Yazarın məqalələri
14 Oktyabr 2017 - Şənbə 16:55 1865 nəfər oxuyub.
 
Bizi boğan sarmaşığı özümüz yetişdiririk
Harun Ələkbərov
 
 

İnsanlar bağışlamağı və onun verdiyi həzzi unudublar. Müdriklərdən biri "Bağışlamaq bacarığı ilahi bir hissdir" deyib. Çünki insanlarda bir fikir var: "Səni bağışlasam, özümü bağışlaya bilmərəm”. İlahi bir hisslə müqayisənin səbəbi də budur ki, insan eqosu, nadirən "mən" deməkdən vaz keçə bilir.

 

Təbii ki, bağışlamaq həm də yaşadıqlarımızın ağırlığına görə dəyişə bilir. Əksər insanlardan soruşsanız ki, nəyi bağışlaya bilməzsiniz? "Mən xəyanəti bağışlamaram", "yalanı bağışlamaram" ,"oğurlugu bağışlamaram" ,"diqqətsizliyi bağışlamaram" … kimi cavablar verəcəklər. Ancaq dünyada hər insan mütləq bunları həm yaşayıb, həm də yaşadıb. Bütün bunlara rəğmən, ən çox da bağışlanmağı göylərdən gözləyən yenə bu insandır. Özü bağışlamır, amma bağışlanmaq istəyir. Və ən önəmli şeyi unudur insan, bağışlamaqla, yenidən başlamaq, yəni münasibəti davam etmək başqadır. Biz bağışlaya bilmədiyimiz üçün, unuda bilmirik, içimizdə nifrət, kin bəsləyirik. Halbuki bağışlamağın unutmağın ən asan üsulu olduğunu dərk etmirik. Bağışlamaq, unutmaq deməkdir. Biri yalanmı danışdı? Bağışla və artıq inanmırsansa, onun və öz həyatını çətinləşdirmə. Bağışla və həyatından çıxar. Bax zamanla necə unudursan… Biz isə özümüzü çətinə salırıq, hər günü bunu mənə necə etdi, necə yalan danışdı deyə düşünürük. Sən bu hissi hər gün olanları yada salıb təkrarlamaqla sanki bir sarmaşığı sulayırsan. Düşündükcə o böyüyür içində, danışırsan, o kök salır, qol-budaq atır və içini sarıb sevgini boğur. Sənə qalan kin olur, nifrət olur. Ona görə də bağışlamağı bacarın, buna cəhd edin, daha xoşbəxt olduğunuzu görəcəksiniz...

 

***

Bəzən məhz inanmadığımız üçün nələrdənsə vaz keçirik. Çünki bizi istəklərimizə bağlayan dərin köklər yoxdur. "Uğur qazanmağın 100 yolu" sənə sadəcə sənin və hər kəsin görə bildiyi yolları göstərəcək. Bütün aforizmlər, örnək götürüləcək həyatlar sadəcə ani bir qığılcım yaradacaq səndə. O qığılcımı oda çevirmək, ilk addımı atmaq isə yalnız bizdən asılıdır.
 

Onlarla insan pulun və vaxtın yoxluğundan şikayətlənir. İnanın, əgər həyatı yalnız pul və vaxtdan ibarət görürsünüzsə, bu, belə də davam edəcək. O qibtə etdiyiniz, kənardan gözəl görünən insanların həyatı sadəcə sevgiylə və vaxtını düzgün bölməklə gözəl olur. Sizə “Ailəni pulla almaq olmur”, “sevgi satılmır”, “xoşbəxtlik bəzən bir uşağın təbəssümndədir” demirəm, çünki doğrudan da, hər şey sizdən ötrü puldursa, hər şeyi satmaq olar, almaq olar. Yəni "əlinizdəki tək əşya çəkicdirsə, hər şey sizə mismar kimi görünər", təbii ki...
 

Əlinizdə və beyninizdə bərk-bərk saxladığınız bəzi inancları dəyişin, bəlkə, o zaman siz nəyisə dəyişə bilərsiniz.

 

***

 

İstənilən sahədə uğur qazanmaq üçün ən böyük kapital inamdır. "Pulum olsa, filan işi görərdim" ,"pul olsa, mən də bir dükan açardım" kimi cümlələri tez-tez eşidirik. İnsanlar işsizliyi pulsuzluğa bağlayır, hər şeyi pulun həll etdiyini düşünürlər. Pul bizə çox imkan yarada bilər, amma heç vaxt düşüncəmizin imkanlarından güclü ola bilməz. 
Kimi üçün qutu atılmalı bir əşyadır, amma kimsə ona düşüncəsi ilə bir qiymət qazandırar. Sən daşı ayaqlayıb keçirsən, o daşı rəngləyib satır.

 

Şikayət edən insan düşünə və irəli gedə bilməz, düşünən insanın isə təbii ki, şikayət etməyə vaxtı olmaz. Minlərlə manat pulunuz ola bilər, amma bir hədəfiniz, görəcəyiniz işə inamınız olmaz. Bir də baxarsınız  ki, əlinizdə nə pul qalıb, nə bir iş bacarmısınız. Ancaq ətrafınızda lazımsız görünən minlərlə əşyanı pula çevirə, öz işinizi qura və uğur qazana bilərsiniz. Sadəcə, nə istədiyinizi bilin və istəyinizə bağlı qalın…

 

 
Etiketler: Bizi, boğan, sarmaşığı, özümüz, yetişdiririk,
Yorumlar
Haber Yazılımı
kaçak iddaa