Orta məktəblərdə rus sektorunun bağlanması məsələsi gündəmi zəbt edib. Təəssüf doğuran məsələlərdən biri də odur ki, bütün yaşanan neqativ hadisələrin içində bir də vaxt ayırıb insanlara dövlət dili anlayışını və dövlət dilinə hörmət anlayışının bir Vicdan və Vətəndaşlıq borcu olduğunu xatırlatmalı olursan. Tofiq Yaqubluya azadlıq istərkən bir də durub vətəndaş və dil məsələsindən dərs vermək adamın arına gəlir. Birincisi, ondan başlayaq ki, özünə hörmət edən hər bir ölkədə onun dövlət dilini yüksək səviyyədə bilmək rica deyil, məcburiyyətdir. Bir çoxlarının bəhs etdiyi "Primitiv millətçiliyi" və "ali irqçiliyi" çoxdan geridə buraxmış və bəşəri dəyərlərə üstünlük verən Almaniya, Fransa, İngiltərə və s. kimi ölkələri buna misal gətirə bilərik. Dil məsələsi özünə hörmət edən bütün ölkələrdə qırmızı cizgidir, onu kimsə keçmədi. Pul vahidi tək, sərhəd yox, hətta vətəndaşlıq belə şəffaf olan Avropa Birliyinə daxil olan ölkələrdə Dövlət dili anlayışı kəskin qoyulmuş şərtdir. Oturum izni belə almaq üçün müvafiq ölkədə alman, ingilis, fransız və s. dil üzrə beynəlxalq səviyyədə imtahan verməlisən. Niyə? Doğrudanmı, bu ölkələr primitiv millətçidirlər? Əlbəttə, xeyr. Sadəcə, hər ölkənin gələcəyini təmin edəcək güc yeni yetişən vətəndaşdır. Və o vətəndaş dövlətə sədaqətini ana dilində qazanmalıdır. Yəni, qısası, Dövlətə sevgi Dildən başlayır. Dövlət dili Dövlətin təməlidir. Bu məsələnin əsas tərəfi, gələk detallara. Birincisi, “rus bölməsini bitirənlər vətənsevər deyillər və ya vətəni sevənlər daha çox hansı sektordan çıxıb, şiddət göstərənlər, qaba və mədəniyyətsizlər hansı sektorun yetirmələridir” kimi səviyyəsiz, isbatı olmayan, aşağılayıcı statistika aparmaq insanlıq və zəka dışı bir məşğələdir. Vətəni sevən, uğrunda şəhid və qazi olanların təhsil dili müzakirə obyekti ola bilməz, eyni zamanda cəmiyyət üçün zərərli ünsürlərin də təhsilini müzakirə etmək yersizdir. Çünki insanların dövlətə və vətənə sevgisi, insanlıq və humanizm kimi prinsiplərə riayət etməsi əqidə məsələsidir. Hörmətli keçmiş səfir Hikmət Hacızadə bildirir ki, “bandotdel”də işləyən Azərbaycan bölməsini bitirən uşaqlardır, yaxşı məndə belə sual verirəm sizə: Onlara “vur” əmrini verənlər də rus bölməsini bitirmiş “ruskoyazıçnıy” mədənilər deyilmi? Bu məntiq xoşunuza gəlirmi? Görürsünüz bu müzakirələr bu formatda getsə nə qədər mənasız olacaqdır. Inanıram ki, işgəncə verənlərin bəziləri Puşkini sevə-sevə əzbər bilirlər. Necə ki, həmin rus dilinin ana vətəni olan Rusiya və rus xalqı illərdir hakimiyyətə demokrat gətirə bilmir, şiddətə və qanun pozuntularına yol verir. Halbuki rus dilini bilməyən ölkələrdə bu iş uğurla həyata keçir. Nümunə üçün, rus dilini çoxdan istifadədən çıxarmış Baltikyanı ölkələri, Finlandiyanı, Gürcüstanı göstərə bilərik. Kim deyə bilər gürcü dilinin leksik fonduna nə qədər söz daxildir, yaxud litva, latış dilinin lüğət fonduna nə qədər söz daxildir, təhsili dünyada 5-ci yeri tutan Finlandiyanın dövlət dili nə qədər tutumludur. Suallar və cavablar mənasızdır. Bu tupli statistika mənasızdır, hansı dilin daha zəngin olması üzrə yarışmaya girilməyib və ya vətənpərvərlik üzrə yarışmaya, kitab oxumaq yarışmasına girilməyib. Söhbət əgər “azsektor”un səviyyəsinin aşağı olmasından və bu baxımdan mütaliə mədəniyyətinin az olmasından gedirsə, gəlin təhsildəki problemləri, “naqisliyi necə aradan qaldıraq” kimi ağrılı məsələləri müzakirə edək, təhsilin dili bu problemlərlə əlaqədar deyil. Əgər əlaqədardırsa, təklif edirəm yapon və ya Koreya dilini öyrənək, onlar rusdilli ölkələri çoxdan geridə qoymuş, iqtisadi, elmi, texnoloji inqilaba qədəm qoymuş xalqlardır. Siz "Fortuçkadan" danışırsız amma bilin ki, "fortuçkadan" hava az gələr və istədikləri zaman isə sizin "fortuçkanızı bağlayarlar". Biz isə pəncərələri açaq deyirik. Pəncərələr Rusiya tərəfdən açılmır. Hörümçək toruna bənzəyən mafiya qanunları ilə idarə olunan Rusiya kimi bir ölkədən nə öyrənəcək “ruskoyazıçnılar”?. Dil bilmək gözəldir. Hər bir insan istədiyi qədər dil öyrənə bilər, hətta istəsə başqa dildə təhsil də ala bilər, lakin dövlət səviyyəsində təhsil sadəcə Dövlət dilində olmalıdır, Dövlətin təbliğatı Ana dilinin üzərində olmalıdır. Başqa dildə təhsil almaq istəyənlər bunu özəl və ciblərinin pulu ilə almalıdır. Yoxsa hər kəs ağlına gələn dili və ya təhsil aldığı dili nostalji hissi ilə başa keçirmək istəsə, vay bu dövlətin halına. Kimsə dövlət dilini aşağılaya bilməz, cəmiyyət olaraq naqis cəhətlərimizi dilin üstünə ata bilməz - Bu, yolverilməzdir, rus sevdalılığı heç bir xalqa xeyir verməyib. Rusiyaya əlvida deyənlər, rus bölməsini bağlayan xalqlar irəlidə, bizim kimi “rusdillilər” hələ də Rusiyanın yaratdığı qanlı münaqişələrin içindədirlər. Hörmətli Hikmət bəy, Tofiq Yaqublunun hakimi bilirsiniz hansı “sektorun” uşağıdır? Mən deyim, qeyri-insani “sovet sektoru”nun - bax milli faciə budur! Milli faciəmizi atladıb qələbəyə doğru Rusiyasız yürüyək, Bəşəri ideyalarla silahlanıb demokratik Azərbaycan quraq, Ana dilimizdə danışan balalarımızla!
|