Yazarın məqalələri
19 Sentyabr 2017 - Çərşənbə axşamı 23:59 882 nəfər oxuyub.
 
Sükutunu pozmayan adam- Fuad Poladov
Aygün Aslanlı
 
 

Pantomima teatrının yubileyi idi. Adətən, bir-birinin işinə açıq gözlə baxa bilməyən, umub-küsən, bir-birini itələyən sənət adamlarını bu balaca teatr birləşdirmişdi. Hamı bir az kövrəlmişdi, hamıda bir azca gənc pantomimçilərlə fəxr, teatra sevgi, nostalji var idi. Qısası, kiçik, kasıb zalda çox səmimi, qeyri-rəsmi atmosfer hökm sürürdü. Teatrın aktyorlarının hazırladıqları nömrələr qonaqların “bədahətən” təbrikləri ilə kəsilirdi. Namiq Ağayev yuxusunu danışır, onu Nazim Hikmətin şeiri ilə bitirir, Azərpaşa Nemət zarafatları ilə  aktyor dostlarını sancır, Nurəddin Mehdixanlı pafoslu çıxışın yeri varmı-yoxmu deyə götür-qoy eləyir, əlindəki hədiyyəni əlləşdirir, Fəxrəddin Manafov fəlsəfi görkəmini pozmadan susurdu... Proqramlaşdırılmasa da, öz axarı ilə gedən məclisin bir yerində xalq artisti, aktyor Fuad Poladov təbrik üçün ayağa qalxdı. Asta addımlarla keçib səhnənin yuxarı başındakı stulda oturdu, salonu soldan sağa gözbəgöz süzdü. Aşağı baxdı, sonra bir də salona göz atdı. Saniyələr keçir, zal səssizcə onu gözləyirdi. Az qala, bir dəqiqə keçəndən sonra Fuad Poladov dimdik zala baxıb dedi: “Bax, sükutu belə oynayarlar” və... alqışlar!..

 

 

...Fuad Poladov haqqında danışan hər kəsin ilk, ya da ən azı, ikinci cümləsi bu olur: “Pauza saxlamağın ustası, sükutu oynamağı bacaran aktyor”. Yalnız ürəyi dolu olanlar, sözün sehirli gücünü bilənlər susmağa üstünlük verirlər- sözləri qiymətdən salmamaq üçün. Məqamında demək üçün... Fuad Poladov sözü hiss eləyir, onu eşidir və qoruyur.

 

Yaşıdlarımın əksəriyyəti kimi mən də onu uşaqlıqdan tanıyıram. Uzaq zümrüd şəhərdə istirahət, bayram günlərimizin tək-tük əyləncələrindən biri də təkrar-təkrar yayımlanan televiziya tamaşalarını, filmləri izləmək idi. Bu günün insanı seriallara necə baxırsa, biz də onda həmin tamaşalara, filmlərə elə baxırdıq, sözlərini əzbərləyirdik, qəhrəmanlara aşiq olurduq. O vaxta qədər daha çox teatr  həvəskarları tərəfindən tanınan Fuad Poladov da Lütfi Məmmədbəyovun “Atayevlər ailəsi”, “Alov” televiziya tamaşalarından sonra kütlənin sevimlisinə çevrilən aktyorlardan biri idi. Baxmayaraq ki, hər iki tamaşada mənfi rol oynayırdı. Ancaq dövr səksənlərin əvvəli idi. Daha doğrusu, “Atayevlər ailəsi” 1979, “Alov” isə 1980-də efirlərə çıxmışdı. Kommunizmdə hər kəsi gözləyən ideal həyat, hüquq bərabərliyi, insana əməyinə görə qiymət vermək və sair və ilaxır tipli arzular artıq saxta pafoslu şüardan başqa bir şey deyildi. Və insanlar emin bəxtiyarovlara, şahsuvarovlara daha rəğbətlə yanaşırdılar. Çünki onlar hələ də “bizim sovet hökumətimiz, kommunist vicdanı” deyən müsbət qəhrəmanlardan daha maraqlı, daha gerçək idilər, onların dedikləri və elədikləri reallıqda baş verənlərə daha yaxın idi. Ona görə də Emin Bəxtiyarovun “Emmunuel Kantın transsendental fəlsəfəsinə görə”, Yaşar Nurinin “bu fani dünyada paççahdan-zaddan da olmadıq” cümlələri aforizmə çevrilmişdi. Ən çox da Emin Bəxtiyarov sevilirdi. Əgər milis işçisi Şahsuvarov ənənəvi, birxətli mənfi personaj idisə, Emin elə deyildi. İkisi də, demək olar ki, eyni xarakterli obraz olsa da, dərinlik baxımından fərqlənirdilər. Emin Bəxtiyarovun öz fəlsəfəsi vardı, əməllərini əsaslandırmağı bacarırdı. Fuad Poladovun ironik intonasiyası, jestləri, pauzaları, qırıq- qırıq gülüşü isə onu çoxqatlı eləyir, ziddiyyəti artırırdı. Şahsuvarovu da, Bəxtiyarovu da tamaşaçıya sevdirən sadəcə öz zəmanələrinin qəhrəmanı olmaqları deyildi, həm də xarizmaları idi. 

