yazılmamış bir ənənəni davam etdirirlər. Lakin bu tamamilə əsassız yanaşmadır.
15. “Yaradıcı darıxmaq’’ deyə bir anlayış varmı?
- Bu ifadə də yaradıcı insanların səbəbini tapmadıqları şeylərə yüklədikləri mistikadır.
16. Nəsə yazmaq, çəkmək, yaratmaq özünü gizlətməkdir, ya nələrisə aşkara çıxartmaq, aydınlaşdırmaq cəhdi?
- Mənim fikrimcə, yaradıcılıq nələrisə aydınlaşdırmaq cəhdidir. Düşünürəm ki, hər bir əsərdə müəllifdən bir hissə mütləq olur. Vacib deyil ki, müəllif orda özünü əsas qəhrəman kimi təqdim etsin. O, xırda, epizodik də olsa, mütləq bütün əsərlərdə iştirak edir.
17. Bəzən əsərdə hansısa xəstəliyi təsvir edən yazar səhv edir, həmin xəstəlik haqda geniş məlumatı olmadığı üçün təsvirləri yanlış olur. Oxucu da əsərdə qarşısına çıxan bu xəstəliyin bəzi əlamətlərini özündə, yaxud doğmalarında tapdığı üçün narahat olur. Bu səhvi müəllifə bağışlamaq olar, yoxsa məsələyə son dərəcə həssas, dəqiq yanaşılmalıdır?
- Bağışlamaq olmaz. Film çəkəndə, kitab yazanda bu məsələlər üzrə məsləhətçilər olmalıdır. Bir dəfə bir müəllifin kitabını oxuyurdum. Yaddaş pozğunluğu ilə əlaqəli hissələr vardı və olduqca dəqiq, səhvsiz işlənmişdi. Müəllifdən kimdənsə məsləhət alıb-almadığını soruşanda o, vikipediyanı araşdırdığını dedi. Mənim fikrimcə, bu məsələyə məsuliyyətli yanaşmaq lazımdır.
18. Yaradıcı insanlar, xüsusən, şair və yazarlar əsərlərində psixologiyaya, psixiatriyaya tez-tez müraciət edirlər. Bu hansı ehtiyacdan yaranır ?
- Müəllif əsərdə bir obraz yaradır. Onun xaricini istədiyi kimi bəzəyib geyindirdiyi, təsvir etdiyi kimi iç dünyası haqqında da bu və ya digər şəkildə məlumat verməlidir. Burda artıq psixologiya, psixiatriya, psixi xəstəliklər dövrəyə girir.
+ Müsahibəmizlə əlaqədar nəsə sualınız, ya da iradınız varmı?
- Heç bir sualım yoxdur. Sizə uğurlar arzulayıram.
Fəridə Məmmədova
|