Yazarın məqalələri
25 Oktyabr 2017 - Çərşənbə 17:21 569 nəfər oxuyub.
 
Hamı istefa ver deyirdi...
Famil Məcidli
 
 

Ötən yazılarımda mobbinq – iş yerində psixoloji zorakılıq və onunla mübarizə üsullarından danışdım. Bu dəfə isə diqqəti mobbinq şahidlərinə çəkmək istəyirəm. Belə ki, hər mobbinq hadisəsinin üç tərəfi va: mobbinqə məruz qalanlar, mobbinqi tətbiq edənlər və mobbinq şahidləri.

 

Mobbinq şahidləri şirkətlərdə bu tip hadisələrlə qarşılaşan zaman ona reaksiya vermirlər və məsələlərə “ən yaxşısı, bəla məndən uzaq olsun” prinsipi ilə yanaşırlar. Ancaq unutmayın ki, məsələlərə reaksiyasız qaldıqca sıra sizə də gələcək.

 

İndi isə real nümunələrlə səssiz mobbinq şahidliyinin nələrə səbəb olacağını göstərmək istəyirəm. Bunu Mişel Tomas, ilk romanını bitirməyə çalışan orta yaşlı bir yazar danışır:

 

“Sizə danışacağım bu hadisə indidən əsəblərimi tarıma çəkərək ürək döyüntülərimin artmasına səbəb olur. Ancaq bütün bu sarsıntılara rəğmən, başıma gələn mobbinq hadisəsini olduğu kimi danışacağam.

 

Elə də böyük olmayan şirkətlərin birində müvəqqəti işçi kimi olaraq işləyirdim. Yəqin, hər hansı bir işəqəbul şirkətindən göndərilmiş, müvəqqəti maaşla, tələb edilən bütün işləri görən və iş yerindəkilər üçün yad olan bir müvəqqəti işçi sizə də məlumdur, Beləcə, şirkətə kömək üçün göndərilmiş, çətin vəziyyətdə çarxın dönməsi üçün işləməli olan o insan mən idim.

 

Yeni iş yerində ilk iş olaraq bayram günlərində – işçilərin çoxu istirahətdə olan zamanlarda resepsiyonda işləməyə başladım. Yaxşı işləyəcəyim halda, daimi olaraq bu pozisiyada işləyə biləcəyimi dedilər. Üç gün işlədikdən, bu işin müsbət və mənfi tərəflərini gördükdən sonra fikirləşdim ki, əslində, o qədər də pis iş deyil, qalıb işləmək olar. Sizə də hər şey qaydasında görünür, hə? Ancaq yox! Çünki mən işlədiyim DÖRDÜNCÜ GÜN zorbalıqla – mobbinqlə qarşılaşdım.

 

Əvvəlcə xəyalınızda hər görəndə mənə ağıl verirmişcəsinə danışan, kobud barmaqları ilə üzümü çimdikləyən, dartışdıran uzun, gombul və qaba bir insan canlandırın. Yox, bu, mənə mobbinq tətbiq edən o zalım deyil. Mənə qənim kəsilən Şərqi Baltimora məxsus tərbiyə və təvazökarlıq, cənublulara aid sanballılıq keyfiyyətləri ilə maskalanan orta yaşlı bir qadın idi.

 

Onunla ilk dəfə rastlaşanda mən qaşımı yuxarı qaldıraraq ona baxırdım. O, qəflətən gördüyüm hər işlə bağlı məni sorğu-sual etməyə başlayanda isə üstümə qəribə neqativ hiss çökürdü. İkinci görüşümüzdə isə, o, artıq məni şirkətin daxili protokoluna uymamaqla, nizam-intizamı pozmaqda günahlandırırdı, mən isə iki qaşım yuxarı onun hərəkətlərini izləyir, dediklərinə qulaq asırdım. Bəli, artıq bu hal – hər işimə burnunu soxmağı, məni günahlandırmağı daimi hal almışdı, hər gün eyni şeylər təkrarlanırdı. Sanki o, ilk görüşümüzdə qaşımı qaldıraraq ona baxmağımın qisasını almaq, mənim ondan üzr istəməyimi istəyirdi və bunun üçün də hər gün yeni bir təhdidlə üstümə gəlirdi.

