Yazarın məqalələri
05 Oktyabr 2017 - Cümə axşamı 12:19 1090 nəfər oxuyub.
 
Azərbaycan müəllimlərini təbrik etməliyikmi?
Rövşən Danyeri
 
 

Bu gün müəllimlər günüdür. Sosial şəbəkələrdə hər kəs “Azərbaycan müəlliminə təbrik düşürmü?” sualını verir, bu mövzunu müzakirə edir. Bir çoxu uşaqdan rüşvət alan, xüsusi günlərdə hədiyyə almadığı üçün şagirdlərin qiymətini kəsən, seçkilərdə “canfəşanlıq” göstərən müəllimləri təbrik etməyin doğru olmadığını deyir.

 

Artıq neçə ildir ki, bu tip müzakirələr gedir, ancaq nəticə dəyişmir. Həmin müəllimlər isə heç dəyişmirlər. Buna görə düşünürəm ki, bu tip günlərdə tənqidin heç bir mənası yoxdur. Əksinə, həqiqətən, ürəkdən təbrik edə biləcəyimiz müəllimlərimizdən yazmalıyıq. Ən azı, onlar gənclər üçün müəllim modeli olsunlar. Gənclərin qarşısında rüşvətxor, gözüqıpıq yox, savadlı, dünyagörüşlü, namuslu, vicdanlı müəllimlərlə çıxaq. Tənqidə sərf etdiyimiz vaxtı yeri tərifə layiq müəllimlərə ayıraq.

 

Bizim məktəbdə Elxan müəllim var idi, tarixdən dərs deyirdi. Elxan müəllim məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirmişdi. Əsl müəllim həyatı yaşayıb. Qarabağ müharibəsində iştirak edib, qorxub qaçmayıb.

 

Yadımdadır, ilk dəfə onunla tanış olduğumuz gün, uşaqların çoxu dərsə girməmişdi. Çünki haqqında çox ciddi “əfsanələr” gəzirdi: Çox zəhmli müəllimdir, hər kəsin qiymətini kəsir, heç kimə güzəşt etmir. Ancaq sonradan öz gözlərimizlə gördük ki, oxuyanın nəinki qiymətini kəsir, hətta oxumağa cəhd göstərənə belə dəstək olurdu. Sadəcə, tapşırıqla, xahiş-minnətlə qiymət yazmırdı.

 

Universiteti bitirəndə Elxan müəllim rüşvət vermədiyi üçün təyinatını Qobustana salırlar. Hər gün Xırdalandan Qobustana 2 saatlıq yol gedir, 1 yaxud da 2 dərs deyib qayıdırmış. Ayın sonunda hesablayanda yola xərclədiyi pul maaşından çox çıxırmış. Amma heç kəsdən xahiş-minnət götürmədiyi üçün yerini dəyişdirilməyini istəmirmiş. Bu, 2 il belə davam edib.

 

Məktəbdə də vəziyyət fərqli deyildi. Öz duruşu, öz həqiqəti ucbatından dərslərinin birini birinci, birini üçüncü, birini isə beşinci saata salırdılar. Başqa müəllimlər iki-üç dərsi ard-arda keçib evlərinə gedəndə, Elxan müəllim gündə üç dəfə evə gedir, hətta ikinci növbə də dərsə gəlirdi.

 

Heç vaxt uşaqlardan pul istəməmiş, heç kimin qiymətini buna görə kəsməmişdi. Seçkilərədə canfəşanlıq etməmişdi, heç bir partiyanın  üzvü də deyildi. Öz müəllim əqidəsinə sadiq idi.

 

Aldığı maaşın yarıdan çoxunu kitablara xərcləyirdi, böyük bir kitabxanası var idi. Çox mütaliə edirdi, ona görə dərsləri də çox maraqlı olurdu. Çünki öz üzərində işləyirdi, təkcə dərsliklərdən yox, bir çox əlavə mənbələrdəki məlumatlarla dərsi daha da maraqlı edirdi.

 

Geyimə fikir verməzdi. Kinolarda gördüyümüz, kitablarda haqqında oxuduğumuz bir adam idi Elxan müəllim. Bir pencəyi, bir bambazı köynəyi var idi, qışın ortalarına qədər onu geyinərdi. Camaat baş-beynini aparmasa, qışda da palto geyinməzdi. Üşüməzdi, əksinə enerjisi bütün sinifə bəs edərdi.

 

Elxan müəllim heç vaxt səhv bildiyi şeyə düz demədi. Doğru hesab eləmədiyi xahişləri yerinə yetirmədi. Buna görə məktəbdə həmişə əziyyət çəkdi. Bütün bunlara rəğmən, yorulmadı və öz mövqeyindən dönmədi.

 

Bir neçə gün əvvəl Beynəlxalq Kitab Sərgisində qarşılaşdıq. Əynində 10 il əvvəl gördüyüm pencəyi, əlində iki torba kitab... Maaşın yarısı yenə getmişdi.

 

Onu müəllim adını qoruyub-saxladığı, biz şagirdlərinə yaxşı, dürüst insan olmağı və inandığı həqiqətlərdən dönmədən bu həyatda necə yaşamağı əyani olaraq göstərdiyi üçün təşəkkür edirəm. Bütün Elxan müəllimləri isə Müəllimlər Günü münasibətilə təbrik edirəm.

 

 
Etiketler: Azərbaycan, müəllimlərini, təbrik, etməliyikmi?,
Yorumlar
Haber Yazılımı