Xəbər haqqında
07 Dekabr 2017 - Cümə axşamı 17:16 1567 nəfər oxuyub
 
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
BAXIŞ Xəbəri
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması dünya gündəminin əsasını təşkil edir. Yaxın Şərqdə Suriya ilə bağlı məsələ həll edilmədiyi halda, Trampın bu qərarı onsuz da soyumayan İsrail-Fələstin münaqişə ocağını daha da alovlandırdı.

 

Maraqlıdır ki, bundan əvvəl də ABŞ prezidentləri hələ seçki kampaniyalarında Qüdsü paytaxt kimi tanıyacaqları vədini verirdilər. Ancaq ABŞ-dakı yəhudi lobbisinin dəstəyini almağa hesablanmış bu qərar elə vəd olaraq qalırdı. Tramp isə bu vədi həyata keçirdi və münaqişəli Qüds torpaqlarını İsrailin paytaxtı kimi tanıdı.

 

Maraqlıdır, Trampın bu qərarının arxasında, əslində, nə dayanır və ciddi narahatlıq doğuran prosesin sonu necə görünür?

 

Xeber365.com-un suallarını Sülhəddin Əkbər cavablandırıb. Onun sözlərinə görə, bu qərar bütün müsəlman dünyasını, eyni zamanda, xristian aləmini narahat edir: “ Çünki siyasətdən anlayışı olmayan insanlar elə bilirlər ki, bu qərar onsuz da uzun illərdir sabitlik və təhlükəsizliyi olmayan Yaxın Şərqdə vəziyyəti daha da xaotik hala gətirə bilər. Qüdsün İsrailin paytaxtı kimi tanınması Yaxın Şərqdə radikalizm, terrorizm və ekstremizmin yüksəlişinə, hətta böyük bir regional savaşa səbəb ola bilər.

 

 

Heç kimə sirr deyil ki, Trampın və onu hakimiyyətə gətirən yəhudi lobbisinin Yaxın Şərqdə Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələri ilə birlikdə yeni intizam yaratmaq planı var.  Bu, çox təhlükəli bir oyundur. Bu oyun güclü mənfi tendensiyalara səbəb olacaq.

 

Bu barədə Konqresin hələ 1995-ci ildə qəbul edilmiş qərarı var idi. Amma durumun həssaslığı, aparılan danışıqlar, tərəflərin ikidövlətli həll planı ilə razılaşması nəzərə alınırdı. Bu səbəbdən paytaxt  planın reallaşmasından çəkinirdilər”.

 

Politoloqun fikrincə, yəhudi lobbisinin İran məsələsini gündəmə gətirmək fikri var: “İranla müharibəni yenidən gündəmə gətirmək istəyirlər. Digər tərəfdən, Tramp haqqında impiçment məsələsi hələ də aktualdır.  Bütün bu sadalanan faktorlar üst-üstə düşdü və nəticədə Tramp bu qərarı verdi. Fikrimcə, bu qərar əks effekt verəcək. Ola bilsin ki, müəyyən bir müddətdə diqqəti Trampın ətrafında baş verən hadisələrdən yayındırsın. Amma bu müvəqqəti olacaq. Tramp indi  getdikcə daha çox küncə sıxılır. Onun üzərində basqı artır.  İndi hətta onun müharibə çıxarmaq ehtimalı yüksəlir. Bu, Fələstin ətrafında baş verəcək ya birbaşa İranla olacaq, bunu da yaxın gələcək göstərəcək. Mənə elə gəlir ki, İran məsələsi bir azdan daha aktiv şəkildə gündəmə gələcək, aktual olacaq. Düzdür, hədəfdə bütövlükdə Yaxın Şərqdir - burda yeni bir nizamın yaradılmasıdır. Amma ilkin  hədəf, mənim fikrimcə, İrandır”.

Mənbə: Müəllif:
Yaxın, Şərq, ölkələri, hədəfdə, -, Amma, əvvəlcə, İran...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı