Yazarın məqalələri
31 Dekabr 2017 - Bazar 15:45 910 nəfər oxuyub.
 
Kişilərin də anladığı və bağışladığı qadın...
Sevinc Fədai
 
 

Dramaturq Tamara Vəliyevanın yazdığı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi, əməkdar aktrisa Kəmalə Müzəffərin oynadığı "Cəza" haqqında düşüncələr...

 

 

İlin əvvəlində rejissor Mehriban Ələkbərzadəylə görüşmüşdük. Müsahibə etmiş, sonra da diktofonu söndürüb dərdləşmişdik. Mehriban xanım ötən bir neçə ilin ağırlığının çiyinlərini incitdiyini, xırda üsyanlarla nəyisə dəyişməyin mümkün olmadığını deyirdi. Deyirdi ki, dünya və həyat kimsəylə hesablaşmadan yol gedir, bunu Don Kixotun Yel dəyirmanı ilə döyüşüylə müqayisə edirdi: “Bəs insanı nə xilas edə bilər? İş”

 

Sonra da “Cəza”dan söz etmişdi. Bu, həm iş, həm də elə xilas idi, içindəkilərdən xilas olmaq idi. Üç qadının – Tamara Vəliyeva, Mehriban Ələkbərzadə, Kəmalə Müzəffərin yaradıcılığı, bir qadının taleyiydi “Cəza”. Amma mən elə o vaxtdan səhnədə kimin olmasından asılı olmayaraq, o obrazda daha çox Mehriban xanımı görəcəyimi, eşidəcəyimi, hiss edəcəyimi bilirdim. Elə də oldu.

 

Az qala bir ildən sonra o cəzalı qadını izləməyə, çoxdan ölmüş bir qadının hekayətini dinləməyə gəlmişdim. Bəs o qadının günahı nəydi, o, niyə, nəyə görə cəzalandırılmışdı?

 

Mehriban xanım deyir, sevmək, sevmək idi onun günahı. Sevginin özü insanı günaha aparır, günah üstünə günah gətirir.

 

Səhnədəki qara paltarlı qadın 15 ildir məhz bu cəzayla yaşadığını deyirdi, əgər buna yaşamaq demək mümkündürsə... Yeyib-içib, nəfəs almaq yaşamaq deyil. Sadəcə, bunun fərqinə varan var, varmayan var. Fərqinə varanda başlayır ətrafındakı hamı, hər kəs, öz balan belə boynuna keçirilən kəndir kimi səni sıxmağa, boğmağa. O qadını da heç nə ovundura bilmirdi: ev-eşiyi, cüssəli əri, uşaqları... O darıxırdı, öləziyən qəlb istəkləri, məişət qayğıları içində darıxırdı. O xoşbəxt olmaq istəyirdi, bu xoşbəxtliklə nə edəcəyini bilməsə də... Yemək bişirmək onu xoşbəxt etmirdi, o, dünyayla yenidən tanış olmaq istəyirdi. Və bu, ona baha başa gəldi. Özünün dediyi kimi, bu sonluqdan əvvəl onun vahiməsi gəlmişdi. Sevgiyə qanad açan qadan uşaqlarını, ana olduğunu unutmuşdu. Bu da cəzasız qalmamışdı...

 

 

“Sevgi nəfsdir. Əgər bu, mənəvi yox, birbaşa cismani sevgidirsə... İnsan, adətən, bir şeyə susayanda onun ehtiyac yaranır, o ehtiyac da reallığa, qarşısıalınmaz bir şeyə çevrilir.

 

Belə bir fikir var: Şeytan bizi içimizdəki boşluqlardan vurur. Bu, nəfs ola bilər, sevgi ola bilər, nifrət ola bilər. Mənim içimdə nəfsin beş qolu var, bunun biri sevgidir. Bu qadını da şeytan içindəki boş yerdən – Sevgidən vurdu. Ərə getdi, uşağı oldu, amma bu sevgi deyildi. Bu, bir ilğım idi, miraj idi.

 

Allah özündən sonra qadına yaratmaq haqqı, Analıq haqqı verir. Mənə görə, qadının yer üzündə heç bir missiyası olmasa belə, bir övlad dünyaya gətirib, böyüdürsə, bəsdi. Və bir qadının intihar etməsi ilə uşaqların üstündən keçməsi mənim üçün eynidir. İntihar Allahın sənə verdiyi həyatı qaytarıb onun üzünə çırpmaqdır. Övladından keçmək də intihardır.  Uşağı atan ana nə vaxtsa mütləq o məhşərə gələcək. Həyatın sənə bəxş etdiyi övlada yük kimi, kəndir kimi baxanda, əlbəttə, cəzalanacaqdı o qadın. O, qadın kimi günahsız olsa da, ana kimi günahkardır. Canı canından olan bir varlığın üstündən ötüb keçmək olmaz. Olmaz!”

