Yazarın məqalələri
06 Yanvar 2018 - Şənbə 00:13 379 nəfər oxuyub.
 
Birləşmək zamanı bu gündürmü?
Anar Əsədli
esedovanar@yahoo.com
 
 

Son günlərin ən ciddi və narahatlıq doğuran siyasi məsələsi İranda baş verənlərdir. İranda yaşanan hər hansı siyasi qaynarlığa Arazın bu tayındakı insanların aktiv reaksiyası təbiidir. Könül istərdi ki, İranda baş verən bütün proseslərin sonucu Azərbaycanın bütövlüyü ilə nəticələnsin.

 

Bu gün hər kəs, xüsusilə də Amerikada yaşayan güneyli soydaşlarımız müsahibələr, açıqlamalar verərək bizi bu fürsətdən istifadə etməyə, birləşməyə çağırırlar. Bunu biz də arzulayırıq... Amma hazırda önümüzdəki problemlər bizi hisslərlə deyil, ağılla, məntiqlə fikir yürütməyə vadar edir ki, bu zaman da ortaya xeyli sual çıxır və qarşımızı kəsir...

 

İrandakı çaxnaşmanı, onu yaradan səbəbləri həm bizim, hə də ümumilikdə regionun politoqları kifayət qədər analiz ediblər. Mənim söyləmək istədiklərim məhz bu qaynar hadisələrin içində məsələyə Bütöv Azərbaycan qurmaq fürsəti kimi baxan və buna dair çağırışlar edən insanlarımızadır. Gəlin əvvəlcə ümumi mənzərəyə diqqət yetirək:

 

1. Bu gün İranda nə baş verir?

2. Bütövlük məsələsində ən çox güvəndiyimiz ölkə ABŞ-ın mövqeyi nədir?

3. ABŞ-ın son dövrdə regionla bağlı mövqeyi necə olub və aktivliyi nə ilə nəticələnib?

4. Ən əsası, bu gün bütün prosesləri yönləndirən və ya Bütöv Azərbaycana doğru aparan yolu göstərən ideoloji-siyasi LİDER varmı?

 

Hər birinizə bəlli olduğu kimi, İranda əvvəlcə iqtisadi böhran və işsizlik səbəbiylə baş qaldıran etirazlar daha sonra siyasi xarakter daşımağa başladı. ABŞ isə hər zamankı kimi öz ampluasında idi: “İran xalqının yanındayam” kimi mücərrəd fikir bildirirərək… Hər kəs bu fikri öz bildiyi kimi şərh edə bilər. Ancaq gəlin düşünək: ABŞ-ın son dövrlərdə "yanında" olduğu xalqlar kimlər idi və bu xalqların aqibəti necə oldu? ABŞ-ı müdafiə etmək istəyən dostlar dərhal Gürcüstanın adını çəkərsə, burada bir qədər sakitləşib düşünsünlər. Gürcüstanda ABŞ-ın marağı xaos yaratmaq deyildi, həqiqətən də, demokratik rejimin bərqərar olması idi. Məhz bu səbəbdən də uzun illər öncə, hələ prosesi başlatmamışdan əvvəl lider yetişdirdi. Həmçinin birmənalı şəkildə dünyaya, özəlliklə Rusiyaya göstərdi ki, o istədiyi vaxt istədiyi prosesi müsbət yönləndirə və nəticələndirə bilər.

