Müsahibimiz rejissor Əli İsa Cabbarov 20 sentyabr 1974-cü ildə Bakıda anadan olub. ADMİU-nun kino və televiziya filmləri rejissorluğu fakültəsini bitirib. “Yeddi oğul istərəm, bircə dənə qız-gəlin”, “Təzadlar”, “Əyalət teatrları”, “Bir ana tanıyıram” kimi maraqlı sənədli filmlərin və “Düyün” bədii qısametrajlı filminin rejissorudu. Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının (AGFİA) sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, “Fokus” analitik kino jurnalının redaktorudu.
- Əli İsa, bildiyim qədərilə bu yaxınlarda sənin ssenarin Kinoşok festivalında müsabiqədə iştirak eləyib. Bir az ətraflı məlumat verə bilərsən?
- “Kinoşok” Anapa şəhərində keçirilir və MDB ölkələrinin kinofestivalıdı. Orda birgə istehsalat üçün layihələr müsabiqəsi var. Mənim “Elladanın bağbanı” adlı sinopsisim həmin müsabiqədə finala çıxmışdı, lakin qalib gəlmədi. İlk dəfə idi ki, sinopsisimi özüm tamamlayırdım. Həmişə peşəkar ssenaristə- Nərgiz Bağırzadəyə müraciət eləyirəm, amma bu dəfə özüm yazdım. Mövzusu azarkeşi olduğum kino formatında deyil, daha çox kommersiya xarakterlidi, ancaq art-haus potensialı da var, türk həmkarım sinopsisin formatını “bir Almadovar melodramı” kimi şərh etdi. Mənə maraqlı bir mövzudadı: zəif, aşağı statuslu adamın problemi, psixologiyası. Hadisələr böyük maliyyə dövriyyəsi olan bir ofisdə başlayır. Ofisi bir obraz olaraq cəmiyyətin modeli kimi götürürük. Əsas personajlar- ofisin ierarxiyasında ən aşağı pillədə olan - şanssız və bədbəxt kişi və ierarxiyanın lap yuxarısında dayanan ofisin rəhbəri, “yubkalı Soros" kimi təqdim olunan Elladadı. Əvvəldə “heç kim” olan bir adam finalda gəlib “hər şey” olur. Film bu barədədi. Zəif insanların həyatda şansı varmı? Gücsüzün içində gizlənən güc mənimçün çox maraqlı mövzudu.
- Yəni balaca adam mövzusu.
- Bəli. Əslində hamımız gücsüzük. Hətta Şvartsneqqer də. Bəlkə fiziki baxımdan məndən yüz dəfə güclüdü, amma özündən on dəfə güclü olan birinin qarşısında zəifdi. Milyardı olan adam milyonu olandan güclüdü, amma trilyonu olandan zəifdi. Yaxud da bütün insanlar təbiət kataklizmalarına qarşı zəifdi. Tarkovskinin Stalkeri ssenarinin ilkin variantında tamam fərqli olub- güclü, iradəli. Hətta fimdə həyat yoldaşı onun haqqında deyir ki, “yəqin başa düşdünüz ki, o, əsl quldurdu”. Ancaq filmə çevrilən versiyada Stalker artıq zəifdi, insanları Zonaya gəlməyə zorlamır, dəvət eləyir, ziyalıdı, özünə inanmır. Yəni bu gücsüzlük, zəif olmaq kompleksi müxtəlif şəkildə hamıda var. Bəzilərində aqressiya ilə üzə çıxır, bəzilərində kimsəsizlik, məzlumluq hissinə çevrilir. Mən də məhz, bunu sinopsisin mövzusu eləməyə çalışmışam.
- Yaxşı, niyə film yox, sinopsis?
