Yazarın məqalələri
10 Yanvar 2018 - Çərşənbə 12:38 423 nəfər oxuyub.
 
Cümhuriyyət nazirinin səsini radiodan eşidən qardaşnəvəsi...
Elnur Astanbəyli
 
 


Xeber365.com "CÜMHURİYYƏTİMİZ-100" layihəsi çərçivəsində Elnur Astanbəylinin təqdimatında "Cümhuriyyətin şifrələri" silsiləsindən növbəti yazını təqdim edir. 

 

 

Toğrul Cuvarlının adı çoxlarına tanışdır. İstər elm sahəsində, istərsə də jurnalistikada çalışanlara.

 

İxtisasca fizikdir.

 

Kino sahəsində xeyli çalışmışdı.

 

Yüksək intellektə və mədəniyyətə sahibdi Toğrul müəllim.

 

Son illərdə “Turan” İnformasiya Agentliyində ekpert kimi çalışırdı.

 

 “Alma” qəzetini çıxardığımız vaxtlarda Toğrul müəllimlə tanış olmaq, onu dinləmək fürsəti yaxalamışdım.

 

O zaman bilmişdim ki, Toğrul  müəllim Cümhuriyyət nazirlərindən biri Xəlil bəy Xasməmmədlinin qardaşı nəvəsi imiş.

 

Xəlil bəy Azərbaycanın ilk ədliyyə naziridir.

 

Cümhuriyyət hökuməti Ədliyyə Nazirliyinin yaradılmasını ona tapşırmışdı. Və o, bu tapşırığın öhdəsindən layiqincə gəlməyi bacarmışdı.

 

Cümhuriyyətin iki hökumət kabinetində isə daxili işlər naziri postunu tutmuşdu.

 

Xəlil bəy Cümhuriyyətin devrildiyini İstanbulda eşitmişdi, o vaxt burada konsul idi.

 

Elə orada da dünyasını dəyişib və dəfn edilib.

 

Onun özü kimi hüquqşünas olan qardaşlarından biri 1925-ci ildə bolşeviklər tərəfindən qətlə yetirilib.

 

Ümumiyyətlə isə, İstanbulda olmasına baxmayaraq, həm Xəlil bəy özü, həm də onun Azərbaycanda (Gəncədə) yaşayan qardaşları, yaxınları Sovet repressiyalarının acılarını yetərincə yaşayıblar.

 

Qayıdaq Toğrul müəllimə...

 

Bu dəyərli insanın illər öncə “Azadlıq” radiosunda Xəlil bəy Xasməmmədli haqqında hazırlanan verilişdə səsləndirdiyi xatirəsi mənim üçün unudulmazdır:

 

“Xəlil bəyin ölüm tarixi bəzən 1947, bəzən isə 1945-ci il göstərilir. Mənim anam, yəni onun qardaşı qızı Dilguşə xanım həmişə deyirdi ki, o, 1945-ci ildə vəfat edib. Amma mənim yadıma gəlir ki, “Amerikanın səsi” radiosunda “Azərbaycan” adlı veriliş var idi.  SSRİ-yə qarşı “soyuq müharibə” məqsədilə təzə-təzə görülən işlərdən biri idi. Mən Xəlil bəyin səsini 1946-cı ildə (1939-cu il doğumlu Toğrul müəllimin həmin vaxt artıq 7 yaşı vardı – E.A) oradan eşitmişəm. O zaman alman “pryomnik”lərinə gecə vaxtı qorxa-qorxa qulaq asırdıq. Elə bil ki, mən onun səsini radiodan eşitdim. Anama dedim ki, onun səsini eşitmişəm. Anam inanmadı. O, həmişə deyirdi ki, əmisi 1945-də ölüb...”

 

Bu xatirəni mənim üçün unudulmaza çevirən məqamı, ya da məqamları anlatmağı, bu xatirədəki ağrını, iztirabı, nisgili ifadə etməyi çox istərdim, ancaq nə yazıq ki, sözlər bunda acizdir. Ya sözlər, ya da qələm...

 

***

 

Bunu da yazmaqda fayda var.

 

Toğrul müəllim anasının istəyi üzərinə, yanlış xatırlamıramsa, bir neçə dəfə İstanbula – Xəlil bəyin qəbrini tapmağa gedib, lakin hər dəfə əliboş dönüb.

 

2012-ci ildə isə saytlar yazdılar ki, həmin məzar tapılıb. 

 

O da məlum oldu ki, Toğrul müəllimin anası səhv etmirmiş – qəbrin üstündə Xəlil bəyin, həqiqətən də, 1945-ci ildə dünyasını dəyişdiyi yazılıb.

 

Qəribədir, bəs Toğrul müəllim 1946-cı ildə radiodan kimin səsini eşitmişdi?

 

Bəlkə, ili yanlış xatırlayırdı? Bəlkə, efirdən adı yanlış eşitmişdi? Ya da bəlkə, həqiqətən də, o səs Xəlil bəyin səsi imiş, öncəki illərdə yazıya alınıbmış?

 

Bilmirəm.

 

Ancaq bu suallar belə, həmin xatirənin nisgilini, ağrısını, iztirabını əsla azaltmır.

 

Hətta ola bilsin, bir az da artırır.

 

 

Önəmli not:
 
“Cümhuriyyət şifrələri” başlığı altında, müxtəlif altbaşlıqlarla oxuyacağınız bu tarixi etüdlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yazılıb.

 

Müəllif bu tarixi etüdlərdəki bilgilərdə kimlər üçünsə yenilik olmayacağını bilir, onun məqsədi əslində Cümhuriyyətlə bağlı indiyədək sirr olan mətləblərə işıq tutmaq da deyil. 

 

Bu tarixi etüdlərin, esseciklərin gerçək yazılma məqsədi Cümhuriyyəti sadə, anlaşıqlı, necə deyərlər, “elmi-kütləvi” bir dildə təqdim etməklə bərabər, onun bu günümüz və gələcəyimiz üçün dəyərini, anlamını bir daha gözlər önünə sərməkdir. 

 

Və əlbəttə, Cümhuriyyətə dil uzadanları, onu xor görənləri, onun əhəmiyyətini azaltmağa çalışanlara nə qədər böyük haqsızlığa qol qoyduqlarını, nə qədər ədalətsiz düşündüklərini mümkün olduğunca anlatmaq, anlatmağa çalışmaqdır.   

 

 

 

 
Etiketler: Cümhuriyyət, nazirinin, səsini, radiodan, eşidən, qardaşnəvəsi...,
Yorumlar
Haber Yazılımı