 

Artıq səhərlər işə gələndə onun mənim yazı masamın ətrafında dolaşdığını görürdüm, işə gəliş saatlarımı yoxlayırdı. Günortalar yenidən stolumun ətrafında hərlənirdi, bu dəfə də nahar fasiləsindən gec gəlib-gəlməməyimə nəzarət eləyirdi. Qısası, daim məndə səhv axtarırdı.

 

Ola bilsin, düşünürsünüz ki, mən hər şeyi şişirdirəm.  Bəlkə də, bunu iki fərqli insanın toqquşması və ya kiçik bir qadın konflikti kimi yoza bilərsiniz. Ancaq qətiyyətlə deyirəm ki, YOX! Bu, adi bir konflikt, qeybət ya da hansısa bir qınaq deyildi. Bu, iş yerlərində şiddətə, psixoloji xəstəliklərə və aqressiyaya səbəb olan sadist və zərərverici davranışlar idi.

 

Hər dəfə o, mənim hansısa qaydaları pozduğumu, səhv etdiyimi bildirdikcə ətrafımdakılara başıma gələnlər haqqında danışır və psixoloji zorakılıqla bağlı suallar verirdim. Onlar isə mənə “bu vəziyyətdə uzun müddətli işləmə, istefa ver” deyirdilər. Deyilənlərə artıq inana bilmirdim. Doğrusu, işimi də itirmək istəmirdim. Çünki bilirsiniz də, indiki zamanda iş tapmaq çox çətindir.

 

Belə görünürdü ki, bütün ofis bu zorakılıq haqqında bilirdi ancaq heç kəs bununla mübarizə aparmırdı. “Bu, çox gülünc vəziyyətdir” deyə düşündüm və ofis menecerinə şikayət etdim. Hmm... Kaş ki, eləməzdim. Bu dəfə də üz tutduğum əməkdaşdan “zərbə” aldım.

 

Bəli, beləcə işimdən öz istəyimlə “uzaqlaşdım”. Yaşadıqlarım sui-istifadə olunmağım idi. Nəticədə mənim iş prosesim, məşulluq vaxtım qısalmışdı. Əslində, məhz onda başa düşdüm ki, nəyə görə onlar resepşna müvəqqəti işçi götürürlər. Çünki daimi işçi kimi işləsəydim, işdən çıxandan sonra əmək müqaviləsinə əsasən, öz haqlarımı tələb edə biləcəkdim.

 

Hazırda bütün bunları sizə rahatlıqla və sakitliklə yazdım. Hətta onu deyim ki, bəzi hallarda yazıya yumor hissini də qatmağa çalışdım. Ancaq onu deyim ki, indiki vəziyyətə gəlmək mənim aylarımı aldı. O vaxtlar gözümə yuxu belə getmirdi, həmişə narahat idim. Hətta artıq bütün günahı özümdə görməyə başlamışdım.

 

Başqa bir məqamı xüsusi vurğulamaq istəyirəm. Bu hadisədə, bəlkə də, ən çox günahkar hesab elədiyim insanlar ətrafımızda olanlar idi. Çünki onlar səslərin çıxarmırdılar və bu iki zorba adamın istədiklərini etmələrinə imkan verirdilər. Onlardan kömək istədiyəndə isə, işdən çıxmağımı məsləhət bilirdilər. Bəlkə, onlar indi də kiminsə zorbalığa məruz qalmasına izn verirlər. Bəlkə, onlar özləri də vaxtilə mobbinqə məruz qalmış, mənəvi cəhətdən “sınmış” insanlardır ki, indi ən yaxşısının işdən çıxmaq olduğunu düşünürlər. Orasını bilmirəm, ancaq dəqiq bildiyim bir şey var ki, onlar da o iki zalım qədər eyni dərəcədə günah sahibidir.

 

 

 
Etiketler: Hamı, istefa, ver, deyirdi...,
Yorumlar
Haber Yazılımı
kaçak iddaa