- Çünki sonuncu dəfə bədii film rejissoru kimi 2009-cu ildə qısametrajlı “Düyün” filmini çəkmişəm. Sənədli film rejissoru kimi axırıncı dəfə üç il əvvəl, prodüser kimi isə iki il əvvəl işləmişəm. “Yuva” filmində. O da əsas yox, icraçı prodüser kimi. Son illər mənim layihələrim, təşəbbüslərim əməlli-başlı bloklanır. Səbəb də birinci Kinematoqrafçılar İttifaqının katibi olmağım, hüquqlarımı aktiv qorumağım və yerli kinematoqrafiyamızın problemlərindən açıq danışmağımdı. Məmurlar buna siyasi rəng qatırlar. Hətta axır vaxtlar dostlarım zarafatla deyirlər ki, “Bu meydan, bu ekran” layihəsi sənə görə bağlandı. Əslində bu qismən həqiqətdi, çünki sonuncu müsabiqənin qaliblərindən biri idim. Elmir Mirzəyevin ssenarisi əsasında gənc rejissor Rüfət Həsənovun çəkməli olduğu “Senzor” filminin prodüseri olmalıydım. Mənə dedilər ki, İttifaqdan çıxmasan, layihənə maliyyə ayrılmayacaq. Mən də imtina elədim. Məni siyahıdan silib digər iki qalibə vəsait versəydilər, anlaşılmaz situasiya yaranacaqdı. Ona görə də qalib layihələrin heç birini istehsalata buraxmadılar və növbəti il müsabiqə olmadı. Sonra isə yeni formatda- prodüser və rejissor olmadan, yalnız ssenari müəlliflərinin iştirakı ilə keçirildi.
- Yəni deyirsən ki, sənin film çəkmək imkanın yoxdu...
- Pikassonun bir sözü var. Deyir, əgər mən həbsxanada yatsam və rəsm çəkmək istəsəm, ağ divarda nəcisimlə də çəkərəm. Bu cümlə mənimçün qanun kimidi. Əgər yaradıcı insan öz xaçını daşıyan İsa peyğəmbər kimi olmalıdısa, İsaya heç bir bankir kredit ayırmayıb, ya da lisenziya verməyiblər, heç kim dəstəkləməyib. İnsanın deməyə sözü, mesajı olanda onu realizə eləmək üçün həmişə bir çıxış yolu tapar. Kino bazarının olmamağı, dövlət orqanlarının layihələrimə biganəliyi, senzura və s. məsələnin 70-80-di. 20-30 faiz səbəb içimdə dəlicəsinə vurulduğum bir ideyanın olmamağıdı. Belə ideya olsaydı, bütün maneələri aşa bilərdim.
- Mən bilirəm ki, sən çox oxuyursan, demək olar ki, bütün təzə kitabları, mediada çıxan bədii yazıları izləyirsən. Yəni bu vaxta qədər səni tutan bir ideya olmayıb?
- Yox, olub. Məsələn, “Quqark”ı çəkmək istəmişəm. Müxtəlif layihələrlə beynəlxalq ssenari müsabiqəsinə, dörd dəfə Mədəniyyət Nazirliyinə müraciət eləmişəm. Yəni qulpundan yapışmaq istədiyim ssenarilər var. Amma nəcislə divarda çəkməyə vadar eləyəni olmayıb. Azərbaycanda ssenari problemi həmişə olub və var. “Mənim işim ssenari yazmaqdı” deyən, peşə missiyası kinodramaturgiya olan insan bir, ya ikidi. Biləsən ki, bu adam yazıçı, şair deyil, ssenaristdi və bu işə xaltura kimi baxmır. Təəssüf ki, bizim yaradıcı komanda yazmağı və çəkməyi bir arada yürüdə bilmədi. Hətta bir dəfə mən belə bir təşəbbüs vermişdim: gənc yazarlarla gənc kinematoqrafçıların əməkdaşlığını təşkil eləmək. “Mosfilm”də belə bir birlik olub: yazıçılar və kinematoqrafçılar birliyi. Bu konseptual baxımdan son dərəcə vacibdi.
- Söz düşmüşkən, bizdə bu əməkdaşlıq niyə alınmır? Rejissorlar yazarları qane eləmir, yoxsa əksinə?
- Düzü, bilmirəm. Bildiyim odu ki, mən “Quqark”la “Haramı” romanlarını ekranlaşdırmaq istəyərdim. Bir də Seymur Baycanın dörd romantik hekayəsi əsasında Nərgiz Bağırzadənin yazdığı ssenari sıra etibarilə axırdan ikinci “Bu meydan, bu ekran” müsabiqəsində münsiflər heyətinin xoşuna gəlmişdi, səsvermədən də keçmişdi. Sadəcə son anda nazir deyib ki, “Qarabağ mövzusunda belə filmlər çəkmək hələ tezdi”. O ki qaldı ümumiyyətlə gənclər arasında əməkdaşlığın alınmamasına... Buna dəfələrlə cəhd eləmişik. “Bu meydan, bu ekran” müsabiqəsi də bu cəhətdən çox yaxşı idi. Prodüserlər, rejissorlar, ssenaristlər arasında əlaqə yaranırdı... Nə bilim.. Niyə biz futbol oynaya bilmirik? Niyə bizdə xor ənənəsi yoxdu? Muğam- yəni individual ifaçılıq populyardı. Çünki kollektiv işə meylli deyilik. Bu bizim psixologiyamızdan irəli gəlir. Bu, tarixi hadisələrdə də özünü göstərir. Yalnız həddindən artıq xarizmatik şəxsiyyətlər fövqəladə iradənin, intellektlərinin hesabına azərbaycanlıları bir yerə toplaya bilib.
