301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Yazarın məqalələri
28 Yanvar 2018 - Bazar 12:14 947 nəfər oxuyub.
 
Nəsib bəy Yusifbəylinin Atatürkə göndərdiyin pulun acı hekayəti...
Elnur Astanbəyli
 
 

Azərbaycan Cümhuriyyətinin ən parlaq simalarından biri, quşqusuz, Nəsib bəy Yusifbəylidir.

 

Cəsarəti və bilginliyi, irəli dünyagörüşü ilə bərabər mənəvi təmizliyi ilə də Nəsib bəy böyük sayğıya layiqdir.

 

Cümhuriyyətin başqa bir önəmli simasının – 1919-cu ilin avqustundan 1920-ci ilin martına kimi “Əksinqilab ilə mübarizə təşkilatı”nın rəisi olan Nağı bəy Şeyxzamanlının memuarında Nəsib bəylə bağlı iki xatirə diqqətçəkicidir.

 

Bu xatirələrdən ilki çoxumuza tanışdır, ancaq digər xatirə ilə birləşdikdə daha böyük anlam ifadə etdiyini düşündüyümdən bir daha tirajlamağı doğru sayıram. Beləliklə, Nağı bəyin ilk xatirəsi:

 

“Azərbaycan Cümhuriyyətinin Əksinqilab ilə Mübarizə İdarəsinin rəisliyinə hələ təyin olunmamışdım. Tez-tez Bakıya gedər və təbii ki, hər gedişimdə də Nəsib bəylə görüşürdüm. Nəsib bəy o zamanlar Baş nazir vəzifəsinə keçmişdi. Onu təbrik etmək üçün Gəncədən gəldiyim günün sabahı saat 10-da Nazirlər kabinetinin yerləşdiyi yerə getdim. Dəftərxana müdiri vasitəsilə gəldiyimi və görüşmək istədiyimi bildirdim. Gözləməyi söylədi və saat 11.30-a qədər gözlədim. Sonra yenidən dəftərxana müdirinə “Qardaşım, yəqin unutdu. Zəhmət olmasa bir də xatırladın” dedim. O, Nəsib bəyin kabinetinə girdi və çıxaraq mənə “Unutmadım, gözləsin deyir” dedi. Saat ikiyə qədər gözlədim. Azərbaycanda məmurlar üçün iş vaxtı 8-dən 14-ə qədərdir. Saat 14.00-da Nəsib bəy kabinetindən çıxdı. Ayağa qalxıb onunla görüşdüm. Ona saatlarla gözləməyimdən heç nə söyləmədim. İkimiz də ayaq üstündə idik. Mən “Nəsib bəy, sabah vəzifənizə gəlincə qədər burada gözləyimmi?” dedim. Nəsib bəyin çöhrəsinin təbəssümü bir az da artdı və “Yox, canım, səni bərabər çıxmamız üçün gözlətdim” dedi. Binadan çıxaraq Baş nazirin avtomobilində bərabər onun evinə gəldik. İki nəfərlik hazırlanmış masanın arxasına oturaraq nahar etdik. Nəsib bəy “Əgər səni gələn kimi qəbul etsəydim doyunca söhbət edə bilməyəcəkdim. İndi həm yemək yeyirik, həm də istədiyimiz qədər söhbət edə bilərik” dedi. Bu zaman vəziyyətini soruşduğum zaman Nəsib bəy “heç bir səhhətimdən şikayət etməmişəm. Allaha şükür ki, sapsağlamam. Mənim sıxıntım həmişə pul sarıdan olub ki, Baş nazir olduqdan sonra ondan da qurtuldum. Seym dövründə Tiflisdə Maarif Naziri idim və aldığım maaş məni təmin etməzdi. Həmişə olduğu kimi Gəncədən atamdan pul istəyirdim. Azərbaycan istiqlalını elan etdik. Cümhuriyyətimizin Maarif Naziri oldum. Aldığım maaş yenə də məni dolandırmırdı. Parlamentimizdə olsun, partiya daxilində olsun, ümumiyyətlə, xalqımızın hər sinfi məni sevir. Hər kəsdən hörmət görməkdəyəm. Elə gün olmur ki, cəmiyyətimizin keçirdikləri gecələrə dəvət olunmayım. Hamısının da dəvətini qəbul edərək iştirak etmək lazımdır. Çoxuna sıxıla-sıxıla az maddi köməklik edirdim. Ancaq Baş nazir olduqdan sonra bütün bu sıxıntılardan xilas oldum. Belə məsrəflərin hamısı örtülü təxsisatlardan verilir. Sən bilirsən, mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratmaq qayəsilə ayırmışdım. Üç ildir milli işlərimizdən bağ ilə məşğul olacaq vaxt tapa bilmədim. Atama bir məktub yazaraq bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi, yenə əvvəlki kimi qalmış alıb basdırmalarını söylədim. Babamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram. Atam məktubda ürəyində nə var hamısını yazıb: “Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib Bələdiyyə də ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin Maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin göndərdim. Sonra Azərbaycan istiqlalını elan etdiniz. Gəldin Cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan göndərirdim sənə. Bu gün isə Baş nazirsən. Dövlət başçısısınız, yəni ölkəmizin padşahı olmuşsunuz. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi?”

