Yazarın məqalələri
11 May 2017 - Cümə axşamı 22:41 740 nəfər oxuyub.
 
Mahsun Kırmızıgülü niyə təhqir edirdilər?
Rövşən Danyeri
 
 

Mahsun Kırımızıgülün “Vezir parmağı” filminə baxdım. Düzü, onun filmlərini çox bəyənməsəm də (səbəbini izah edəcəyəm) “Vezir parmağı”nın tizerində Mirzə Ələkbər Sabirin şeirindən istifadə olunması marağımı çəkdi.

 

Sabirin “Harda müsəlman görürəm, qorxuram” şeirini  “Harda molla, harda softa görürəm qorxuram” (daha doğrusu, korkirəm) kimi dəyişdirilsə də, burada ssenaristlərin günahı yoxdur. Çünki bu şeir daha əvvəl dəyişdirilmiş formada oxunub. Hətta “Acaip hayvanlara benziyirsen” mahnısı ilə Azərbaycanda da məşhurlaşan Hüseyin Turanın da repertuarında var.

 

Deməli... Film ərləri müharibədən qayıtmayan qadınların kişi istəmək üçün vəzirə müraciətləriylə başlayır. Vəzir də qadınların xahişini yerinə yetirmək üçün köməkçisinə tapşırıq verir. Və necə deyərlər (necə deyilməli olduğunu mən də bilmirəm), bütün hadisələr də bundan sonra başlayır.

 

Başlayır, özü də necə. Film qala gecəsindən sonra çox ciddi tənqidlərə məruz qaldı. Bir tərəfdən feministlər filmi çox seksist  (Allah Nərmin Kamaldan hər iki dünyada razı olsun) hesab etdi. Bir tərəfdən də, Osmanlını təhqir edir deyə Mahsun Kırmızıgülü təndiq etdilər. (Təhqir desək daha dəqiq olar). Hətta onu FETÖ üzvü olmaqda ittiham etdilər və filmin də sifarişli çəkildiyini bildirdilər (Nə əcəb, hələ həbs olunmayıb). Hətta bir neçə bələdiyyə filmin kinoteatrda yayımını qadağan da etdi. Bəs bu qədər haray-həşirə səbəb həqiqətənmi Osmanlı davası idi? (Bu suala da aşağıda bir yerdə cavab verəcəyəm)

 

Mahsun Kırmızıgülün ilk filmləri “Beyaz Melek”, “Güneşi gördüm” maraqlı işlər olsa da, sonrakı filmləri haqqında bunları demək olmur. Həddən artıq sentimentallıq və türklər demiş “fakir ədəbiyyatı” ilə yüklədiyi filmlərdə ancaq tamaçıya işləmək, süni şəkildə insanlara təsir göstərməyə çalışır. “Vezir parmağı” filmində isə hətta bu keyfiyyətlər də zəif qalır.

 

Filmdə diqqət çəkən bir obraz var ki, məncə, Mahsun Kırmızıgülün tənqid olunmağının (belə şiddətlə təhqir olunmağının da deyə bilərik) əsas səbəbi də məhz o obrazdır. Belə ki, rejissor filmdəki qazının qardaşı obrazı ilə Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın obrazını yaradıb. Belə ki, vəzirin kəndə adam göndərdiyini eşidən rüşvətxor qazı qardaşına pulları evdən daşımağını tapşırır. Qardaşının, bir az yumşaq desək, maymaqlığı ucbatından qazı bu sözləri bir neçə dəfə təkrarlayır. Yəqin ki, bu səhnə sizə də bir yerdən tanış gəlir.

 

“Vezir parmağı” filmini o qədər bəyənmədim ki, bir filmsevərin etməməli olduğu şeyi edəcəm, film haqqında “spoiler” verəcəyəm. Özlərinə yeni ər tapmış qadınların axırda ərləri qayıdır.  

 
Etiketler: Mahsun, Kırmızıgülü, niyə, təhqir, edirdilər?,
Yorumlar
Haber Yazılımı