Yazarın məqalələri
02 Sentyabr 2017 - Şənbə 16:17 474 nəfər oxuyub.
 
Azərbaycan sineması üçün evə çevrilən "Ev" filmi
Leyla Novruzi
 
 

İran sinemasının vilayətlərdə, xususilə, Azərbaycanın şəhərlərində inkişaf edən qolu qısa filmlərdən ibarətdir. Əgər tarixini araşdırsaq, uzunmetrajlı filmlərin çox az olduğunu görərik. Bunun da əsl səbəbi sponsorlardır. 

 

Qısa filmlər az maliyyə tələb etdiyi üçün rejissorların öz istedadlarını göstərmələrinə imkan verir. Həm də vilayətlərdə bəzi idarələr, məsələn, Gənclər Sineması Toplumu və ya “Hozeye-hünəri” qısa filmlərin istehsalını himayə edir. Ancaq uzunmetrajlı filmlərin istehsalını maliyyələşdirən xüsusi təşkilatlar yoxdu. Bu səbəbdən vilayətlərdəki qısa film çəkənlər bir müddət çalışandan sonra Tehrana, ya da digər ölkələrə gedirlər və beləcə, vilayətlərdə sinema inkişaf etmir. 


 

Bir məsələ də var ki, onun barəsində çox danışılır, bəzən də sinəmanın pis və yaxşıya bölünməsinə səbəb olur. Həmin məsələ sinemanın müstəqil olmasıdır. 

 

“Ev” filmi müstəqil və uzunmetrajlı olduğu üçün onu İran Azərbaycanı sinemasının bayraqdarı adlandırmaq olar. Əlbəttə, bundan öncə də yaxşı filmlər istehsal olunmuşdu. O cümlədən, Ərk qardaşlarının “Soyuq” filmi. “Soyuq”, çox az maliyyə ilə çəkilib. Bu filmin əsl dəyəri, onun çəkildiyi zamanda Azərbaycanın sinemaya olan ehtiyacıydı. Amma bu yol bağlanmamalı, çox qısa zamanda təzə bir addım atılmalıydı. Və həmin addımı iki il sonra Əsgər Yusifi Nijad “Ev” filmi ilə atdı.

 

 

Kimin Evə ehtiyacı vardı?

 

Söylədiyim kimi, Azərbaycanın müstəqil və özünə aid bir sinemaya ehtiyacı vardı: elə bir sinemaya ki öz xalqına bənzəsin, onda Azərbaycanın rəngini görmək mümkün olsun, filmləri mədəniyyət və mənəviyyatın güzgüsünə çevrilsin vəs.  

 

Əslində, keçmiş illərdə bununla bağlı bəzi səylər olmuşdu, amma ya davam etməmişdi,  ya da yaxşı deyildilər.  Odur ki, bu boş sahə  cəsur əsgər istəyirdi və o, Əsgər Yusifi Nijad oldu. 

 

 

Təbii ki, ilklər həmişə seyrçilərin və medianın diqqətini qazanır. B dəfə də elə oldu. Azərbaycan incəsənətini sevən, dilini zülm altında görən xalq filmi himayə elədi.  O qədər ki, filmin haqqında yazılan bütün rəylər tənqiddən çox sevinclə dolu idi.  Hətta sinema baxımından “Ev” bəzi əskikliklərə sahib olsa da, Azərbaycan sinemasına yeni ruh verdiyi üçün onlardan söz edilmədi.

 

Hazırda İran Azərbaycanı sineması son filmlərlə özünə bir yaxşı yer tapıb və ev tikib. Artıq biz Azərbaycan sinemasını forma və təfəkkür  baxımından da zirvələrə qaldırmalı və öz sinemamıza sahib çıxmalıyıq.

 

“Ev” film təkcə Azərbaycan sinemasına və rejissoruna uğur qazandırmadı, həmçinin yaradıcı heyətin digər üzvləri üçün də faydalı oldu. Belə ki, vilayətlərdə aktyorlar və kamera dalında çalışan digər kino işçiləri, adətən, diqqətdən kənarda qalırlar ki, bu da işlərini davam etdirmələrinə həm karyera, həm də iqtisadi baxımdan zərərlidi. Ancaq hər hansı film yerli və beynəlxalq festivallarda iştirak edəndə kamera arxasında qalanların da sənəti önə çıxır.. Ancaq vilayətlərdə çəkilən filmlər nadir hallarda “Fəcr” kimi beynəlxəlq festivallara yol tapırlar. “Ev” filmi isə “Fəcr” festivalının divarlarını aşaraq onların şanslarını artırdı. İndi ən önəmlisi, belə filmlərin sayının artmasıdır. 

 

“Ev” filminin dili haqqında da çox yazılıb danışıldı.  Onu həm alqışladılar, həm də tənqid etdilər. 
“Ev” filmi atası ölmüş bir ailədən bəhs edir. Bu əhvalat Təbrizin sadə insanlarının   həyatından götürülüb və buna görə də qəhrəmanlar sadə xalqın üslübunda danışmalı, onun həyat tərzini göstərməlidir.  Dialoqlar, hətta sükutlar belə  Azərbaycan xalqının mədəniyyəti və tarixi araşdırılandan sonra yazılmalıdır. “Ev” filmində bütün bunları görə bilirik. Hərçənd, bəzən dialoqlar o qədər çoxdur ki, türkdilli seyrçilər belə filmi izləyəndə çətinlik çəkirlər.

 

 

 

 
Etiketler: Azərbaycan, sineması, üçün, , evə, çevrilən, "Ev", filmi,
Yorumlar
Haber Yazılımı