 

 

Uzun sözün qısası, mən Emin Bəxtiyarovdan, dolayısı ilə Fuad Poladovdan, o tip kişilərdən qorxurdum. Elə indi də qorxuram. Soyuq zəhm yağan baxışlar, sanki yuxarıdan aşağı baxan gözlər, qəflətən adamın gözünün içinə zillənəndə üzə qonan yumşaq təbəssüm, həmişə dik olan qamət... Bütün bunlarda bir iblisanəlik var. Eyni zamanda həm özündən itələyən, həm də özünə çəkən. Fuad müəllim məndə həmişə bu obrazla asossasiya olunub. Onu səhnədən kənarda, məsələn, Fəvvarələr meydanında gəzərkən müşahidə eləyəndə bu təəssüratım daha da möhkəmlənib. Odur ki, onun haqqında kitab hazırlamaq təklifi alanda həmin qorxu və cazibənin təsiri altında, yəni daha çox qadın marağıma yenik düşərək razılaşmışdım.

 

 

Teatr Xadimləri İttifaqında baş tutan tanışlıq mərasimində qarşımda özünü yaxşı tanıyan,  nə istədiyini bilən, adına və mövqeyinə hörmət eləyən, ətrafdakılardan da eyni münasibəti gözləyən bir kişi oturmuşdu. Üstəlik o həm də peşəkar aktyor idi. Üstəlik lap başdan “çox özəl mövzularda heç bir sual verilməyəcək” deyə şərt qoymuşdu. Vaxt az, söhbət isə sərhədli... 

 

Bəs onu qısa müddətdə necə tanıyacaqdım, nə yazacaqdım? Ümumiyyətlə, kimisə yaxından, məhrəminə qədər tanıya bilmək üçün neynəmək lazımdı? Ünsiyyətdə olmaq. Səbrlə müşahidə eləmək və məqamında görmək. Təəssüf ki, Fuad müəllimi belə daimi müşahidə imkanım yox idi. Birinci, onun zəhminə görə, ikinci mənim komplekslərim ucbatından. Ardıcıllığı dəyişmək də olar, nəticə dəyişməyəcək. Odur ki, ən yaxşı bacardığım iki şeyi eləmək qərarına gəldim- sual vermək (hərdən onun qoyduğu yasağı pozmaq bahasına da olsa) və dinləmək.      

 

Son görüşümüzdə kitabı necə bitirəcəyimi bilmədiyimi, finalı tapmadığımı dedim. Heç düşünmədən cavab verdi: “yazın ki, Fuad Poladov heç vaxt nöqtə qoymur”.

 

Nöqtə qoymurmu?  Başdan-ayağa üç nöqtə olan biri nöqtə qoymaz ki... Ancaq o üçnöqtələrin arxasında, öz sözü ilə desəm, skafandrın altında mərd, özünə, sözünə sadiq, ən əsası isə peşəsinə aşiq, mükəməlliyə can atan bir kişi gördüm.  Bir də qəhrəmanlarımızın qum qalalar kimi bir nəfəsdən toza çevrildiyi zamanda duruşu, don kixotluq kimi dəyərləndirilən əməlləri ilə bir az da sonuncu mogikanı. Zatən kitabı da elə buna görə çap eləmədilər. Əksər sənət adamları başlarını straus kimi qumda gizlədəndə Fuad Poladov şəxsiyyət olduğunu göstərmişdi, vicdanının səsini dinləmişdi deyə... Fuad müəllim onda buna bircə cümlə ilə münasibət bildirmişdi: Daha o kitabın çap olunmağını istəmirəm! Və o məşhur sükut...

 


 

Çünki Nizaməddin Şəmsizadənin sözləri ilə desək, bir inad... İnad və inam onu seçdiyi yoldan sapmağa qoymur. Nəyə inandığını isə təkcə özü bilir.