 

O qadın üçün isə analıq dözülməz olmuşdu. Bu evdən qaçmaq istəyirdi, qəribə hisslər, çoxdan arzuladığı qəribə hisslər onu bu evdən qaçırırdı. O, artıq yuvasında deyildi. Ümidsizcəsinə, amansızcasına sevilirdi, uçmaq istəyirdi. Ancaq uçmaq... Ancaq uşaqları qanadlarına ilişirdi. Deyirdi, bir məndən soruşun görün, mən bu evi, bu uşaqları istəyirəmmi? Ərim mənə mətbəxi vəd edir, sevgilim isə dünyanı. Kim harda xoşbəxt olmaq istəyirsə, ora da qaçır... O, göyün yeddinci qatında idi və ordan mətbəxə enmək istəmirdi. Üsyan edirdi: siz heç fəzadan mətbəxə enməyin nə olduğunu bilirsiniz???

 

Ancaq fəza da aydın deyildi, qorxulu idi, dəhşətli idi. Mətbəxdən də dəhşətli. O isə heç nə görmür, eşitmirdi. Uçmaq, uçmaq istəyirdi. Qanadları qan içində idi, qan izi açıq-aşkar görünürdü.

 

Əri isə bunu görməz olmuşdu, yuvasında qan içində qıvrılan qadının hayqırışlarını duymurdu. Ona nəyin lazım olduğunu bilmirdi. O, ancaq uşaqlarını oxşayırdı, onu ancaq uşaqlarının istəkləri maraqlandırırdı. Fərqində deyildi ki, özü hardasa itib-batıb, həyat yoldaşı isə bu evdən uçub gedib...

 

Bu uçuş onu uçurumun kənarına gətirib-çıxarmışdı. Uçduğu adamın yanına sürünərək gəlmişdi. Amma onu dünyayla üz-üzə qoyan o sevimli nəfəs artıq yox idi. Namərdlik görmək növbəsi onda idi: “Bir macəra idi, bitdi, vəssalam”.

 

“Namərdliyin də dərəcəsi olar da...” Amma yox idi, namərdliyin dərəcəsi yox idi. Uşaqlar da yox idi. İndi isti yuva istəyirdi, yuva da yox idi. İndi bilmişdi, övlad acısı bütün acıları üstələyəcək qədər nəhəng idi: “Uşaqlarımdan, gərək, belə asan əl çəkməyəydim...” Gec idi. İndi o övladlarının, ailəsinin, hamının, hər kəsin gözündə əxlaqsız bir qadın idi, sadəcə əxlaqsız bir qadın. Xoşbəxt olmaq istəyi, sevgi, başqa dünya axtarışı ondan hər şeyini aldı. Bir dünyada ki xoşbəxtliyin nə olduğunu, onunla nə edəcəyini bilməyəsən...

 

 

“6 nəfər əsərlə ilk tanışlıqda bu qadına ən əxlaqsız qadın kimi baxırdılar. Ancaq tamaşa hazır olanda o qadın artıq onların gözündə əxlaqsız deyildi. Mənim birinci daxili qələbəm orda idi. Mən o qadını günahkar insandan, günahı bağışlanmalı olan insana çevirmək istəmişdim. Bu cəzanı mən ona Allah tərəfindən verdim. O intihar etdi, ona baş daşı qoyuldu, amma o qəbirdə də qıvrılırdı, yanırdı.

 

Bağışlanmağa hər kəsin haqqı var. Dinləmək, anlamaq, bağışlamaq gərəkdir.

 

Biz Şərqliyik. Biz qəribə insanlarıq. Qarşımızdakı insandan bir balaca üstün, güclü olanda qarşımızdakını bağışlayırıq. Səni güclü, qürurülu olduğuna görə, ayaq üstə dayandığına görə heç cür bağışlamırlar. Mən bunu dəfələrlə görmüşəm. Bir az yazıq oldunmu, onda səni başa düşməyə cəhd edəcəklər. O qadın da dim-dik dayansaydı, onu bağışlamayacaqdılar.

 

Mən o qadını anladım, amma bağışlamadım. Mən intiharı bağışlaya bilmərəm. Amma onun da ruhu sakitlik tapmır, narahat ruhlar sakitlik tapa bilmirlər”.

 

O qadın özünü, o qadını yaradan yazıçı və rejissor da, tamaşaçılar da onu günahkar bilirdi. Günahı ağır idi. Cəzalanmalıydı, cəzalandı. Bəs onun həyat yoldaşı?..

 

“O kişi çox dürüst adamdır. O qadın sevgi illuziyasına qapılıb. Çünki çox gəncə yaşında anlamadan ərə gedib. Əri onunla sevib evlənsə də, bir qüsuru var. O elə bilir ki, ancaq qazanmaq, alıb-gətirməklə, sevindirməklə öz borcunu ödəmiş olur. Ancaq yox. Sən qadının romantika borcunu verməlisən. Qadına elə-belə baxmaq olmaz, o bəsit varlıq deyil. Qadının ləyaqətinə toxunmaq olmaz. Qadına qadın kimi yanaşmaq lazımdır. Ləyaqətinə toxunulmuş qadın saatlı bomba kimidir.