 

 

Digər tərəfdən, biz bu müsbət nəticəni Balkan ölkələrində da gördük. ABŞ Balkanlarda sülh istəyirdi və buna da nail oldu. Lakin ABŞ-ın “yanınızdayam” bəyanatı heç də həmişə səmimi olmur və nəticəsi də çox acınacaqlı olur. Suriyada, Liviyada, Misirdə, İraqda olduğu kimi… Burada bir istisna Misirdir ki, buna da səbəb öz içində lider yetişdirə bilməsi oldu, məhz o lider hesabına vəziyyəti müəyyən qədər ələ ala bildilər. Ancaq İraq, Suriya, Liviya, demək olar ki, dövlət olaraq mövcud deyil. Qan tökülür, xaosdur, kimin kimi və niyə öldürdüyü bəlli deyil. Bu ölkələrdə nəinki demokratik rejim bərqərar oldu, ümumiyyətlə, hər hansı bir dövləti idarə edən rejim də qurulmadı. Demək, ABŞ-ın marağı məhz həmin ölkələrin izini silmək idi. Bu gün də ABŞ-ın İrandakı etiraz aksiyalarına olan reaksiyası və standart bəyanatı məhz buna görə birmənali şərh edilə bilməz.

 

Hər kəs başa düşür ki, İranda avtoritar, qəddar dini rejim mövcuddur və bu rejim dəyişməlidir. Biz də bunu istəyirik: rejim dəyişsin, eyni zamanda, 40 milyonluq Azərbaycan türkləri, nəhayət, fars əsarətindən qurtulsun. Lakin ortaya yenə həmin sual çıxır: bu prosesi yönləndirən və arzuolunan nəticəyə gətirib çıxaran lider varmı?

 

Məncə, hər şey elə bu sualdan başlamalı idi. Ancaq bu sualın qısa və konkret cavabı – o liderin olmaması həqiqəti təəssüf doğurur. Və bu həqiqət təkcə Cənubi Azərbaycana yox, Şimali Azərbaycana da aiddir. Elçibəyin vəfatından sonra 18 ilə yaxın bir müddətdə Bütöv Azərbaycan davası aparan, prosesləri idarə edən, yönəldən ideoloji lider olmadı. Lider yoxdursa, bu etiraz, bu dava bizi məğlubiyyətə düçar edər, bu məğlubiyyət isə, bəlkə də, 100 illər boyu insanların birləşmək istəyini ürəklərdən, Bütöv Azərbaycan ideyasını beyinlərdən silə bilər. İnsan ölümləri, qan, həbslər insanların gözünü qorxudar və bu ideyanın gerçəkləşməsini ləngidər.

 

Biz ümidsiz deyilik, çünki Şimalda da, Cənubda da bu ideyanı uzun illərdir yaşadan siyasilər, ictimai xadimlər, alimlər, ziyalılar var. Düşünürəm ki, bu insanlar yenidən ciddi şəkildə təşkilatlanmalı, bir hədəf proqramı hazırlamalıdırlar. Təəssüf ki, illər əvvəl yaradılan Bütöv Azərbaycan Birliyinin bu gün izi-tozu belə yoxdur. Ancaq təşkilatlanmaq ən azından yaranacaq istənilən durumda çıxış yollarını aramaq və tapmaq üçün vacib şərtdir. Biz bütün hallarda hazır olmalı, Cənubda baş verənləri nəzarətsiz qoymamalıyıq. Orada yaşanacaqlar bizim fikir və qərarımızdan asılı deyil. Ancaq baş verənlərə hazır olmaq və durumu öz xeyrimizə dəyişmək bizdən asılı ola bilər.

 

Unutmayaq, Amerika heç vaxt bütövlük məsələsində bizim yanımızda olmayacaq. Biz ötən əsrdə 3 dəfə bütövlük uğrunda mübarizəyə qalxmışıq və nəticələri də tarixdə əksini tapıb. Amma diqqət edək, hər üç mübarizədə – Səttarxan, Xiyabani, Pişəvəri hərəkatlarında bizim bütövlük istəyimizə qarşı çıxan və bu hərəkatları basdıran kimlər olub? Birincidə Rusiya və Böyük Britaniya, 2-cidə yenə Böyük Britaniya və Rusiya, üçüncüdə isə Amerika, Böyük Britaniya və Rusiya. Bu tarixi həqiqətləri unutmaq olmaz. Eynilə hazırkı real siyasi durumu...