- Belə baxanda kino da hardasa kollektiv fəaliyyətin məhsuludu.
- Kinomuz zəif deyil. Azərbaycanda ildə iki-üç film çəkilir. Artıq Venesiya festivalının proqramına düşüb. Karlovı-Varı festivalında iki-üç ildən bir iştirak eləyirik. Mənim prodüseri, rejissoru olduğum qısametrajlı filmlər beynəlxalq festivallarda qalib olub, əcnəbi telekanallar tərəfindən nümayiş hüquqları alınıb. Sadəcə bizdə komandanın kapitanı, ya da yaxşı məşqçisi yoxdu. Bunu deməkdən bezmişəm, amma ölkə prezidenti tərəfindən təsdiq olunmuş 2008-2018-ci ildə Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət proqramında xüsusi qeyd olunub: prodüser kinosu dəstəklənməlidi, müştərək istehsalat dəstəklənməlidi, Avropa Birliyinin Kino Fondu Avro İMAGE-yə daxil olmaq lazımdı. Yəni dövlətin sənədində kinonun prodüser modeli dəstəklənir. Əfsus ki, proqrama əməl olunmur.
- Hətta proqram təsdiq olunandan bir-iki il sonra prodüserlərlə əməkdaşlıq dayandırıldı. Elə bir sistem tətbiq olundu ki, prodüserlərin fəaliyyəti məhdudlaşdırıldı.
- Bu da konkret bir nəfərin məsuliyyətsizliyinə görə baş verdi. Amma niyə qurunun oduna yaş da yanmalı idi? Axı, dövlət başçısının təsdiqlədiyi sənəddə deyilir ki, prodüser kinosu inkişaf etdirilməlidi. Halbuki Azərbaycanda kino bütünlüklə “Azərbaycanfilm” kinostudiyasının monopoliyasındadı. İqtisadiyyatın bütün sahələrində özəl şirkətlər aktiv rol oynayır, kinoda yox. Sanki kinomuza bazar iqtisadiyyatı hələ gəlib çıxmayıb, hələ də planlı ekonomikadayıq. Halbuki vergi ödəyicilərinin pulu heabına formalaşmış kino büdcəsini daha ağılla, effektli, gəlirlə xərcləmək olar. Prodüserlər layihə ilə müraciət eləyəndə deyirlər ki, büdcənin müəyyən faizini siz gətirin. Müxtəlif səbəblərdən Azərbaycanda biznesmenlər mədəniyyətə maliyyə qoymur. Başqa tərəfdən əgər özəl prodüserlərə belə bir faiz şərti qoyulursa, dövlət studiyalarına niyə eyni şərt qoyulmur? Niyə belə ayrıseçkilik var? Məmnuniyyətlə faiz şərtinə getmək olar, amma dövlət studiyaları da bu şərtlə işləsinlər, onda rəqabət olar və keyfiyyətli məhsul alınar. Xarici investorlarla Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığının alınacağına isə inanmıram. çünki nazirlik rəsmi orqandı, onun müəyyən bir siyasəti var. Əcnəbi müstəqil prodüserlə mövzu, senzura nöqteyi-nəzərindən fikirlər üst-üstə düşməyə bilər.
- Bilər niyə? Elə kinostudiyanın təşkil elədiyi treninqdə fransız prodüser dedi ki, festivallara göndərilən filmlərdə sosial, ya da siyasi bir konfliktin olmağı vacibdi.