 

Biz bir qadının həyatına baxdıq. Nə qədər ağrılı olsa da, məni sevindirən məqam da oldu. Bu da məhz kişilərin əsərə, situasiyaya yanaşması, verdikləri qiymət oldu. Onlar o qadını, o qadınları anladılar. Hətta kişi tamaşaçılardan biri dedi, səhnədəki qadın deyəndə ki, daha mənim Yer üzündə getməyə yerim yoxdur, istədim deyim, mən varam, mənim yanıma gəl. Hansısa kişinin qəlbini bunu bu mərhələyə gətirə bilmişiksə, bu, artıq qələbədir...”

 

Mehriban xanım hələ tamaşanın mövzusundan bəhs edəndə belə boğazımda düyünlənmişdi demək istədiyim sözlər. Onda mənim də çiynimdə qadın olmağın ağırlığı, ürəyimdə qadın olmağın çırpınışları, yanaqlarımda qadın olmağın göz yaşı var idi. Onda məni də öz həqiqətim, başa düşülməmək, axtarışlarım boğurdu. Səhnədəki qadının boğazına keçən kəndir mənim də nəfəsim kəsirdi. Mən o qadını bütün varlığımla duyurdum, hiss edirdim, ona nəyin lazım olduğunu bilirdim. Mən o qadını başa düşürdüm. Və mən onu bağışladım. Sevgi günah olmamalı, xoşbəxt olmağı istəmək günah olmamalı... Bu dünyada hamı eyni cür hiss edə bilməz, hamı eyni cür sevə bilməz, hamı eyni cür xoşbəxt ola bilməz... Mən o qadını həm də ona görə bağışladım ki, o tək idi, onun üsyanı təkadamlıq üsyan idi, onun səsini bu dünyada bircə adam da eşitmədi. O boyda hayqırışını nə yuvasındakı adam eşitdi, nə sevdiyi, sevişdiyi adam. Nə anası duydu onu, nə övladları... Onun qanadlarının yarasını sağaltmaq istəyən olmadı. Nə istəyirdi ki, o? Sevgi, ancaq sevgi...

 

Yəqin ki, o qadını duyan, onu anlayan, onu bağışlayan tək mən deyildim. Və üç qadının qələbəsi həm də bu idi: Daşlamağın bu qədər asan olduğu bir dünyada, cəmiyyətdə qanadı qırılmış, bu dünyadan nakam köçən, qəbirdə belə rahatlıq tapmayan bir qadını bağışlatmaq... Onlar təkadamlıq üsyanı monotamaşada çoxadamlıq üsyana çevirə bildilər. Bax bu üç qadının üsyanı xırda üsyan deyildi və o, nəyisə dəyişə bildi. 

 

 

 

 

 
Etiketler: Kişilərin, də, anladığı, və, bağışladığı, qadın...,
Yorumlar
Yazarın Arxivi
03 Noyabr 2017 - Cümə - 00:42 | Sevgisiz cəmiyyətin müğənnisi
18 Oktyabr 2017 - Çərşənbə - 17:47 | Gözlərin aydın, Hasar müəllim!
19 Sentyabr 2017 - Çərşənbə axşamı - 12:23 | Çiçək yetişdirən qadınlar doğun
08 Avqust 2017 - Çərşənbə axşamı - 11:57 | Gərək belə olmayaydı...
07 İyul 2017 - Cümə - 14:23 | Zəhranın leyləyi və..
19 May 2017 - Cümə - 00:02 | UÇURUMDAN QORUYAN QADIN
02 May 2017 - Çərşənbə axşamı - 23:24 | Gözəl gözlü balaca adam - UCALA...
21 Aprel 2017 - Cümə - 22:24 | Tanrıdan doğulanlar...
11 Mart 2017 - Şənbə - 09:06 | Ümid üçün zorlanma, qızım...
08 Mart 2017 - Çərşənbə - 09:08 | Atatürk, Hürriyyət və Qadın...
03 Yanvar 2017 - Çərşənbə axşamı - 17:42 | Nuranə niyə məsciddə öldürülməyib?!
30 Dekabr 2016 - Cümə - 17:41 | Çəhrayı şar, eşq və azadlıq
06 Dekabr 2016 - Çərşənbə axşamı - 17:41 | 6 nömrəli palata
15 Noyabr 2016 - Çərşənbə axşamı - 17:40 | Anam, babam, bir də Xoşqədəm müəllimə
10 Noyabr 2016 - Cümə axşamı - 17:39 | Bizi də çilik-çilik etdiniz, Əhəd müəllim!
05 Noyabr 2016 - Şənbə - 17:38 | Hardandı sizdə bu əziyyət vermək sevdası?
29 Oktyabr 2016 - Şənbə - 19:30 | Başı kəsik gözəl kötük...
17 Oktyabr 2016 - Bazar ertəsi - 17:36 | Qadınlar susaraq “döyər”...
20 Sentyabr 2016 - Çərşənbə axşamı - 17:35 | Şahbaz bəy və Rövşən Lənkəranski
07 Sentyabr 2016 - Çərşənbə - 17:34 | Xoşunuza gəlir 110 qadının intiharı?
Haber Yazılımı