Yazarın məqalələri
03 Noyabr 2017 - Cümə 00:42 1861 nəfər oxuyub.
 
Sevgisiz cəmiyyətin müğənnisi
Sevinc Fədai
 
 

Mən bir daha cəmiyyətin qurban axtarışını, qurban tapmaq sevincini izləyirəm və bir daha təəssüf keçirirəm. Bu dəfə qurban müğənni Fədayə Laçındır. 

 

Hələ bir neçə gün əvvəl öz həmkarının, sənət yoldaşının, müğənni Tacir Şahmalıoğlunun belə sevgisini dandığı, sevməyə, adlarının birgə çəkilməyə layiq bilmədiyi qadın Fədayə Laçın. “Sevgi günah deyil ki! Allahın verdiyi hissdir. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar” deyən Fədayə Laçın və onun özünü pozğun qadın hiss etdirən cəmiyyət, adamlar... Qorxulu, təhlükəli, ac qurd kimi ov – aşağılamağa, daşlamağa, söyməyə obyekt axtaran adamlar...

 

Neçə gündür hər kəs məsxərəyə qoyur bu qadını. Bütün ağrıları, faciələri,  yaşantıları məsxərəyə qoyduğu kimi... İnsan ağrısı, insanın azadlığından məhrum edilməsi başqalarının üzünü güldürür, bundan həzz alırlar. Bu ki xəstəlikdir!

 

Hə, Fədayə Laçın qanunsuz hərəkət edib, buna görə onu elə qanun cəzalandıracaq. Bu cəza haqqı sizin deyil, sizə verilməyib. Bunu başa düşmək bu qədərmi çətindir? 

 

Adamı suçlayırsınız ki, kriminal avtoriteti sevib, onunla yeyib-içib, şəkil çəkdirib. Onunla xoşbəxt olub. Yaxşı, sual verirəm, hansısa Azərbaycan müəllimi, həkimi, mühəndisi, jurnalisti, hüquqşünası Fədayə Laçını sevibmi, sevirmi, sevərmi? Nə vaxt onu sizin qanunlar, qaydalar, arzularınız çərçivəsində bir Allah bəndəsi sevdi, sevməyə layiq bildi, amma o, ürəyini bir avtoritetə verdi. Ümumiyyətlə, anlamırsınız, anlamaq istəmirsiniz ki, onun kimi sevib-sevməyəcəyi, kimə görə həyatını qurban verməyi, günaha batması, qanunsuz hərəkət etməsi onun öz ixtiyarındadır, necə yaşamağının məsuliyyəti onun özünə aiddir. Buna heç kim qarışa bilməz, buna görə onu heç kim ittiham edə bilməz! Onun yaşamaq üçün sevgiyə ehtiyacı var və o sevgini bir oğruda, quldurda tapıb. Ona görə həbs təhlükəsiylə üz-üzədir. Buna ancaq üzülmək olar, təəssüflənmək olar, başqa heç nə... Yox, Fədayə özü buna təəssüflənmirsə, onda bizə ancaq avtoritetə olan sevgisi qarşısında susmaq, sayğı göstərmək düşür.

 

Arzulamadığınız, qəbul etmədiyiniz, başa düşməkdə çətinlik çəkdiyiniz adamları, münasibətləri, həyat tərzlərini, sevgiləri sadəcə özünüzdən uzaq tuta, görməzdən gələ bilərsiniz. Bu da sizin haqqınızdır. Əslində, məsələ bu qədər sadədir. Hər kəsin öz həqiqəti və dəyərləri var. Heç kim, heç kimin həqiqətini qəbul etmək, ona boyun əymək məcburiyyətində deyil, amma o həqiqəti boğmaq, sorğulamaq ixtiyarında da deyil.

 

Mən qanunsuzluğu müdafiə etmirəm, hazırkı situasiyanı yaradan səbəblərdən və cəmiyyətimizin xəstəliyindən danışıram. O cəmiyyətdən ki, 25-28 yaşlı qadını ağsaçlı, məzlum, yazıq görmək istəyir, müğənninin sevgiyə layiq olmadığını düşünür. O cəmiyyətdən ki, onun fərdlərinin həyatı o qədər maraqsız və boşdur ki, bu boşluğu başqalarının həyatıyla, dedi-qoduyla doldurur. İstənilən vəziyyətdə qınamağa, təhqir etməyə hazırdır. Arzularınız isə bundan ibarətdir: kimsə əzilsin, söyülsün, möhtac duruma düşsün, sevgi dilənsin, pul dilənsin, siz seyr edib feyziyab olasınız. Bu, sadəcə sizin natamamlığınızın, yarımçıqlığınızın, bədbəxtliyinizin göstəricisidir, xəbəriniz olsun.  

 

Şəxsən mən indiki halında belə, Fədayə Laçını sizdən şanslı və xoşbəxt hesab edirəm. Ən azından, o, sevməyin nə olduğunu bilir, o, həmişə öz həyatından danışıb, özü də səmimi danışıb. Bəs siz?

 
Etiketler: Sevgisiz, cəmiyyətin, müğənnisi,
Yorumlar
Haber Yazılımı