 

Onu da bilməliyik ki, daim yanımızda olan qardaş Türkiyəyə də bu gün regionda yeni bir qan ocağının yaranması sərf eləmir. Türkiyənin hazırkı geosiyasi vəziyyəti hamımıza məlumdur. Bu baxımdan İranda prosesin məcrasından çıxması region üçün arzuolunan deyil.

 

Əbülfəz bəy deyirdi ki, bizim millətin hər zaman bütövlük ruhu olub, amma önəmli olan o ruhu şüur halına gətirməkdir. İndi də ruhumuz var, onu şüura çevirənədək isə səbrli olmaq, hazırlaşmaq lazımdır. O günə qədər!..

 
Etiketler: Birləşmək, zamanı, bu, gündürmü?,
Yorumlar
Yazarın Arxivi
23 Sentyabr 2017 - Şənbə - 00:15 | Küləyə qarşı yürümək...
21 Avqust 2017 - Bazar ertəsi - 20:50 | Bəy də bunu arzulayırdı...
21 İyul 2017 - Cümə - 16:42 | EVİMİZİN DAMINDAKI JİRİNOVSKİ
23 May 2017 - Çərşənbə axşamı - 22:46 | Hər zaman Atilla olmaq
11 Mart 2017 - Şənbə - 10:40 | Medianı yeyən “əjdaha”
20 Yanvar 2017 - Cümə - 10:20 | 20 Yanvar - Türkün dirilişidir!
03 Aprel 2016 - Bazar - 10:20 | Barış savaşın son nöqtəsidir
27 Noyabr 2015 - Cümə - 10:19 | Aktivləşən Bombalar
13 Noyabr 2015 - Cümə - 10:18 | Boş qalmış meydan
02 Noyabr 2015 - Bazar ertəsi - 10:17 | Gələcəyi deyil, hüzuru seçən Türkiyə
29 Oktyabr 2015 - Cümə axşamı - 10:17 | İşğalın görünməyən tərəfləri
11 Sentyabr 2015 - Cümə - 10:16 | Qaranlığı aydınlada bilməyən ziyalılar
29 Avqust 2015 - Şənbə - 10:15 | Qaranlığın gücsüzlüyü və ya “güclü Rusiya” əfsanəsi
17 Avqust 2015 - Bazar ertəsi - 10:15 | Cəhalətin qurbanları
29 İyul 2015 - Çərşənbə - 10:14 | Barış üçün savaşan Türkiyə
21 İyul 2015 - Çərşənbə axşamı - 10:13 | Sovetin can verib ölməyən ənənəsi: fəxri adlar
25 İyun 2015 - Cümə axşamı - 10:12 | Qonşuların savaşı və barışı
11 May 2015 - Bazar ertəsi - 10:11 | Mümkünmü ayırsın bizi “İncil” ilə “Quran”?
16 Aprel 2015 - Cümə axşamı - 10:11 | Avropa Türkiyəyə qarşı yeni, rəsmi xaç yürüşünə başladı
13 Mart 2015 - Cümə - 10:10 | Möhkəm Çiyinlərin Sadə Sahibləri
23 Yanvar 2015 - Cümə - 10:08 | Bu gün o gün deyil!
29 Dekabr 2014 - Bazar ertəsi - 10:07 | Yeni ilə yeniliklərlə
18 Noyabr 2014 - Çərşənbə axşamı - 10:06 | Şəkil qardaşlığı
13 Oktyabr 2014 - Bazar ertəsi - 10:05 | Dövlətçilik ənənəsi, yoxsa məzhəbçilik?
22 Sentyabr 2014 - Bazar ertəsi - 10:02 | Avropa "ailəsindən" Türk "ailəsinə"
06 Sentyabr 2014 - Şənbə - 10:01 | NATO Zirvəsi və ya İŞİD-in silah qaynaqları hardandır?
25 Avqust 2014 - Bazar ertəsi - 09:56 | Yorğun deyil, çılğın demokratlar olaq!
Haber Yazılımı