- Amma bizdə sovetin ilk dövrlərindəki kimi konfliktsizlik teoriyası tətbiq olunmağa başlanıb. Bu da nə ilə bağlı imiş? Məmurların məntiqi təxmini belədir: Azərbaycan Ermənistanla həm də informasiya müharibəsi vəziyyətindədi. Çəkilən filmlər də bu informasiya müharibəsinin “iştirakçılarıdı”. Ona görə də bizim əleyhimizə istifadə oluna biləcək film çəkilməməlidi. Burda bir məntiq görmək olar, amma əslində absurddu. Onda biz heç nə çəkməməliyik. Çünki dramaturgiyada konflikt deyilən bir şey var. Onda belə çıxır ki, yeganə mövzumuz kişi-qadın münasibəti, love story-lər olmalıdı. Hərçənd bir dəfə bir kino məmurundan soruşdum ki, baş qəhrəman bədbəxt sevgi ucbatından özünü öldürə bilər? Cavab verdi ki, yox, məsləhət deyil. İtalyan kinosunun dünyanı fəth etmiş ən məşhur filmlərinin qəhrəmanı fahişədi. Belə çox misal gətirmək olar.
- Niyə elə uzağa gedirsən? Elə sovet dövründə çəkilən filmləri götür. Müsbəti göstərmək üçün mənfi lazımdı.
- Doğrudu, ağı göstərmək üçün mütləq qaranı göstərmək lazımdı. Bu aksiomadı. Hətta dramaturgiyanın belə qanunu var: müsbət personajın mənfi xüsusiyyətlərini də göstərməlisən ki, tamaşaçı ona inanıb sevə bilsin. Azərbaycan kinosu konfliktsizlik teoriyası ilə hara gedəcək, bilmirəm. Ancaq yenə deyirəm: mən əminəm ki, rejissorun içində həyəcan təbili çalanda mobil telefonla da çəkə bilər. Əlbəttə yaxşı olardı ki, kino bazarı olsun, məmurlarımız daha kreativ olsun, adam qadağalardan bezir. Amma heç kim mənim telefonla, şəxsi kameramla çəkməyimə mane olmur. Heyif ki, tək bununla da alınmır. Başa düşürsən?
- Yox, başa düşmürəm. Niyə alınmır? Sən peşəkar rejissorsan. Nə ilə çəkdiyinin nə əhəmiyyəti var?
- Bu yaxınlarda məndən yeddi-səkkiz yaş kiçik gənc rejissora dedim ki, filan mövzu çox yaxşıdı, niyə çəkmirsən? Cavab verdi ki, bir prodüserlə başladıq, alınmadı, o birisi ilə iş getmədi və s. Dedim ki, bəs niyə özün çəkmirsən? Qayıtdı ki, daha o yaşım deyil. Bilirsiz, bu nə deməkdi? Mən Azərbaycan kinosunun yaşlı nümayəndələri ilə söhbət eləməyi, onların gəncliyini, mühitlərini araşdırmağı sevirəm. Bizdə həmişə iki dilemma olub: nümunəvi azərbaycanlı kişi olmaq, yoxsa yaxşı kinematoqrafçı? Nümunəvi Azərbaycan kişisi kimdi? O qədər pul qazanırsan ki, ailəni dolandırırsan, yaxşı evin var, maşının var, uşaqlarına yaxşı geyim, yemək ala bilirsən. Ancaq yaxşı rejissor olmaq bəzən ailənin ehtiyaclarını iqnor eləmək deməkdi. Bəzən asketik həyat tərzi keçirməyi, pis ssenaridən imtinanı tələb eləyir. Azərbaycanda onlarla istedadlı rejissor ailəsini saxlamaq üçün pis ssenariyə “hə” deyib. Yəni orta statistik azərbaycanlı rejissor üçün sosial status yaradıcı statusdan daha vacibdi. Bir də görürsən, adam çoxdandı peşəkar fəaliyyət göstərmir, amma fəxri ad almaq istəyir. Çünki bunu sosial status tələb eləyir. Bu baxımdan səninlə razıyam. Elvin Adıgözəllə Rüfət Həsənovun çəkdiyi “Buqələmun” filmi çox kiçik maliyyə ilə ərsəyə gəlib. Ancaq bu hal bizdə tendensiyaya çevrilmir. Mən də büdcəsiz formatda işləmişəm. Elə filmlər olub ki, gəlirini növbəti layihəyə xərcləyirdik. Məsələn, Asif Rüstəmovun “Arxası qibləyə” filmini çox az büdcə ilə çətin şəraitdə çəkmişik. Ya da dövlətin maliyyələşdirdiyi layihələrimizə beş manat verirdilərsə, hamısını kreativə qoyurduq. Ona görə də bizim filmlərdə son dərəcə peşəkar aktyorlar, Xəyyam Mirzəzadə kimi bəstəkar, Rafiz Nəsibov kimi rəssam, ya da Ramiz Fətəliyev kimi kinodramaturqlar işləyirdi.
