Yazarın məqalələri
11 Sentyabr 2017 - Bazar ertəsi 00:04 1238 nəfər oxuyub.
 
Təhlükəyə çevrilən psixoloqlar
Harun Ələkbərov
 
 

Sosial şəbəkələrin mövcudluğu, bizi ehtiyacımız olan sahə mütəxəssislərinə yönəltməklə yanaşı, bizim üçün ciddi bir təhlükə mənbəyinə dönüşüb. Sosial şəbəkələrin zərərindən deyil, onunla zərər verməyə çalışan insanlardan danışacam...

 

Son vaxtlar saxta psixoloq səhifələri açıb, insanlara pulsuz xidmət təklif edən, kimliyi bilinməyən profil sahiblərindən şikayətlər gəlməyə başlayıb. Onları daha öncə etdikləri söhbətlərlə şantaj etməyə çalışan həmin profil sahibləri hətta müxtəlif intim münasibət təklifləri ilə pasientləri qorxudurlar. Bununla da bitmir, adamları söyüb təhdid edirlər. Bu və buna bənzər hadisələr son vaxtlar artmaqdadır və insanlar istəməyərək bu təhlükənin qurbanı olurlar. Bəs neyləməli?

 

Mən bilməli olduğunuz bir neçə qaydanı xatırladacam. Hər şeydən əvvəl, tanımadığınız, fəaliyyəti, şəkli, təhsili, cinsi və sairə məlumatları dəqiq olmayan insanları sosial şəbəkələrdə dostluğunuza qəbul etməyin. Profillərini nəzərdən keçirərək onların necə biri olduğunu təxmin etməyə çalışın. Sizinlə söhbət etməyə çalışan şəxs, özünü psixoloq kimi təqdim edərsə, mütləq diplom və iş yeri haqda dəqiq məlumatı tələb edin. Heç bir yerdə çalışmayan biri, təbii ki, psixoloq kimi fəaliyyət göstərmir. Həmin şəxs sizinlə tez bir zamanda ailə, xüsusən intim mövzular haqda danışmağa çalışarsa, onunla söhbəti dərhal dayandırın. Şəxsi həyat, ailə, övlad, iş və sairə kimi problemlərinizi heç bir zaman virtual olaraq, tanımadığınız insanlarla bölüşməyin.

 

Unutmayın ki, ixtisaslı psixoloq sizinlə yalnız bir neçə sual ətrafinda söhbət aparar və daha sonra sizi işlədiyi yerə dəvət edə bilər. Bu zaman da həmin klinika və ya psixoloji mərkəz haqqında ətraflı məlumat əldə edin. Yalnız bundan sonra onunla görüşmək haqda qərar verin. Psixoloq məsləhət verməz. Müəyyən "psixoloji məsləhət", "pulsuz psixoloji kömək" və sairə kimi başlıq adı altında özünü psixoloq kimi qələmə verənlərə aldanmayın. Bu gün sosial şəbəkələrdə istər psixoloq, istər həkim, istərsə də müəllim və ya hüquqşünas gördüyü iş və fəaliyyəti haqda mütəmadi olaraq ətraflı bilgi paylaşır. İşlədiyi müəssisənin keçirdiyi təlimlər, dərslər haqda sosial şəbəkədəi hesablarına foto və videolar yerləşdirir. Bu, onların özləri və fəaliyyətləri ilə tanış olmağa böyük imkan yaradır. Bu göstəricilərə önəm verin. Kimliyini gizli saxlamağa çalışan insanların mütləq bir saxtakarlıq daşıdığına əmin olun...

 
Etiketler: Təhlükəyə, çevrilən, psixoloqlar,
Yorumlar
Haber Yazılımı