Yazarın məqalələri
12 Noyabr 2017 - Bazar 16:09 2661 nəfər oxuyub.
 
Cümhuriyyət Ermənistana torpaq satıb?
Elnur Astanbəyli
 
 

Bir yazı haqqında suallara cavab

 

 

Sual 4.  Azərbaycan Cümhuriyyəti  “Avropa agenturasının əsəri” idi?

 

Cümhuriyyəti başda ingilislər olmaqla,  Avropa siyasi və agentura dairələri ilə bağlamaq da çox komikdir. Ən azı ona görə ki, Rəsulzadə özü yeni qurulan Cümhuriyyətin heç bir xarici gücün himayəsində olmadığını və olmasının da mümkünsüzlüyünü dəfələrlə ifadə edib.

 

Ancaq gəl gör ki, bunu Azərbaycanı sadəcə Rusiyanın, yaxud İranın qoltuğunda təsəvvür edənlərə başa salmaq çətin məsələdir. Onlar nə Cümhuriyyətlə bağlı tarixi sənədləri oxumaq istəyirlər, nə də Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” və “Əsrimizin Səyavuşu” əsərlərini. Oxusalar, belə cahilcə və nadanca iddialarda bulunmağı ağıllarının ucundan da keçirməzlər. Cümhuriyyəti “Pravda” üslubunda, Mərkəzi Komitə təlimatları üslubunda şərləməz, gözdən salmağa çalışmazlar.

 

Ən yaxşı halda, oxuyurlar, ancaq oradakı aydın mesajları həyasızcasına görməzdən gəlir, yaxud təhrif yolunu tuturlar. Çünki ağıllarında sadəcə bu var: bu yaşadığımız torpaqları illah ki, Kreml əsarətinə dürtmək! Onun “xalqlar həbsxanası”nın qaranlıq kamerasından başqa bir şeyə çevrilməsinə imkan verməmək! Onu daim çarizmin müstəmləkəsi, for-postu kimi görmək!  

 

Digər yandan, bu da əsla və əsla unudulmamalıdır: 1918-ci ldə qurulan Azərbaycan Cümhuriyyəti çağdaş, modern dəyərlərə söykənirdi. Hansı ki, onları “bəşəri dəyərlər” adlandırırıq.

 

Gəl zaman, get zaman, bu dəyərlər daha çox Avropa coğrafiyasında öz təntənəsini yaşaması səbəbi ilə həm də “Avropa dəyərləri” kimi qəbul edilməyə başladı.

 

Azərbaycan Cümhuriyyətini sırf bu dəyərlərə – demokratizmə, hüququn aliliyinə, çağdaşlığa, dünyəviliyə, insan azadlıqlarının toxunulmazlığına bağlılıq və sadiqlik  səbəbindən sözügedən coğrafiyanın hegemon gücləri  (başda İngiltərə üzrə!) ilə əlaqələndirmək, daha dəqiqi, həmin güclərin əsəri kimi təqdim etmək vicdansızlığın pik nöqtəsidir.

 

Cümhuriyyət qurucuları elə dəyərlərdən, ideallardan güc alırdılar ki, biz bu gün də o dəyərlərə, ideyalara təşnəyik. Və nə onda Rəsulzadə ilə dava arxadaşlarının, nə də bu gün onların izindən yürüyənlərin suçu deyil ki, haqqında danışılan bəşəri dəyərlər, ideallar Avropanın böyük bir bölümündə həyata keçməsi səbəbilə həm də “Avropa dəyərləri” kimi təqdim edilir.  

 

Bu, heç kimə istər dünən Rəsulzadəni və silahdaşlarını, istərsə də eyni davanı aparanları hansısa güclərin əlaltısı kimi təqdim etməyə əsas vermir. Buna cəhd edənlər isə sonda ancaq özlərini biabır edəcəklər. Və həmişəki kimi yel qayadan yenə də heç nə aparmayacaq.

 

 

 5. Cümhuriyyət torpaq satıbmı?

 

Azərbaycan Cümhuriyyətini başda İrəvan olmaqla, bəzi torpaqları hazırkı Ermənistan Respublikasına “peşkəş” çəkdiyinə görə suçlamaq vicdansızlığın son həddidir. Müşfiq demişkən, “adamın üzündə həya gərəkdir”.

 

Bir: İrəvan və ətrafı ilə bağlı anlaşmanın hansı şəraitdə və şərtlər altında, niyə əldə edildiyini öyrənmədən bu mövzuda müzakirə və mübahisə açmaq yersizdir. Azərbaycan Cümhuriyyətinin torpaq mövzusunda həssaslığı, hansı basqılarla və tarixi reallıqlarla  üz-üzə qaldığı, bu durumdan minimum itki ilə çıxmaq üçün hansı çabalar göstərdiyi göz önündədir.