- Ancaq qarşılığına da görürdüz. O filmlər- “Düyün”, “Ev”, “Arxası qibləyə” festivallara dəvət olunurdu, əcnəbi kanallar tərəfindən alınırdı. Yəni keyfiyyətli iş bunu tələb eləyir.
- Təbii ki. Mənim bir səs rejissoru dostum var. Fəlsəfi ruhlu adamdı. Bir neçə dəfə mənə deyib ki, Əli İsa, sən ölməlisən ki, film dirilsin. Başqa cür mümkün deyil. Hərçənd bu mənim üçün də dilemmadı. Amma problem sosial status deyil. Mənim üçün ovqatım daha vacibdi. Əgər öz ambisiyamı başqa bir şeylə doyuzdura bilirəmsə- Facebookda status yazmaqdan tutmuş siyasi aksiyada iştiraka, kino icmasındakı mövqeyimə, kino jurnalı nəşrinə qədər- bu artıq mənim yaradıcı ehtiyacımı kompensansiya eləyir. Məşhur rus rejissor Elen Klimovun ən böyük arzularından biri “Ustad və Marqarita”nı ekranlaşdırmaq olub. SSRİ Kinematoqrafçılar İttifaqının sədri olduğu vaxt belə bir imkanı yaranıb. Lakin çox bahalı layihə olduğundan yarımçıq qalıb. Klimov müsahibələrindən birində bu barədə “mən o filmi beynimdə çoxdan bitirib kosmosa göndərmişəm” demişdi. Kino nədi? Müəllifin və tamaşaçının qəlbinə məlhəm. O məlhəmi kino ilə yox, iki xoş sözlə, yaxşı əməllə, ya da sadəcə kimisə bağrına basmaqla eləyə bilirsənsə, eyni effekti verir.
- Azərbaycanda rejissor olmağın başqa ölkələrdə rejissor olmaqdan fərqi...
- Biz nəinki rejissor olmalıyıq, həm də kino mühitini, kino bazarını yaratmalıyıq. Mən təkcə rejissor deyiləm, həm də zorən redaktoram, zorən jurnalistəm. Normal kino mühiti- filmi istehsal eləyənlər, ona baxan tamaşaçılar, onlar üçün kinoteatrlar, filmi analiz eləyən jurnallar, filmi alıb-satan bazarlar deməkdi. Bizdə rejissor həm maliyyə axtarır, həm çəkir, həm festivallara göndərir, həm xarici prodüserlərlə danışıqlar aparır. Təbii ki, bu və ya başqa tipli maneələr hər yerdə var. Amerikada da.. Amerika kinosunun bürokratik mexanizmi məşhurdu. Orda prodüserdən icazəsiz “salam” sözünü “günaydın” sözünə dəyişmək olmaz. Amerikada bir neçə ilini həsr elədiyin, artıq təsdiq olunmuş bir layihə marketinq tədqiqatları nəticəsində uğursuz kimi dəyərləndirilə bilər, istehsalata buraxılmaz. Çox şey ola bilər. Maneələr həmişə və hər yerdə var. Sadəcə bizdə maneə- kino bazarının olmamağıdı, dünyada isə bu bazarın həddən ziyadə rəqabətliliyidir. Rejissura bu maneələrə qalib gəlmək deməkdi.
- Onda niyə onlar kino çəkə bilir, biz yox?