 

İndi gələk Nağı bəyin memuarındakı ikinci xatirəyə.

 

Bu xatirədən həyatı maddi sıxıntılar içində keçən, hətta Baş nazir olarkən də atasından “Bu gün Baş nazirsən, yenə bağının qamışını mən alım?” şəklində məzəmmət eşidən Nəsib bəyin Mustafa Kamal Paşa Atatürkün başçılığı altında Türkiyədəki İstiqlal savaşına maddi yardım etməyə çalışdığı aydın olur.

 

Birlikdə oxuyaq:  

 

“...1920-ci il martın sonlarına doğru Nəsib bəyi evində ziyarət etmişdim. Bu görüş zamanı biz müxtəlif mövzularda söhbət etdik və sonra söhbətimiz Anadolu İstiqlal Savaşının üzərinə gəlib çıxdı. Bu zaman Nəsib bəy, “Gec də olsa, az da olsa, Türkiyəyə bir az valyuta hazırlayıb yeznəm Pişnamazzadənin qardaşı oğlu Məmmədəli Əhmədzadə ilə göndərdim” dedi. Pulun miqdarını soruşmadım. O da açıqlamadı. 1961-ci ildə Əhmədzadə ilə Tehranda görüşdüm. Ondan yardım məsələsi haqqında soruşdum. İsrarıma baxmayaraq məlumat verməkdən imtina etdi. Mən də daha çox üz vurmadım. Daha sonra əldə etdiyim məlumata görə Əhmədzadə Nəsib bəyin göndərdiyi pulu İstanbula göndərmişdir. O zaman İstanbul ingilis və fransızların işğalı altında idi. O, Ankaraya gedib pulu lazımi yerə təhvil verə bilməmişdi. Artıq bu zaman, yəni 1920-ci il aprelin 27-də Azərbaycanı Moskvanın əmri ilə Qızıl ordu işğal edir. O, 1920-ci ilin may ayında Azərbaycan dövlət xadimlərinin Gürcüstana keçdiklərini öyrənir. Əhmədzadə əlindəki pullardan min ingilis poundunu İtaliya bankı vasitəsilə İstanbuldan Tiflisə - Nəsib bəyin adına göndərir. Halbuki Nəsib bəy Tiflisə gəlib çata bilmir, yəni yolda naməlum şəxslər tərəfindən öldürülür. İstanbuldan göndərilən bu min ingilis poundunu Nəsib bəyin dostları Gürcüstan səfirimiz Pərviz bəy Vəkillinin vasitəsilə alırlar. Əhmədzadə daha sonra Nəsib bəyin öldürülmüş olduğunu söyləyir. Onun 1920-ci ilin oktyabr ayında Ankara hökumətinə 19 min Türk kağız lirəsi və bir milyon fransız frankı vermiş olduğunu öyrəndim...”

 

 

 

Önəmli not:

 

“Cümhuriyyət şifrələri” başlığı altında, müxtəlif altbaşlıqlarla oxuyacağınız bu tarixi etüdlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yazılıb.

 

Müəllif bu tarixi etüdlərdəki bilgilərdə kimlər üçünsə yenilik olmayacağını bilir, onun məqsədi əslində Cümhuriyyətlə bağlı indiyədək sirr olan mətləblərə işıq tutmaq da deyil. 

 

Bu tarixi etüdlərin, esseciklərin gerçək yazılma məqsədi Cümhuriyyəti sadə, anlaşıqlı, necə deyərlər, “elmi-kütləvi” bir dildə təqdim etməklə bərabər, onun bu günümüz və gələcəyimiz üçün dəyərini, anlamını bir daha gözlər önünə sərməkdir. 

 

Və əlbəttə, Cümhuriyyətə dil uzadanları, onu xor görənləri, onun əhəmiyyətini azaltmağa çalışanlara nə qədər böyük haqsızlığa qol qoyduqlarını, nə qədər ədalətsiz düşündüklərini mümkün olduğunca anlatmaq, anlatmağa çalışmaqdır.   

 

 

 

 

 
Etiketler: Nəsib, bəy, Yusifbəylinin, Atatürkə, göndərdiyin, pulun, acı, hekayəti...,
Yorumlar
Haber Yazılımı