 

Kimsə unutmasın:  Cümhuriyyətin quruluşundan üç yuxarı, beş aşağı, bu ölkənin taleyi İran ilə Rusiya arasında pay-püşk edilmiş, kimsə cınqırını çıxara bilməmişdi.

Lütfən “Nə dəxli var?” deməyin. Çox dəxli var.

 

Gülüstan və Türkmənçay anlaşmaları onu göstərdi ki, ölkəsinin taleyinin  müəyyənləşdirilməsində iştirak etməyən insanlar olmadıqda həmin ölkəni asanlıqla başqalarına yem etmək mümkündür. Bu mənada Rəsulzadə və arxadaşlarının timsalında qurucu babaların varlığı bir şans idi. Onlar Azərbaycanı bacardıqları qədər yeni Gülüstan, yaxud Türkmənçay anlaşmalarından xilas etdilər. Yenə itkilərimiz oldu, ancaq Gülüstan, ya da Türkmənçayla müqayisədə tamamilə uduzmadıq, hətta  Azərbaycan Cümhuriyyətini qazandıq.

 

İki: Cümhuriyyət ilk dəfə bu ölkənin sərhədlərini çizdi. Həm də indikindən çox böyük bir coğrafiyada! Yoxdan bir ölkə var etdi. Əgər çar Rusiyası ilə Sovet Rusiyası arasındakı həmin 23 aylıq qutlu sürəc olmasaydı, indi Azərbaycan adlı məmləkətin mövcudluğundan nə qədər danışa bilərdik, konkret cavab vermək çətindir. Bu dediklərimizə quşqu ilə yanaşanlar Sovet işğalından cəmi 2-3 il sonra Cümhuriyyət torpaqlarının təxminən 30 min kvadrat kilometrinin hara buxarlandığına baxsınlar. Əlbəttə, əgər, vicdan, insaf duyğularını tamamilə itirməyiblərsə!

  

Və sonda:

 

Cümhuriyyətimizlə bağlı zaman-zaman ortaya atılan, bəziləri qərəzli və çirkin məqsədli, bəziləri isə bilgisizlikdən doğan digər suallara da yeri gəldikcə öz cavablarımızı verməyə çalışacağıq. Hələliksə yuxarıdakı suallara cavab arayışları ilə kifayətlənirik.

 

Və yazılarımıza “Cümhuriyyət şifrələri” silsiləsindən tarixi etüdlərlə davam etməyi daha doğru sayırıq. Şit səslənəcək, ancaq yenə də yazım: bizi izləyin...   

 

 

QEYD: Xeber365.com saytında bu sətirlərin müəllifinin “Cümhuriyyət şifrələri” tarixi etüdlər silsiləsindən növbəti yazısı dərc olunub: “Cümhuriyyət yaşasaydı, Novruzəli olmazdıq”. Yayımlanınca da özəlliklə sosial şəbəkələrdə çeşidli müzakirələrin, mübahisələrin ünvanına çevrilib.

 

Yazı müəllifi olaraq, həmin müzakirə və mübahisələrin xeyli hissəsi ilə tanışam. Yazı ilə bir çox görüşlərə sayğı duyuram. Tənqid edənlərə də, təqdir edənlərə də bu müzakirə və mübahisələrə zaman ayırdıqlarına görə təşəkkürlər!

 

Bəzilərinin düşüncələri mənə hər nə qədər Mərkəzi Komitə  təlimatçılarının üslubunu, “Pravda” qəzetinin dəst-xəttini xatırlatsa da, istənilən halda belə siyasi-ideoloji dartışmaları, söz atışmalarını faydalı görürəm. Həqiqət ancaq polemikalar, fikir çəkişmələri sayəsində üzə çıxa, parlaya bilər.  

 

Bununla belə, yazı ilə, daha doğrusu, oradakı bəzi fikirlərlə, ən əsası isə Cümhuriyyət və qurucuları ilə bağlı mövqe sərgiləyərkən xeyli dərəcədə yanlış, bəzən zərərli hesab etdiyim münasibətləri, mövqeləri cavabsız buraxmaq istəmirəm.

 

Ən azı ona görə ki, sözügedən müzakirə və mübahisələr zamanı ortaya çıxan bəzi suallara cavab vermək polemika açmış yazının müəllifi olaraq haqqımdır.

 

 (əvvəli bu linkdə: http://xeber365.com/yazar-cumhuriyy-tin-qurulmasina-t-saduf-kimi-baxmaq...-194.html )

 

 
Etiketler: Cümhuriyyət, Ermənistana, torpaq, satıb?,
Yorumlar
Haber Yazılımı