- Gürcü prodüser mərkəzlərindən biri ilə müştərək serial layihəmiz var. Onlar da pul qoyur, biz də. Deməli, potensial donor olan telekanallardan birinə zəng elədim, mənə cavab vermədilər. Bir az fikirləşdim və gürcü prodüserə dedim ki, sən özün zəng elə. Ona deyiblər ki, maraqlı layihədi, iştirak eləmək istəyərdik və s. Gürcü prodüser deyir ki, bizdə də peşəkarlar arasında münasibətlər çətindi, amma sizdə lap çətindi. Yəni bizdə, sadə desək, bir az qurdluluq var, bir-birimizə qucaq açmırıq. Azərbaycan cəmiyyətində bu gün hər kəs bir-birinin qəsdinə durub və bunun səbəbi təkcə siyasi vəziyyət, əhalinin maliyyə durumunun təbəqələşməsi deyil. Elementar olaraq bir qonşunun zibilini başqasının qapısına atmağından tutmuş polis zorakılığına, həkimin səhlənkarlağına qədər hər şeydi. Həkimin savadsızlığından əziyyət çəkən azərbaycanlı öz zibilini qonşusunun qapısına atır. Həmin evdə yaşayan polis başqa bir azərbaycanlını incidir. “Başqasının bədbəxtliyi üzərində öz səadətini qura bilməzsən” mənəviyyatın qızıl qanunu azərbaycanlı təhtəlşüuruna yeridilməyib. Bu, son illərdə baş verən hadisələrin, bazar iqtisadiyyatına ağrılı keçidin, müharibənin və s nəticəsidi. Biz yaşamaq uğrunda mübarizə apara-apara bir az vəhşiləşmişik. Amma bütün bunlara baxmayaraq, nələrsə eləyirik. Bu baxımdan Elçin Musaoğlunun filminin Venesiyada iştirakı mənimçün stimul oldu. Vaqif Mustafayev xeyli əvvəl Mədəniyyət və Turizm nazirliyi ilə konfliktdə olub, sonra barışıblar. Bu aralarda ondan müsahibə götürürdük. Dedi: “mən başa düşdüm ki, onların borcu badalaq vurmaq, mənim borcum da durub yoluma davam eləməkdi”. Bu da rejissorun qızıl qanunlarından biridi.
- Və son sualım. Kinematoqrafçılar İttifaqı nə ilə məşğuldu? Son vaxtlar- daha doğrusu, bölünmədən sonra adı var, özü yox kimidi.
- Yox, elə deyil. Birinci, bizi heç bir ciddi əsas olmadan Hökumət Evindəki ofisimizdən qovublar. Artıq beş ildi ki, maliyyələşmə yoxdu. Bundan əlavə dövlət orqanları üzvlərimizə psixoloji təzyiq eləyir. Bir neçə məhkəmə işimiz var: Ədliyyə Nazirliyi ilə məhkəməmiz bitdi. Təbii ki, bizim məğlubiyyətimizlə. Mingəçevirdə yaradıcılıq evimiz vardı. Orda uzun müddət qaçqınlar yerləşmişdi, biz də etiraz eləmirdik. Lakin onlar köçürüləndən sonra AZENCO şirkəti orda iki korpusu söküb, birinin də sökülmək təhlükəsi var. Həmin şirkəti məhkəməyə vermişik. Uzun müddət təzyiq altında olmuşuq. Hətta o dərəcədə ki, üzvlərimiz ittifaqa gəlməyə qorxurdular, adlarının çəkilməyini istəmirdilər. İndi də jurnalistlər üzvlərimizin sayını soruşanda dəqiq cavab vermək istəmirəm, şərti bir rəqəm deyirəm. Film çəkmək istəyən üzvlərimizə ittifaqdan çıxmağı təklif eləyirdilər. Buna baxmayaraq, Şəkidəki yaradıcılıq evimizi qorumuşuq, yüzlərlə mötəbər üzvlərimiz var. Hər il çəkilən filmləri izləyirik, analiz eləyirik, seçirik, mükafatlandırırıq. Ancaq bu böhran vəziyyəti həqiqətən çox uzandı və artıq mənasını itirib. Bu da məni narahat eləyir. Rəhbərliyə narahatlığımı çatdırmışam. Problemin həll olunmaq şansı artıb, amma nədənsə biz ondan istifadə eləmirik. Məsələn, siyasi təzyiq artıq yoxdu. Hətta bir üzvümüz prezidentin əmri ilə dövlət mükafatı ilə təltif olundu. Kinematoqrafçılar İttifaqının daşınmaz əmlak potensialı özünü maliyyələşdirməyə qabildirsə, niyə bundan istifadə etməyək? Odur ki, böhran vəziyyətinin bu qədər uzanması xoşagəlməzdi və belə olmamalıdı. Oturub fikirləşmək lazımdı. Çünki üzvlərimiz arasında narazılıq artır.
|