 

Onun aktyorluğu peşə seçməyi çoxlarını təəccübləndirir. V.Reznikovanın yazdığı kimi "Fuadda bu sənətdəki kişilərə xas olan ədəbazlıq, xəstəliyi xatırladan diqqət mərkəzində olmaq arzusu, öz personasına qıcıq yaradan aludəçilik yoxdu. Ümumiyyətlə, o, heç kimə ehtiyacı olmayan adam təsiri bağışlayır: ətraf aləmdən azacıq uzaq duran, təmkinli. Sanki daima çox vacib bir şey haqqında düşünür. Bir sözlə, bütün diqqətini daxili "mən"ində gedən proseslərə cəmləmiş introvert". 

 

Elə insanlar var ki, missiyaları özlərindən qabaq doğulur, dünyaya həqiqəti bilərək - o həqiqət hər nədisə - və onu ötürmək üçün gəlirlər. Bəlkə Fuad Poladov da onlardan biridi? Böyüdüyü mühit, xasiyyəti - heç nə sənəti nişan vermir. Amma elə bil, hansısa qüvvə onu yönləndirib, daş-kəsəkli çığırlardan, əngəllərdən keçirərək sonsuz ana yola çıxardıb.  O da yolu əlinə alıb gedir. 

 

Dzen fəlsəfəsinə görə dünyanın əbədi dəyişkənliyi ilə tamamlıq, bitmişlik ideyası bir araya sığmır. Buna görə incəsənət də bitmiş fikirdən qaçmalıdı. Mükəmməlləşmək  mükəmməl olmaqdan daha gözəldi. Tam kamilliyə yalnız bir anlıq çatmaq mümkündü, o an da sonra dəyişkənliyin axınında əriyir.  Kamilləşmə prosesində zirvə, rahatlıq nöqtəsi ola bilməz və yoxdu.  


Nöqtə yoxdu

 

Olmamalıdı! Günü-gündən dəyər rəfləri gözümüz görə-görə bir-bir boşalan cəmiyyətimizdə bizə işıq olan, ümid olan, istinadgah olan, güc olan dəyərlərimizi qorumalıyıq! Fuad Poladov  həmin dəyərlərdən biridi!   

 

 
Etiketler: Sükutunu, pozmayan, adam-, Fuad, Poladov, ,
Yorumlar
Yazarın Arxivi
10 Sentyabr 2017 - Bazar - 16:20 | Gələcəkdən xəbər verən cizgi filmlərimiz
31 Avqust 2017 - Cümə axşamı - 14:51 | Sual verməyi öyrənməliyik, arkadaşlar!
07 Avqust 2017 - Bazar ertəsi - 23:07 | “Nar bağı”: heç kim günahkar deyil
02 İyul 2017 - Bazar - 21:37 | “Üçüncü günün adamı”: Onun kinoya nə dəxli var?
10 Aprel 2017 - Bazar ertəsi - 09:31 | Niyə belə rahat əl açırsınız?
07 Oktyabr 2016 - Cümə - 12:00 | Zurab Tsereteli, sovet fenomeni və ingilis bayrağı…
20 Aprel 2016 - Çərşənbə - 12:01 | Bağlı qalan "Qırmızı bağ"
09 Mart 2016 - Çərşənbə - 12:01 | Hərənin öz dilində danışdığı "İçərişəhər"
28 Dekabr 2015 - Bazar ertəsi - 12:02 | İdrak, yoxsa kor-koranə inam?
26 Oktyabr 2015 - Bazar ertəsi - 12:03 | “Qatil”ə kim pul verib?
05 Oktyabr 2015 - Bazar ertəsi - 09:30 | Kinomuzun qadınları: Almazdan Ümbülnisəyə
10 Avqust 2015 - Bazar ertəsi - 12:04 | Feilin vacib şəkli
26 İyul 2015 - Bazar - 12:05 | Hər şey necə olmalıdısa, elədi
05 May 2015 - Çərşənbə axşamı - 12:05 | Kinosu olmayan ölkənin kinoşünasları
31 Mart 2015 - Çərşənbə axşamı - 12:06 | Zaurla Elgizin sehrli çubuğu
06 Mart 2015 - Cümə - 12:07 | Bakı sübhdən günbatanadək
09 Fevral 2015 - Bazar ertəsi - 12:07 | Həqq bizik və ya bəşər kimdi?
28 Dekabr 2014 - Bazar - 12:08 | Siz də axınla getmək istəyənlərdənsinizmi?
05 Dekabr 2014 - Cümə - 12:08 | “My name is İntiqam”
06 Oktyabr 2014 - Bazar ertəsi - 12:09 | Balaca adam kompleksi
10 Sentyabr 2014 - Çərşənbə - 12:09 | Festivallar olsunmu, olmasınmı?
25 Avqust 2014 - Bazar ertəsi - 12:10 | Etməlidi, olmalıdı!
Haber Yazılımı